Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2022 05:06
Çayın faydalı olması hamıya məlumdur. Bir stəkan isti çay qışın soyuğunda insanı isidir, xoş ətri yaxşı əhval-ruhiyyə və gümrahlıq verir.
Sağlamlığı qoruyur
Çay qanda xolesterinin səviyyəsini aşağı salır. Bu ətirli içkini qəbul etmək ürək-damar xəstəlikləri üçün əla profilaktikadır. Belə ki, çayda olan faydalı maddələr damarları təmizləyir və elastikliyini artırır.
İmmuniteti qaldırır
Alimlərin araşdırmaları göstərir ki, gündə bir neçə stəkan çay içən adamların immun sistemi daha aktiv olur. Bu içki xüsusilə mövsümi soyuqdəymələr zamanı faydalıdır.
Orqanizmi nəmləndirir. Bir tərəfdən çay susuzluğu əla yatırır, digər tərəfdən isə nəmi orqanizmin hüceyrə və toxumalarında saxlayır.
Dişləri qoruyur
Düzdür, dişlərə əsasən şirnisiz çay faydalıdır. Tərkibində olan tanin və ftor birləşmələri damaqları və diş minasını möhkəmləndirir, antioksidantlar isə kariyesə qarşı təsirə malikdir. Çaya şəkər qatmaqla onu faydalı xüsusiyyətdən məhrum etmiş olursunuz.
Yaşıl çayla dişləri yaxalamaq damaq xəstəliklərinin qarşısını alır. Bundan ötrü hər dəfə çay içərkən onu ağız boşluğunda bir qədər saxlayın. Çay dişlərdə sarı-qəhvəyi ərp saxlayır, ona görə hər dəfə çay içəndən sonra dişləri adi su ilə yaxalamaq lazımdır.
Arıqladır
Çay pəhriz üçün əla vasitədir, çünki kalorisizdir. Çay vasitəsilə maddələr mübadiləsini yaxşılaşdırmaq olar. Mütəmadi çay içməklə (faydalı bitkilər əlavə etməklə) artıq kalori və çəkidən azad olmaq mümkündür.
İriyarpaqlı qara çayı qurudulmuş rozmarinlə qarışdırıb dəmləmək və hər axşam isti halda, səhərlər isə soyuq halda içmək lazımdır. Bu içki şişkinliyi yatırdır, oynaqları hərəkətləndirir, ağrıların qarşısını alır.
Gözəllik açarı
Ətirli içki təkcə orqanizmin daxili üçün deyil, həmçinin xarici gözəllik üçün də faydalıdır. Yaşıl çay antibakterial və cavanlışdırıcı təsirə malik olduğundan, ondan bir çox kosmetik vasitələrdə istifadə edirlər. Yaşıl çay üz rəngini yaxşılaşdırır, dəri yorğunluğunu aradan qaldırır və elastikliyi artırır.
Hər gün üzü yaşıl çayla və ya buz kubiklərilə yumaq məsləhətdir. Tənzifi çay dəmləməsində isladaraq üzdə 15-30 dəqiqə saxlamaq əla canlandırıcı effekt verəcək. Yaşıl çayın xeyri çoxdur - tərkibində olan antioksidantlar, kofein, B2, P, C vitaminləri iltihaba qarşı təsir göstərir, qanda mikrosirkulyasiyanı yaxşılaşdırır. Ona görə bu içkidən problemli dəri üçün hazırlanan kosmetik vasitələrdə istifadə edirlər.
Həmçinin çaydan saçlara qulluq vasitəsi kimi də geniş istifadə olunur. Belə ki, çay baş dərisinin qidalanması və nəmlənməsi üçün faydalıdır. Yaşıl çaydan yaxalayıcı balzam kimi də yararlana bilərsiniz, saçlarınız incə və hamar olacaq. Qara çay dəmləməsi ilə saçları yaxalamaq onlara qızılı-qəhvəyi çalar verəcək.