Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Aprel 2022 20:33
"İndi əsas suallardan biri budur ki, Ukrayna meydanındakı uğursuzluq Rusiyanın geosiyasi planlarına necə təsir edəcək və ümumiyyətlə təsir edəcəkmi? Artıq bir çox Rusiya rəsmiləri də etiraf edirlər ki, Putinin Ukrayna ilə bağlı avantürist planı baş tutmadı. Amma məsələ planın baş tutmaması ilə də bitmir".
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bunu politoloq Ərəstun Oruclu deyib.
Ekspertin sözlərinə görə, Ukraynada Rusiya özünün ən mühüm geosiyasi alətindən məhrum olub və ya edilib:
"Belə ki, bütün digər parametrlər üzrə rəqiblərindən xeyli geridə olan Moskvanın arsenalındakı yeganə amil ordusu idi ki, onun da mifi Ukraynada dağıdıldı. Bu isə Rusiyanı öz planlarına korrektələr etmək məcburiyyəti qarşısında qoyur. Məsələn, indi Moskvanın Avropa ilə bağlı geosiyasi iddiaları keçərli olmayacaq, Yaxın Şərqdə isə Rusiya Ukrayna müharibəsinə qədər olduğu dərəcədə ciddi qəbul edilməyəcək. Bundan sonra Rusiyanın əsas ümidi postsovet məkanda möhkəmlənməyədir ki, növbəti mərhələdə bundan meydança - platsdarm kimi istifadə etsin. Amma onun postsovet ölkələri ilə də münasibətləri birmənalı və hamar deyil. Qazaxıstan hadisələrinin ardınca Moskvanın açıq təhdidlərinə məruz qalan əsas postsovet ölkələri Ukrayna, Özbəkistan və Azərbaycandır.
Ukrayna ilə bağlı vəziyyət aydındır, bəs qalan iki ölkə Moskvanın siyasətinin hansı koordinatlarındadır?
Burada maraqlı bir qanunauyğunluq görəcəyik, amma bu haqda bir qədər sonra. Hələlik isə bu üçlüyü şərti olaraq "Avrasiya üçbucağı" adlandıraq. Moskvanın xarici siyasətində və geosiyasi planlarında bu "üçbucağın" əhəmiyyətini istəsək belə kiçiltmək mümkünsüzdür. Rusiyanın davranışından görünən də budur".
Ərəstun Oruclu qeyd edib ki, Rusiyanın Mərkəzi Asiyaya müdaxiləsi Qazaxıstandan başladı və əməliyyat qısa müddətdə uğurla nəticələndi:
"Nəticədə "Nazarbayev klanı" bunadək nominal fiqur olan Prezident Tokayevin komandası ilə əvəzlənməyə başladı. Qazaxıstan rəhbərliyi təhsilin Rusiyaya yönələcəyini, ölkənin isə "rubl məkanı"na keçə biləcəyini bəyan etdi. İstisna deyil ki, Moskvanı Ukraynaya müdaxiləyə ruhlandıran səbəblərdən biri də elə bu oldu. Amma əvvəlcə Rusiya Özbəkistana təhdidlər ünvanladı ki, bunun da sərt cavabını yerindəcə aldı. Həmin mərhələdə Rusiyanın təcavüzkar planlarında ön sırada elə həmin "üçbucaq" dayanırdı.
Niyə məhz həmin "üçbucaq" Rusiya üçün bu qədər əhəmiyyətlidir?
İzahlar müxtəlif ola bilər, amma ümumi bir qanunauyğunluq var ki, "üçbucaq" ölkələrinin hər biri yerləşdiyi regionda əsas gücə malik olan subyektdir: Ukrayna postsovet məkanın Avropa hissəsində, Azərbaycan Cənubi Qafqazda, Özbəkistan Mərkəzi Asiyada.
Məntiqlə də bu üç ölkəni öz təsir dairəsinə qaytarmaqla Moskva bütün postsovet məkana nəzarəti bərpa etmiş olardı. Amma Ukraynadakı uğursuzluq Rusiyanın bu istiqamətlərdə qurmuş olduğu planlarını dəyişməyə və indiki mərhələdə yeni addımlar atmağa sövq edə bilər.
Belə addımlardan biri ikinci cəbhə açmaq, ikincisi isə planlarından geri çəkilməkdir. İkinci addım Moskva üçün məqbul sayıla bilməz, çünki bu halda Rusiya bütün dünya qarşısında öz zəifliyini etiraf etmiş olardı və bunun da bədəli yeni dünya düzəninin formalaşmasından kənarda qalmaq deməkdir.
Birinci addım isə ondan da risklidir, çünki növbəti hərbi məğlubiyyət Rusiyanın özünün mövcudluğunu sual altına qoya bilər. Odur ki, yaranmış yeni reallıqda Moskva "pis" və "çox pis" arasında seçim etməyə məcbur olacaq. Həm də ona görə ki, "Avrasiya üçbucağı"nın hər 3 ölkəsində Rusiya eyni rəqiblə - Ankara ilə üzləşib".
Ərəstun Oruclu bildirib ki, Moskvaya münasibətdə loyallığını saxlamaqla yanaşı, Ankara Ukaraynaya da hərbi yardımını əsirgəmədi, Azərbaycanla Türkiyə hərbi müttəfiqdir, Özbəkistanla isə martın sonunda imzalanan müqavilə iki ölkə arasında faktiki hərbi müttəfiqliyin rəsmiləşdirilməsidir:
"Başqa sözlə, hər "üçbucaq"da Moskvanın qarşısına Ankara çıxır.
Bu şəraitdə bir tərəfdən Ukraynada məğlubiyyət yaşayan, digər tərəfdən isə ağır sanksiyalara məruz qalan Rusiya hər üç nöqtədə Ankaraya güzəştə getməyə məcbur ola bilər, eyni zamanda da onunla münasibətlərini indiki səviyyədə saxlamağa çalışacaq. Belə formatda ikitərəfli Moskva-Ankara münasibətləri gələcəyə hesablanmış strategiya kimi də dəyərləndirilə bilər.
Rusiyada yaxşı anlayırlar ki, sadalanan bölgələrdə Vaşinqtondan, Londondansa Ankara ilə anlaşmaq daha məqbuldur, Türkiyə üçün isə bu, regional gücə çevrilmək üçün yeni imkanlar deməkdir. Bu, qısamüddətli dövrdə belədir, amma uzunmüddətli baxdıqda tərəflərin hər biri gələcəkdə digərini sıxışdırıb çıxarmağı hədəfləyir. Amma əsas görünən budur ki, tərəflər "Avrasiya üçbucağı"nda açıq qarşıdurmaya getməkdə maraqlı deyillər. Məhz buna görə də Moskva Kiyevə açıq hərbi-siyası dəstək verən Ankaraya digər NATO və Avropa Birliyi üzvlərinə olduğundan daha loyal münasibət sərgiləməkdə davam edir. Çünki reallıq da bunu tələb edir".