Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 May 2022 14:51
Beynəlxalq Muğam Mərkəzinin 2022-2023-cü musiqi mövsümündə təqdim etdiyi "Muğam axşamları" layihəsinin may ayı üçün nəzərdə tutulmuş konsertində BMM-nin solistləri Hüseyn Məlikov, Məmməd Nəcəfov və Könül Məmmədli "Çahargah" muğamını təqdim etdilər. Layihənin ideya müəllifi BMM-nin direktoru, Xalq artisti Murad Hüseynovdur.
BMM nin solistləri tarzən Rövşən Qurbanov, kamança ifaçısı Ceyhun Muradov, nağarada Amil Mustafayev və balabanda Rəfael Əsgərovun müşayiəti ilə təqdim edilən proqramda xanəndələr "Çahargah" muğamının parlaq, virtuoz, qəhrəmani xarakterli, dərin dramatik məzmununu məharətlə çatdırmağa nail oldular.
Naxışlarla bəzədilmiş, bir növ sanki xalçaya, milli ornamentli naxışlara bürünmüş "Çahargah" muğamının havacatı içərisindən onun cövhərini tapmaq və bütün dəstgah boyunca bu cövhərdən yüksək səriştə ilə istifadə etmək peşəkarlıq tələb edir. Konsert boyu solistlər bu incəliyə həssaslıqla yanaşaraq "Çahargah"ın dərin tematikasını tamaşaçı üçün üzə çıxara bildilər.
Qeyd edək ki, layihə 2017-ci ildən həyata keçirilir və layihənin beynəlxalq işıqlandırılmasında "Baku" jurnalının rolu böyük əhəmiyyət kəsb edib.
""Muğam axşamları" "Mədəniyyət" televiziyası vasitəsilə lentə alınır, İctimai Radio ilə dinləyicilərə təqdim edilir.
"Muğam axşamları" layihəsi çərçivəsində iyun ayının 17 -də "Bayatı Şiraz" muğamı təqdim olunacaq.