Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyun 2022 13:06
İki gündən sonra məktəblərdə ''son zəng'' tədbirləri keçiriləcək. Təhlükəsizliyi təmin etmək üçün yol polisi indidən məzunlara, xüsusilə onların valideynlərinə səslənib. "Son zəng" günü övladlarına avtomobil idarə etməyi həvalə edən bəzi valideynlər bilməlidir ki, bu addım bədbəxt hadisələrə səbəb ola bilər. Hansı ki, ötən illərdə hər birimiz bu hadisələrin şahidi olmuşuq. Unutmayın, həmin gün polis gücləndirilmiş rejimdə işləyəcək. Əgər belə hal müşahidə olunarsa, həm avtomobilin sahibi, həm də sürücülük hüququ olmadan avtomobil idarə edən məzun cərimə olunacaq.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, yol polisi iyunun 14-də keçiriləcək "Son zəng" günü ilə bağlı məzunlara və valideynlərə müraciət edib. Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib k, ''Son zəng'' tədbirlərinə sürücülük hüququ olmadan avtomobil idarə edərək gələn məzunlar və nəqliyyat vasitəsinin sahibləri cərimə olunacaq.
Bu cür halların qarşısını almaq məqsədi ilə paytaxtın mərkəzi ilə yanaşı ətraf qəsəbələrdəki məktəblərin də ətrafında polis gücləndirilmiş rejimdə işləyəcək. Qeyd edək ki, sürücülük hüququ olmadan avtomobil idarə edən məzunlar inzibati qaydada 100 manat, avtomobil sahibləri isə 60 manat cərimə ediləcək. Yol polisi ''Son Zəng'' günü məktəblərin ətrafında dayanma və durma qaydasını pozacaq sürücülərə də xəbərdarlıq edib.
Qeyd edək ki, dayanma və durma qaydasının pozulmasına görə sürücülər barəsində 20 manat cərimə tətbiq olunacaq. Konkret olaraq hərəkətə maneə yaradan sürücülərin avtomobilləri isə ərazidən evakuasiya ediləcək.