Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ruslar Dubayda daşınmaz əmlak alır. Rekord sövdələşmə: bir ev 76 milyon dollara satılıb

Ruslar Dubayda daşınmaz əmlak alır. Rekord sövdələşmə: bir ev 76 milyon dollara satılıb

Tarix: 11 May 2022 14:08

Dubayda daşınmaz əmlak bazarının analiziylə məşğul olan şirkətlərin məlumatlarına görə, bu ilin birinci rübündə rusiyalı alıcıların payı 67 faiz artıb. Bildirilir ki, səbəb Qərb sanksiyalarının varlı rusiyalıları bir çox başqa ölkələrdə biznes qurmaq imkanından məhrum etməsidir. "Betterhomes" rieltor şirkətinin məlumatına görə, Dubay bazarının ən fəal investorları reytinqində Rusiya yalnız dörd ölkədən - Britaniya, Hindistan, İtaliya və Kanadadan geri qalaraq 7-ci yerdən 5-ci yerə yüksəlib.

Sonxeber.net BBC Azərbaycan-a istinadən xəbər verir ki, ekspertlərin fikrincə, tezliklə Rusiya daha da irəliləyə və bəlkə də siyahıya başçılıq edə bilər. Bu, sonuncu sanksiyaların nəticələri hiss olunanda baş verəcək. Dubaydakı mənbələr bildirirlər ki, bu yaxınlarda ev almış rusiyalılar arasında bir sıra tanınmış şəxslər, o cümlədən, iş adamı Roman Abramoviç də var. Xarici müəssisələrin Dubayda məskunlaşmasına kömək edən "Virtuzone" şirkətinin məlumatına görə, Ukraynada müharibə başlayandan sonra rusiyalıların bu quruma müraciətlərinin sayı 5 dəfə artıb. "Onlar qarşıdakı iqtisadi böhrandan qorxurlar və sərvətlərini xilas etmək üçün bura köçürlər", - şirkətin baş direktoru George Hojeige belə deyir.

Barterə qoyulan lüks evlər

"Betterhomes" şirkətinin baş direktoru Ryan Mahoneynin sözlərinə görə, Rusiyadan olan müştərilər Dubayın ən prestijli ərazilərində - əsasən Fars körfəzinə baxan dəbdəbəli yaşayış komplekslərində ev almağa üstünlük verirlər. Brokerlərin hesablamalarına görə, rusiyalılar 2022-ci ilin ilk üç ayında Dubayda təxminən 12 milyard dollar xərcləyiblər. Bu müddət ərzində bir ev üçün 76,2 milyon dollar məbləğində rekord sövdələşmə qeydə alınıb. Müqayisə üçün deyək ki, Rusiya vətəndaşlarının Londonda aldıqları ən bahalı mülklərdən biri 34 milyon funt-sterlinq (42 milyon dollardan çox) dəyərində olub. Rusiyalıların Britaniyadakı digər mülkləri kimi, prestijli Knightsbridge (Naytsbric) bölgəsindəki bu ev də sahibi tərəfindən dəyişdirilməyə təklif edilir. Dubay brokerlərinin dediyinə görə, fərdi sanksiyalar və ya bank əməliyyatlarına qoyulmuş məhdudiyyətlər ucbatından xaricdəki əmlaklarını satmaq problemiylə üzləşmiş bir çox varlı rusiyalı üçüncü ölkələrin daşınmaz əmlak agentliklərinə barter sövdələşmələri təklif edirlər - məsələn, Londondakı evi Dubaydakı evlə dəyişdirmək istəyirlər. Londonda mənzil almaqda maraqlı olan BƏƏ sakinləri bu sxemi aktiv şəkildə nəzərdən keçirirlər, amma hələ qeyri-müəyyən olan bu yenilik çoxlarını qorxudur.

"Mən bu varianta çox şübhə ilə yanaşıram, belə bir sxemin işlək olacağına əmin deyiləm, Londonda həddindən çox sənəd təqdim etmək lazım gələcək. Amma bu, maliyyə sistemindən yan keçmək üçün onların [rusların] nələrə hazır olduğunu göstərir", - mübadilə təklifi ilə tanış olan, adının açıqlanmasını istəməyən dubaylı iş adamı "Financial Times" qəzetinə belə deyib. Hüquqşünasların sözlərinə görə, belə barter yalnız o halda mümkün ola bilər ki, rusiyalı mülk sahibinə sanksiya tətbiq edilməmiş olsun. Rieltorlar ilin əvvəlindən nağd pul əməliyyatlarının həcmində də kəskin artım olduğunu qeyd edirlər. Rusiya Mərkəzi Bankının ölkədən 10 min dollardan artıq pul çıxarılmasıyla bağlı qadağasına nəzərən demək olar ki, Dubayda ev alan rusiyalıların kapitalı heç də Rusiyada deyil.

Neytral Dubay

Mahoney deyir ki, Dubayın daşınmaz əmlak bazarında rusiyalıların iştirakı əvvəllər də nəzərəçarpan dərəcədə olub, amma son bir neçə ildə tələbat ciddi şəkildə artıb. Daşınmaz əmlak bazarı Dubay iqtisadiyyatının üçdə birini təşkil edir. Dubayda kök salmış çox sayda beynəlxalq şirkətin əməkdaşları sayəsində burda evlərə, xüsusilə də kirayə verilən mənzillərə həmişə tələbat var. Əcnəbilərin pandemiyaya görə kütləvi şəkildə öz ölkələrinə qayıtması bu bazarı hiss olunacaq səviyyədə sarsıdıb. Ona görə də həm bütövlükdə Birləşmiş Ərəb Əmirlikləri, həm də bu əmirliklərdən biri olan Dubay rusiyalı müştəriləri böyük həvəslə qarşılayır. BƏƏ Rusiya ilə Ukrayna arasındakı münaqişədə neytral mövqe tutub. Hakimiyyət nümayəndələrinin sözlərinə görə, ölkədəki bütün təşkilatlar, ilk növbədə maliyyə qurumları müharibədən və onun nəticələrindən qaçmış rusiyalılara və ukraynalılara eyni səviyyədə xidmət göstərir. BSA "Ahmad Bin Hezeem & Associates" hüquq firmasının tərəfdaşı Michael Kortbavi deyir ki, "Ukraynada müharibə başlayandan sonra rusiyalı müştərilərin çoxaldığını gördük və buna görə də onlara xidmət etmək üçün ayrıca bir Rusiya şöbəsi yaratmağa qərar verdik". Onun sözlərinə görə, Moskvada böyük beynəlxalq hüquq firmalarının bağlanması nəticəsində işə dəvət üçün istedadlı hüquqşünaslar fondu yaranıb.

BƏƏ Rusiyaya qarşı sanksiyaların böyük hissəsinə qoşulmayıb

Birləşmiş Ərəb Əmirliklərinin Mərkəzi Bankı "digər ölkələrin tətbiq etdiyi sanksiyalara və məhdudlaşdırıcı tədbirlərə görə risklərin artması" səbəbindən bankları rusiyalı müştərilərə münasibətdə ehtiyatlı olmağa çağırır. Amma bu tövsiyəyə əməl olunmur. Dubaydakı mənbələrin sözlərinə görə, banklar və digər xidmət sahələri Rusiyadan iri kapital axınına o qədər alüdə olublar ki, pulu nisbətən az olan rusiyalılar bundan əziyyət çəkirlər: sənədləşdirmə işləri gecikdirilir, BƏƏ banklarında çətinliklə hesab aça bilirlər, daşınmaz əmlak bazarındakı nisbətən ucuz mülklər üçün aşağı keyfiyyətli xidmətlə üzləşirlər.


Etiketlər:  Ruslar Dubayda daşınmaz əmlak alır Rekord sövdələşmə milyon dollara satılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ