Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniya ilə Ukrayna arasında diplomatik qalmaqal - Səfir kansleri təhqir etdi

Almaniya ilə Ukrayna arasında diplomatik qalmaqal - Səfir kansleri təhqir etdi

Tarix: 3 May 2022 20:00

"Rəsmi Kiyev Almaniya prezidenti Frank-Valter Ştaynmayeri qəbul etməkdən imtinaya görə üzr istəməlidir".

Sonxeber.net modern.az-a istinadən bildirir ki, Ukrayna hakimiyyətinə yönəlik bu çağırışı Almaniya parlamentinin müdafiə komitəsinin rəhbəri, Azad Demokratlar Partiyasının üzvü Mari-Aqnes Ştrak-Zimmerman səsləndirib.

Siyasətçinin sözlərinə görə, Ukrayna alman prezident Ştaynmayerə qarşı hərəkətlərinə görə üzr istəməzdən əvvəl Almaniya kansleri Olaf Şoltzun səfərinə də ümid edə bilməz.

Almaniya parlamentinin deputatı Ukraynanın Berlindəki səfiri Andrey Melnikin kansler Olaf Şoltzu Kiyevə getmək istəmədiyinə görə təhqir etməsini də pisləyib:

"Ukrayna Almaniya prezidentinin dəvətini geri götürüb və indi bütün arzusu ilə kanslerin Kiyevə gedəcəyini gözləyə bilməz. Cənab Melnik, bəlkə siz əvvəlcə prezidentdən üzr istəyəsiniz, sonra nəzakətlə kansleri dəvət edəsiniz", - deyə deputat bildirib.

Bundan əvvəl səfir Andrey Melnik Olaf Şoltzun Ukraynaya səfərindən imtina etməsini pisləyərək, onu "incimiş qaraciyər kolbasası" adlandırıb və siyasətçinin özünü uşaq kimi apardığını bildirib. Eyni zamanda o, Ukrayna prezidenti Volodimir Zelenskinin hələ də kansleri Kiyevdə qəbul etməkdən məmnun olacağını vurğulayıb.

Xatırladaq ki, Almaniya Nazirlər Kabinetinin rəhbəri bildirib ki, Zelenskinin Kiyevdə həmkarı Ştaynmayeri qəbul etməkdən imtina etməsi kanslerə Ukrayna paytaxtına səfər imkanı vermir. Şoltzun sözlərinə görə, Ukrayna liderinin Almaniya prezidentini görmək istəməməsi pis hadisədir.

Aprelin ortalarında "Bild" qəzeti yazıb ki, Zelenski alman həmkarı Ştaynmayeri qəbul etməkdən imtina edib. Kiyevdə hesab edirdilər ki, Almaniya Federativ Respublikasının rəhbəri Rusiyaya münasibətdə çox yumşaq davranıb.

Almaniyada Zelenskinin qərarı anlaşılmazlığa səbəb olub və müxtəlif partiyaların siyasətçiləri tərəfindən kəskin tənqid edilib. Xüsusilə vitse-kansler Robert Habek bunu "diplomatik səhv" adlandırıb.


Etiketlər:  Almaniya ilə Ukrayna arasında diplomatik qalmaqal Səfir kansleri təhqir etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ