Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2022 10:12
Prezident İlham Əliyevin ADA universitetində keçirilən konfransda bildirdiyi kimi, icra hakimiyyəti orqanları Sovet hakimiyyəti dağıldıqdan sonra yaranan bir strukturdur. Bu illərin təcrübəsi göstərdi ki, bu struktur özünü doğrultmadı, yuxarıların dediklərini aşağıda yerinə yetirə bilmədilər.
Sonxeber.net xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Elşad Həsənov bildirib.
Onun sözlərinə görə, korrupsiyaya, rüşvətxorluğa qurşandılar: "Bu da yerlərdə icra hakimiyyətinin mövqeyinə mənfi təsir göstərdi. Bildiyimiz kimi bir neçə rayonun icra başçıları rüşvətxorluq üzərindən həbs olundular".
Son dövrlər cənab Prezidentin sərəncamı ilə Ağdam, Şuşaya təyin olunan xüsusi nümayəndələr yeni idarəetmə strukturunun yaranmasından xəbər verir. ADA universitetində çıxışı zamanı da cənab Prezident bunun cəmiyyətə xeyir verəcəyini, xüsusilə də korrupsiyaya qarşı mübarizədə effektiv rol oynayacağını bildirdi. Buna görə də güman edirəm ki, Vahid Hacıyevin Zəngəzur bölgəsinə xüsusi nümayəndə olaraq, təyin olunması həmin deyilənlərin nəticəsidir. Gələcəkdə də belə təyinatlar çoxalacaq və biz köhnə idarəetmə üsulundan əl çəkərək, yeni, daha effektiv bir orqan yaradıldığının şahidi olacağıq.
Cənab Prezident İlham Əliyev Vahid Hacıyevi onlayn qəbul edərkən, Zəngəzur dəhlizinin açılmasına Azərbaycanın hazır olduğunu bir daha vurğulayıb.
Bildiyimiz kimi 10 noyabr bəyannaməsi imzalandıqdan sonra bu məsələ gündəmdədir. Azərbaycan bu istiqamətdə öz üzərinə düşən işi görür. Amma Ermənistanda revanşist qüvvələr mitinqlər keçirir, Paşinyanı devirmək istəyirlər. Çünki onların məqsədi, Azərbaycanla Ermənistan arasında olan münaqişəni uzatmaq, sülh müqaviləsinin bağlanmasına mane olmaqdır. Lakin cənab Prezidentində qeyd etdiyi kimi biz Zəngəzur dəhlizini açacağıq və Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra Rusiyanın özü də buradan istifadə edəcək".