Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Aprel 2022 13:20
Gəncə sakini 12 yaşlı xəstə oğluna təyin olunmuş pensiyanın dayandırılmasından şikayətçidir. Ana Gülzar İmani deyir ki, sağlamlıq vəziyyəti ilə bağlı özü də işləyə bilmir və ailənin təminatında uşağın pensiyası mühüm rol oynayırdı. Pensiyanı bərpa etmək cəhdləri isə nəticə vermir.
3 il əvvəl Gəncədə yaşayan Gülzar İmaninin əqli geriliyi olan övladına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 150 manat pensiya kəsilib. Eləcə də bu müddətdən xəstəyə baxdığı üçün ana əlavə olaraq 50 manat müavinət almağa başlayıb. Daha sonra həmin məbləğ 200 manatdan 280 manatadək artırılıb.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, ancaq 2022-ci ilin fevralında 3 il müddət tamam olduğu üçün aparılan təkrar yoxlama zamanı pensiya dayandırılıb.
Ana pensiyanın bərpası üçün qeydiyyat üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Goranboy şöbəsinə müraciət etsə də məsələ həllini tapmayıb. Ona, uşağın adının reyestrdə olmaması izahı ilə imtina edilib. Baxmayaraq ki, xəstəliklə bağlı bütün müvafiq sənədləri var və dəfələrlə aidiyyatı üzrə ixtisaslaşmış tibb müəssisələrində stasionarda müalicə alıb.
Məsələyə münasibət bildirən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat katibi Gülnar Əzizova qeyd edib ki, Əsgərov Yusif Asif oğluna dair Goranboy Rayon Mərkəzi Xəstəxanası tərəfindən elektron sistemə göndəriş daxil edilib. Səhiyyə müəssisəsi tərəfindən həmin göndərişdə Yusif Əsgərovun əsas diaqnozu orta dərəcəli əqli gerilik qeyd edilsə də, diaqnozu təsdiq edən yeganə müayinə olan İQ indeksi göstərilməyib. Bu səbəbdən uşağa dair göndəriş Goranboy Rayon Mərkəzi Xəstəxanasına geri göndərilib. Bununla belə, Yusif Əsgərov Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin yerli tibbi-sosial ekspert komissiyası tərəfindən əyani müayinə ediləcək, əyani müyinənin nəticəsinə əsasən uşağın sağlamlıq imkanları məhdudluq təyinatı ilə bağlı müvafiq qərar veriləcək.