Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ucqar dağ kəndinin gənc müəllimi: ''Doğma evindən yüzlərlə kilometr uzaqda...'' - REPORTAJ - VİDEO - FOTO

Ucqar dağ kəndinin gənc müəllimi: ''Doğma evindən yüzlərlə kilometr uzaqda...'' - REPORTAJ - VİDEO - FOTO

Tarix: 25 Aprel 2022 22:52

Gənc müəllim Kəmalə Quliyeva üç ildir Qubanın ucqar kəndlərində şagirdlərə ingilis dili fənnini tədris edir. Fədakar pedaqoq ucqar Xaltan və Kürkün kəndlərində yaşayan məktəblilərin sevimli müəllimlərindəndir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Kəmalə Quliyeva 1996-cı ildə doğulub. Orta təhsilini Ağdam rayonu 135 saylı köçkün tam orta məktəbində alıb. 2014-cü ildə orta məktəbi müvəffəqiyyətlə başa vuraraq Azərbaycan Dillər Universitetinə qəbul olub və ingilis dili müəllimliyi ixtisası üzrə təhsil alıb.

2019-cu ildə universiteti bitirərək müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edib. Müsabiqədə uğur qazanan Kəmalə Quliyeva Quba rayonun ucqar Xaltan kəndində ilk müəllimlik fəaliyyətinə başlayıb. Bir il sonra yerdəyişmə edərək Yusif Əliyev adına Kürkün kənd ümumi orta məktəbinə gəlib və burada da şagirdlərin sevimli müəlliminə çevrilib.

"Hazırda işlədiyim məktəb doğma Ağdam rayonundan 550 kilometr uzaqlıqda yerləşir. Lakin bu məsafə müəllimliyə olan sevgimi azaltmır və bura gəlib mənə ehtiyacı olan uşaqlara dərs keçməyimə əngəl törətmir. Burada iki ildir dərs deyirəm. Mən şagirdlərə, onlar da mənə alışıb. Hər birini çox istəyirəm. Onlara hər gün yeni biliklər verməyə çalışıram. Müəllim peşəsi inam və fədakarlıq tələb edir. Fikrimcə doğma evindən yüzlərlə kilometr uzaqda işləmək fədakarların işidir", - deyə Kəmalə Quliyeva söyləyib.

Gənc müəllim Kürkün kəndində kirayələdiyi evdə yaşayır. Həftədə 4 gün məktəbdə olur. Digər günlərdə isə valideynlərlə görüşüb metodik iş aparır. Ehtiyac yarandıqda isə şagirdlərə əlavə dərslər keçir.

"Asudə vaxtım demək olar ki, yoxdur. Boş vaxtlarımı da şagirdlərimə həsr edirəm. Bu, onları daha yaxşı oxumağa sövq edir. Əvvəllər bu məktəbdə daimi dərs keçən ingilis dili müəllimi olmayıb. Bu da şagirdlərin bilik səviyyəsinə mənfi təsir edib. Amma indi şagirdlərin 95 faizi səy göstərir və ingilis dilini öyrənməyə həvəslidirlər", - deyə gənc müəllim bildirib.

Kürkün kəndi dəniz səviyyəsindən 1000 metr yüksəklikdə, rayon mərkəzindən 23 kilometr uzaqlıda yerləşir.

Məktəbdə 13 müəllim 40-a yaxın şagirdə elmin sirlərini öyrədir. Onlardan 6 nəfəri digər bölgələrdən olan pedaqoqlardır.


Etiketlər:  Ucqar dağ kəndinin gənc müəllimi Doğma evindən yüzlərlə kilometr uzaqda REPORTAJ VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ