Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Aprel 2022 14:51
Prezident İlham Əliyevin şəxsi liderliyi sayəsində COVID-19 pandemiyasına qarşı beynəlxalq həmrəylik təbliğ edilib
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Henri Klugen aprelin 26-da Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.
Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru kimi Azərbaycana ilk dəfə gəldiyini vurğulayan Hans Henri Kluge səfərinin Azərbaycanla BMT arasında tərəfdaşlığın 30 illiyinin qeyd olunduğu bir dövrə təsadüf etməsi baxımından önəmini vurğuladı. Hans Henri Kluge dedi: "Mən Sizin beynəlxalq diplomatiyada qlobal liderliyinizi yüksək qiymətləndirir və bu münasibətlə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizin davamlı inkişaf istiqamətində çox mühüm fəaliyyətiniz olduqca önəmlidir. Çünki məhz Sizin şəxsi liderliyiniz sayəsində COVID-19 pandemiyasına qarşı beynəlxalq həmrəylik təbliğ edilib və bu məsələ BMT-dən sonra dünyanın ən böyük beynəlxalq təşkilatının - Qoşulmama Hərəkatının gündəliyinin əsas məsələsi olub".
Qonaq Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyinin bir il uzadılmasını dövlətimizin başçısına olan etimadın göstəricisi kimi dəyərləndirdi və bu münasibətlə də təbriklərini çatdırdı.
Hans Henri Kluge Azərbaycanla əməkdaşlığın çox uğurlu olduğunu vurğuladı və rəhbərlik etdiyi təşkilatın bu əməkdaşlığın bundan sonra da davam etdirilməsi istiqamətində səylər göstərəcəyini bildirdi. O, Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupunun 2020-ci ilin mayında koronavirusla mübarizəyə həsr olunmuş onlayn Zirvə görüşünə toxunaraq, məhz Azərbaycan Prezidentinin rəhbərliyi sayəsində həmin Sammit zamanı ÜST-ün rolunun yüksək qiymətləndirildiyini dedi, eyni zamanda, humanitar və tibbi ehtiyaclar üzrə informasiya bazasının yaradılmasına və ÜST vasitəsilə Qoşulmama Hərəkatının COVID-dən ən çox əziyyət çəkmiş 10 ölkəsinə Azərbaycanın 10 milyon dollar məbləğində vəsait yönəltdiyinə görə minnətdarlığını bildirdi.
Qonaq dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə BMT Baş Assambleyasının COVID-19-la mübarizəyə həsr edilən Xüsusi Sessiyasını, Prezident İlham Əliyevin BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində, həmçinin BMT Baş Assambleyasında vaksinlərin ədalətli, bərabər bölgüsünə dair qətnamənin təşəbbüskarı olduğunu, Azərbaycanın Türk Şurası çərçivəsində Zirvə toplantısının gündəliyinə də COVID-ə qarşı mübarizə məsələsini daxil etdiyini vurğuladı.
Hans Henri Kluge Azərbaycanın COVID-19-a qarşı milli səviyyədə həyata keçirdiyi tədbirlərin də çox təqdirəlayiq olduğunu bildirdi, Azərbaycanda COVID-lə bağlı vəziyyətin daim nəzarətdə saxlanıldığını, dövlətimiz tərəfindən zəruri və ardıcıl tədbirlər görüldüyünü qeyd etdi. O, həmçinin Azərbaycanın həyata keçirdiyi vaksinasiya siyasətinin də çox uğurlu olduğunu bildirdi.