Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Aprel 2022 17:00
Azərbaycanda hər kəs öz dini etiqadını seçməkdə azaddır.
Sonxeber.net xəbər verir ki, bunu TurkicWorld-a açıqlamsında, Muslimans en France jurnalının baş redaktoru Jan Mişel Brən bildirib.
"Azərbaycan sözün əsl mənasında dünyəvi ölkədir. Burada müxtəlif dinlərin nümayəndələri nəinki birlikdə yaşayır, həm də sülh və xoşbəxtlik üçün birlikdə çalışırlar. Müxtəlif dini dəyərlərə sahib insanlar bir-biri ilə vuruşmur, bir-birinə düşmən deyil, əksinə bir-biri ilə birləşirlər " deyə o, qeyd edib.
Baş redaktor hesab edir ki, Şərqdə və ya Qərbdə dünyaya göz açan müsəlmanlar arasında heç bir fərq yoxdur.
"Müsəlman icması təbiətcə çoxşaxəli və rəngarəngdir, Şərq İslamı və Qərb İslamı deyə bir şey yoxdur"- deyə o, bildirib.
Brənnin fikrincə, yaxın Şərqdən və ya Asiyadan olan insanların digərlərinə nisbətən Avropa cəmiyyətinə inteqrasiya olunmaqda daha çox çətinlik çəkməsi üçün heç bir səbəb yoxdur.
Ekspert onu da bildirib ki, Şərqdən və ya Asiyadan olan insanların həyat tərzi ilə Fransadakı insanların həyat tərzi arasında fərq olarsa, bunun səbəbi, İslamdan daha çox adətlərlə bağlı ola bilər.
"Bəs Avropa həyat tərzi nə deməkdir? Bizim adət-ənənələrimiz katoliklikdən, yəhudilikdən, islamdan, romalılardan, vikinq xalqlarından, Afrikadan götürülüb. Avropanın həyat tərzi hər gün dəyişir və bəzi ifrat sağçı fanatiklərin istədiyi kimi sabit bir şəkildə müəyyən edilə bilməz" - deyə o əlavə edib.
Fransa xalqının kədərli bir ənənəsinin - günah keçisi anlayışının - olduğunu bildirən Brən vurğulayıb ki, 1930-1940-cı illərdə Almaniyada olduğu kimi, Fransa cəmiyyəti böhran içində olanda, populist qüvvələr xalqın birləşəcəyinə ümid etdikləri ümumi düşmənə işarə ediblər və bu düşmən əvvəl protestantlar, sonra yəhudilər, indi də müsəlmanlardır.
"Bizim keçmişdə qaldığını düşündüyümüz, ancaq hələ də Fransada müsəlmanlar ayrı-seçkiliyin qurbanı olurlar. Müsəlman məktəbləri və məscidlər bağlanılıb, məscid imamlarına moizə qadağan edilib, hətta Fransa hökuməti qadınların hicab taxmasını qadağan etmək istəyir, baxmayaraq ki, Fransada bu çox qədim bir ənənədir. İslamofobiya, əlbəttə ki, həm terror hücumlarının travması ilə, həm də müstəmləkə dövrünə həsrət qalanların qisas ruhu ilə izah olunur" - deyə ekspert bildirib.
Brən xüsusilə bildirib ki, islamafobiya xarici siyasətə də təsir edir, bəzi siyasətçilər ərazi mübahisələrini dinlərarası toqquşma kimi şərh etməyə çalışırlar ki, bu da tamamilə absurddur.
İslam dini ilə Qərbin həyat tərzi arasında heç bir uyğunsuzluq olmadığını bir daha vurğulayan ekspert Fransanı istisna edərək ABŞ, Böyük Britaniya, Kanada kimi ölkələrdə din ilə bağlı problemlərin artıq yaranmadığını qeyd edib.
"Təbii ki, hər yerdə olduğu kimi müsəlmanlar arasında da dinin fundamentalist və xurafat variantını müdafiə edən qruplar var və bu, həqiqətən də ciddi problemlər yarada bilər. Amma əslində bu qrupların dinlə əlaqəsi yoxdur, daha çox siyasi xarakter daşıyır. Dövrümüzün ən böyük faciəsi odur ki, insanlar dəyərlərini itirirlər. Vətəndaşları itaətkar istehlakçılara çevirmək üçün mənəviyyatdan uzaqlaşdırırlar. Dəyərlərin itirilməsi zorakılıq və başqalarına qarşı qorxu yaradır.
André Malrauxun dediyi kimi, "21-ci əsr ya mənəvi olacaq, ya da olmayacaq". Bəziləri dini birlik faktoru olduğu halda, hələ də onu parçalanma faktoru etmək üçün alətə çevirməyə çalışırlar".- deyə o vurğulayıb.