Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2022 19:20
Səhiyyə Nazirliyi tərəfindən 2018-ci ildə qəbul edilmiş qərara əsasən reseptlərdə dərmanın adı deyil, təsiredici maddələri qeyd edilməlidir. Həm sakinlər, həm də əczaçılar arasında apardığımız sorğu onu göstərdi ki, bu qaydaya əməl edilmir. Həkimlər resept blanklarından dərman vasitələrinin ticari adını qeyd edirlər. Bəs sözügedən qaydanın icrasına nəzarət edilirmi ? Ümumiyyətlə, bunun qarşısını almaq üçün hansı tədbirlər görülməlidir ?
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin 11 yanvar 2018-ci il tarixli 1 nömrəli kollegiya qərarına əsasən reseptlərdə dərman vasitəsinin ticari adı deyil, təsiredici maddəsinin adı qeyd edilməlidir. Vətəndaşlar deyirlər ki, bu qaydaya əməl edilmir
Əczaçılar da bu tendensiyanı təsdiqləyirlər. Onların sözlərinə görə gün ərzində sakinlərdən qəbul etdikləri resept blanklarının mütləq əksəriyyətində dərmanların yalnız ticari adı yazılır.
Əczaçılar deyirlər ki, reseptdə qeyd edilən dərman olmadıqda, eyni tərkibli digər vasitəni təklif etsələr də, bununla nə həkimlər, nə də pasientlər razılaşırlar.
Məsələni şərh edən TƏBİB-in şöbə müdiri Elmin Quliyevin sözlərinə görə dərmanların ticari adlarının qeyd olunmaması ilə bağlı tələb olsa da, istisnalar da mövcuddur.
Elmin Quliyev qeyd edib ki, problemin həlli üçün resept blankları elektron formada tərtib edilməlidir. Bildirib ki, TƏBİB-in tabeliyində olan tibb müəssisələrində elektron reseptlər təqdim edilsə də, bu mexanizm təkmil deyil.
O, əlavə edib ki, sözügedən qaydanın icrasına nəzarət Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. Səhiyyə nazirliyinin Analitik Ekspertiza Mərkəzinin şöbə müdiri Esmira Əkbərovanın sözlərinə görə bu kimi neqativ halların qarşısını almaq üçün mütəmadi olaraq yoxlamalar aparılır.
''Əgər vətəndaşların bununla bağlı hər hansı bir şikayətləri olarsa, qurumun qaynar xəttinə müraciət edə bilərlər. Belə hallara yol verən həkimlər barəsində protokol tərtib ediləcək və lazımi tədbirlər görüləcək''-deyə o vurğulayıb.