Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2022 10:09
Ermənistan hələ də özü üçün dəqiqləşdirə bilməyib ki, sülh istəyir, yoxsa müharibə. Doğrudur, yerli rəsmilər, hətta müxalifət daha çox sülhdən danışırlar, ritorikaları da guya barışıq və əməkdaşlıqdan yanadır, lakin əməl və fəaliyyətləri müstəsna olaraq müharibəyə işləyir, nəinki qonşu Azərbaycan və Türkiyə ilə sülh və anlaşma içində yaşamaq məramına.
Sonxeber.net yeni müsavat-a istinadən xəbər verir ki, ən absurdu odur ki, nə normal inkişaf üçün, nə də müharibə aparmaq üçün heç bir maddi-demoqrafik, iqtisadi-hərbi resursu qalmayan bu cırtdan və "izqoy" ölkə hələ də "havaya yumruq atır", özünü qlobal güc mərkəzləri üçün vazkeçilməz məkan qismində təqdim eləməyə çalışır. O ümidlə ki, bu yolla Azərbaycan və Türkiyəyə qarşı ənənəvi əsassız iddialarını irəli apara, onlara təzə "nəfəs" verə biləcək.Zaman isə gedir. Azərbaycan tərəfi bir neçə dəfə bəyan edib ki, sülh təklifi həmişəlik masa üzərində qalmayacaq. Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın vaxtilə Qarabağ konflikti ilə bağlı söylədiyi kimi, "indi İrəvana təklif olunanlar üçün sabah o yalvara bilər". Çünki kapitulyant ölkənin xüsusən də 44 günlük müharibədən sonra Azərbaycan və Türkiyənin dəstəyi olmadan ayağa qalxmaq şansı sıfırdan da aşağıdır.
*****
Di gəl, Ermənistanın rəhbərliyi, xüsusən də onun radikal-revanşist müxalifəti "çəhrayi eynəkləri" gözlərindən çıxarıb reallığı görmək istəmir. Bir tərəfdən, vəziyyətdən çıxmaq üçün güclü dövlət quruculuğundan dəm vururlar, o biri tərəfdən isə Azərbaycan və Türkiyə ilə barışmazlığı təbliğ eləməklə, Türkə nifrəti körükləməklə özləri-özlərini təkzib edirlər, gülünc duruma düşürlər. Çünki bunlar bir-birinə zidd məsələlərdir. Biri varsa, digəri ola bilməz.
Təəssüf ki, guya daha mötədil mövqeli Nikol Paşinyan da öz xalqı üçün tarixi məqamı tuta bilmir. Şansları bir-bir buraxır. Prinsipial qərarlar vermək əvəzinə, hamını bezdirmiş "iki stul" siyasətini davam etdirir, ölkəmizə qarşı ərazi iddiasını bir qədər fərqli terminlərlə də olsa, hiyləgərcəsinə dilə gətirir.
Erməni baş nazir habelə gah rəsmi Bakı ilə anlaşmanın zəruriliyindən danışır, gah da verdiyi absurd bəyanatlarla özü-özünü danır, təkzib edir, bağlı qapılar arxasında isə Qərb və Rusiya ilə "ikili oyun" oynayır, faktiki heç bir geosiyasi dəyəri qalmayan Ermənistanı yenə bazarlığa çıxarmağa səy göstərir və "bəlkə də qaytardılar" ümidi ilə yaşayır. Bu xüsusda Qərbə ara-sıra müvafiq siqnallar göndərməyi də unutmur.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun fikrincə, Azərbaycan rəhbərliyi İrəvanın bütün bu hoqqalarını yaxşı görür və iki əsas istiqamət üzrə hərəkət edir: "Birinci istiqamət ondan ibarətdir ki, Azərbaycan vaxtaşırı ermənilər üçün dinc yanaşı yaşamanın cəlbediciliyini vurğulayan bəyanatlar verir. Üstəlik, bu, həm də Ankara xətti ilə birgə həyata keçirilir. İkinci yol budur ki, bütün kanallar vasitəsilə təcavüzkara güclü təsir göstərir. Yəni dünya qədər qədim olan "qamçı və kökə" siyasəti" aparır".
Eks-nazirə görə, bu ona gətirib çıxarmalıdır ki, ermənilər və onların siyasətçiləri gec-tez istənilən revanşist cəhdin mənasızlığını dərk etsinlər. "Üstəlik, belə bir istək Ermənistanın "elitaları" üçün xarakterikdir. Erməni xalqının özü isə, məncə, müharibənin nəticələrini artıq qəbul edib, revanşist siyasətdən yorulub və "ayaqları ilə səs verərək" Ermənistanı tərk edirlər. Çünki belə şəraitdə heç bir inkişafın olmayacağını anlayırlar", - deyə o əlavə edib.
*****
Bir çox təhlilçilər isə əmindirlər ki, Ermənistan ən azı, Ukrayna-Rusiya müharibəsi bitənədək Azərbaycanla sülh danışıqlarını imitasiya edəcək. Ondan sonra da qalib tərəfə qoşulacaq. Əlbəttə, ermənilər çox istəyərdilər ki, Ukraynada qalib Qərb olsun və Rusiyanı atıb birincinin himayəsinə sığınsınlar. Çünki 44 günlük müharibədən sonra erməni cəmiyyəti və siyasi elitasında Rusiyaya, Putinə nifrət əhəmiyyətli şəkildə artıb. Bunu son rəy sorğuları da təsdiq edir. Hərgah, işğalçı Ermənistanı son anda ipdən alıb Azərbaycan tərəfindən tam darmadağından xilas edən, Qarabağda ermənilərin nəslinin kəsilməsini əngəlləyən tək dövlət Rusiyadır.
Ancaq ermənilərin fitrətən nankor və satqın olduqları ciddiyə alınarsa, onların istənilən an rusu atıb Qərbi tutacaqlarını gözləmək olar. Əslində altdan-altdan buna hazırlıq da gedir. Bilə-bilə ki, erməni toplumunun başına tarixən nə faciələr gəlibsə, öz satqınlığından, dost-düşmənlərin yerini asanca dəyişmələrindən və məkrindən gəlib. İrəvan xüsusən də Fransanın dəstəyinə ümid edir. E.Makronun ikinci müddətə Fransa prezidenti seçilməsi heç sübhisiz, bu yöndə onların iştahını gücləndirəcək...
*****
"Fransızlar Ermənistanı tamamilə NATO-ya doğru çəkmək istəyirlər. Amerika da bunu istəyir. Amma başa düşür ki, Parisin bu işdə şansı daha çoxdur. Axı Fransada nəhəng erməni lobbisi var. Ona görə də ABŞ Ermənistanın KTMT-dən çıxıb Qərbə meyl göstərmək planını tərəfdaşı Fransaya həvalə edib".
Belə bir açıqlamanı Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti Aleksey Fenenko verib.
Politoloqa görə, hazırda davam edəın Ukrayna ilə bağlı münaqişənin xarakteri nəzərə alınarsa, Qərb üçün bu proses xüsusilə əlverişlidir. "O zaman Rusiyaya qarşı ikinci cəbhə açılacaq, ya da ən azı Rusiya üçün Qafqazda çox ciddi problem yaranacaq. Moskva da əsas diqqətini ora yönəltməli olacaq. Aydındır ki, Ukraynada müharibə başa çatandan sonra Rusiya Qarabağ istiqamətində fəallaşacaq. Məhz bu səbəbə ABŞ və Fransa tələsir - Moskvanı Qafqazdan ciddi şəkildə yayındırmağa çalışır".
Analitik hesab edir ki, Qərb Rusiyanın Ukraynada bataqlığa düşməsini gözləyir. "Əməliyyat iki aydır davam edir və əgər bu proses daha altı ay uzansa, o zaman Rusiya üçün sadəcə Qafqaz prioritet sayılmayacaq. Qərb Rusiyanın əldən düşüb məhv olacağına stavka edir. Onun bu planında əsas oyuncaq isə İrəvan sayılır", - rusiyalı ekspert əlavə edib.
*****
Ancaq burada Ermənistanla bağlı incə bir detal var. Məsələ ondadır ki, NATO-da əsas söz sahiblərindən biri elə qardaş Türkiyədir. Yəni ermənilər hara vurnuxsalar da, onların iki qonşu türk dövlətindən asılılığı azalan deyil və yalnız boşuna vaxt itirmiş olacaqlar. Yəni İrəvan faktiki özünə yenə tələ qurmaqla məşğuldur.
Əslində Rusiya və Qərbin (ABŞ və Fransanın) Güney Qafqazla bağlı diplomatik fəallığına da ən əvvəl bu prizmadan baxmaq lazım gəlir. Artıq Bakı və İrəvana Rusiyadan, ABŞ və Fransadan emissar axını başlayıb. Onların hamısı eyni sözü desə də, maraqlar, məramlar əlbəttə ki, fərqlidir. Bu xüsusda girdiyimiz həftə yetərincə kritik sayıla bilır. Çünki kimin gerçəkdən regionda qalıcı sabitliyə, Azərbaycan və Ermənistan arasında ədalətli sülhün əldə olunmasına töhfə vermək istədiyi, kiminsə sırf öz ölkəsinin maraqlarını təsbit eləməyə çalışdığı üzə çıxacaq...