Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2022 21:05
Ukraynadakı hərbi əməliyyatlarla əlaqədar "Ukraynanın kainat gözəli" təşkilat komitəsi bu il ənənəvi şounu keçirməkdən imtina edib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, "Miss Universe" (ABŞ) tərəfdaşları ilə məsləhətləşdikdən sonra "Miss Ukrayna 2022" rəsmi titulunun "I Vitse-Miss Ukrayna Kainatı" olmuş Viktoriya Apanasenkoya verilməsi qərara alınıb.
"Ölkəmiz indi şənliyə hazır deyil, amma dövlətimizdə baş verən hadisələrə diqqəti cəlb etmək üçün bütün mümkün vasitələrdən istifadə etməliyik. Ona görə də biz 70 illik tarixə malik olan və dünyanın hər bir ölkəsində yayımlanan məşhur müsabiqənin dünya finalında Ukraynanı təmsil etmək fürsətini əldən verməmək qərarına gəldik" deyə, komitənin prezidenti Anna Filimonova bildirib.
Viktoriya da məsələ ilə bağlı açıqlama verərək öhdəsinə düşən vəzifənin məsuliyyətini anladığını söyləyib:
"Müharibə haqqında danışmağa davam etmək, Silahlı Qüvvələrimizin etibarlı arxa cəbhəsi olmaq çox vacibdir. Xalqımızı yaşatmaq, Rusiyanın vəhşiliyini dayandırmaq üçün başqa ölkələrin dəstəyinə ehtiyacımız var. Belə çətin və dəhşətli zamanda Ukraynanın beynəlxalq arenada səfirlərindən biri olacağımın, ölkəmizin bütün qadınlarının səsi ilə çıxış edəcəyimin fərqindəyəm. Öz qələbəm üçün deyil, ölkəmin qələbəsi üçün mübarizə aparmağa gedirəm".
Qeyd edək ki, Çerniqovdan olan 28 yaşlı Viktoriya informasiya cəbhəsində Ukraynanın qələbəsi üçün fəal mübarizə aparır. O, Kiyev müəssisələrindən birinə Ukrayna Silahlı Qüvvələrinin batalyonu və burada qalan yaşlı insanlara yemək hazırlamaqda köməklik edir.