Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənilər yaşadıqları əraziləri niyə minalayıb? - Rusiya Müdafiə Nazirliyindən ilginc rəqəm

Ermənilər yaşadıqları əraziləri niyə minalayıb? -  Rusiya Müdafiə Nazirliyindən ilginc rəqəm

Tarix: 30 Aprel 2022 12:26

Rusiya Müdafiə Nazirliyinin 26 aprel 2022-ci il tarixli bülletenində Qarabağdakı "sülhməramlı" qüvvələrin nəzarətində olan ərazidə mina təmizləmə işləri barədə də  danışılıb. "Ümumilikdə 23 noyabr 2020-ci il tarixindən indiyədək 2371,6 hektar ərazi, 689,5 kilometr yol, 1937 tikili partlamamış mina və mərmilərdən təmizlənib. Cəmi 26464 partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib", -məlumatda bildirilir.

Milli.Az yeni müsavat-a istinadən xəbər verir ki, söhbət ermənilərin yaşadığı ərazidən gedir. İşğaldan azad edilən torpaqlarımızda minaların mövcudluğu anlaşılandır. Amma belə çıxır, ermənilər mina və digər partlayıcı maddələri öz yaşadıqları ərazilərdə də basdırıblar. Niyə?

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov "Yeni Müsavat"a bildirdi ki, Azərbaycanın azad etdiyi ərazilərlə yanaşı, hazırda Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə də mina təmizləmə işləri aparılır: "Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə mina təmizləmə işlərini ruslar həyata keçirirlər. Həmin ərazidə minaları təmizləmək o qədər çətin deyil. Çünki o ərazilərdə zamanında minalar basdırılanda formulyarları işlənilib və xəritə üzərinə köçürülüb. Ona görə ki, həmin ərazilərin yaxınlığında erməni sakinlər yaşayırdı. Minalanmış yerlərin haralar olduğu o zamandan əhaliyə bildirilib, xəbərdarlıq nişanları qoyulub. Orada yaşayan ermənilər yaşadıqları yerlərin ətrafında hansı nöqtələrdə minalar basdırıldığın dəqiq bilirdilər. Ona görə onların minaya düşməsi halları qeydə alınmayıb. İndi ruslar həmin xəritələr əsasında asanlıqla mina təmizləmə işlərini həyata keçirə bilirlər. Hesab edirəm ki, rus sülhməramlılar özlərinin nəzarətində olan əraziləri bu ilin sonunadək tam şəkildə təmizləyib başa çatdıracaqlar.

Amma Azərbaycanın azad etdiyi ərazilərin minalarla bağlı formulyarları dəqiq deyil. Çünki həmin ərazilərdə erməni əhali yaşamayıb və yaşamırdı, ermənilər işğal etdikləri bu əraziləri, xüsusən də keçmiş təmas xətti adlanan əraziləri çox sıx şəkildə minalayıblar. Məlumatlara görə, təxminən 300 mindən artıq mina basdırılıb. Minalama bir çox hallarda necə gəldi həyata keçirilib, səpələnib. Ermənistanın müharibədən sonrakı müddətdə bizə verdiyi mina xəritələrinin də dəqiq olmadığı sübuta yetirilib. Bütün bu amillər Azərbaycanın azad etdiyi ərazilərdə mina təmizləmə işlərində çətinliklər yaşanır, mina təmizləmə işləri vaxt aparır. Ermənilər minaları o dərəcədə sıx, eyni zamanda necə gəldi, hara gəldi döşəyiblər ki, təmizlənən ərazilərin belə, yüz faiz, tamamilə təhlükəsiz olduğundan danışmaq çətindir".

O ki qaldı keçmiş təmas xəttindən xeyli içəriyə doğru ermənilərin yaşadıqları yerlərə niyə mina basdırılmasına, ekspertin sözlərinə görə, ermənilər heç vaxt əmin deyildilər ki, işğal etdikləri torpaqları daimi əllərində saxlaya biləcəklər: "Onlarda həmişə qorxu var idi. Onlar bilirdilər ki, gec-tez Azərbaycan dövləti torpaqların azad edilməsi üçün ciddi hərəkətə keçəcək. Bax bu qorxunun təsiri altında onlar erməni sakinlərin yaşadığı kəndlərin ərazilərində belə, minalar basdırmışdılar. Müharibə zamanı torpaqları azad edib irəliləyən Azərbaycan ordusunu ən azından ləngitmək məqsədilə ermənilər özlərinin yaşadıqları yerlərin də ətrafını minalamışdılar".   

Milli.Az


Etiketlər:  Ermənilər yaşadıqları əraziləri niyə minalayıb Rusiya Müdafiə Nazirliyindən ilginc rəqəm


RƏYLƏR