Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2022 09:46
İyunun 18-də Rusiya qüvvələri Severodonetskətrafı ərazidə cüzi nailiyyətlər əldə edib, lakin digər hücum xətlərində əsasən ilişib qalıb.
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun (MAİ) gündəlik təhlil məlumatında qeyd olunub.
"Rusiya qüvvələrinin şəxsi heyət və texnikada artan itkilər və yıpranma ilə qarşılaşması ehtimalı var ki, bu da onun Severodonetsk uğrunda gedən ləng döyüşlər davam etdiyi üçün digər kritik nöqtələrdə hücum əməliyyatlarını bərpa etmək cəhdini çətinləşdirəcək. MAİ-nin daha öncə təxmin etdiyi kimi, Rusiya qüvvələri, çox güman ki, yaxın həftələrdə Severodonetski tuta biləcək, lakin bu onlara mövcud qüvvələrin əksəriyyətinin kiçik ərazidə cəmləməsi bahasına başa gələcək. Rusiyanın Ukraynanın şərqindəki digər əməliyyatları, məsələn, Slavyanskı ələ keçirmək və Baxmutun şərqinə doğru irəliləmək səyləri son iki həftədə mühüm proqresə gətirib çıxarmayıb", - yazıda vurğulanıb.
Qeyd olunub ki, Rusiya ordusu mənəvi ruh və nizam-intizam problemləri ilə üzləşməkdə davam edir: "Ukrayna Baş Kəşfiyyat İdarəsi iyunun 17-də və 18-də Rusiya əsgərlərinin cəbhə xəttindəki şəraitdən, zəif təchizatdan və şəxsi heyət çatışmazlığından şikayət etdiyi ələ keçirilmiş telefon zəngləri barədə məlumat yayıb. Hərbi qulluqçulardan biri bildirib ki, bölmələrin şəxsi heyəti taqətdən düşüb və bəzi tabor taktiki qruplarında (TTQ) cəmi 10-15 hərbçi qalıb".
Amerikalı ekspertlərin əsas nəticələri onda ibarətdir ki, Rusiya qoşunları Baxmut-Lisiçansk şosesi boyunca Ukraynanın kommunikasiya xəttini kəsmək səylərini davam etdirib və magistral yol boyu qurudan və artilleriyadan zərbələr endirib. Eyni zamanda, analitiklərin fikrincə, işğalçı qüvvələr cənub xətti boyunca heç bir təsdiqlənmiş fəaliyyət göstərməyib və Ukraynanın cənubundakı işğal olunmuş ərazilərdə partizan təzyiqi ilə üzləşməkdə davam edir.