Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2022 21:09
"Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Sankt-Peterburqda Donetsk və Luqansk separatçı rejimlərini tanımayacağını elan etdi, bunun əsaslandırmasını da verdi. Mən hesab edirəm ki, Prezident Vladimir Putin onun bu mövqeyini eşitməyə hazır idi. Bəlkə də, Tokayev bu sözləri səsləndirməsi üçün Sankt-Peterburqdakı tədbirə dəvət edilmişdi".
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bunu analitik Mehman Əliyev deyib.
Analitik xatırladıb ki, Rusiyada bir Putinin apardığı siyasi xətt var, bir də başqa xətlər:
"Məsələn, fevralın 22-də Putin Təhlükəsizlik Şurasının iclasını keçirdi. Həmin iclasda çoxları bilmirdi ki, Putin hansı qərarı verəcək. Burada da hərə bir şey danışır. Biri deyir Ukrayna əraziləri Rusiyaya birləşəcək, digəri başqa söz deyir. Amma Putinin özünün siyasi xətti var və Tokayevi də dəvət edib ki, fikrini desin. Həm də göstərir ki, belə mövqe də var. Mənim ehtimalıma görə, bu, özfəaliyyət deyil ki, gəlib Putinin yanında sərt şəkildə mövqe səsləndirilsin. Əksinə, Kreml istəyirdi ki, belə mövqe də səsləndirilsin. Bu, Putinin marağında idi".
Mehman Əliyev bildirib ki, Donetsk separatçılarının lideri Denis Puşilin Tokayevin verdiyi bəyanatı qiymətləndirməkdən qaçıb:
"Deyib ki, bu müstəqil dövlətin fikridir, özləri bilər və s. Daha dəqiq desək, Puşilin Tokayevin dediklərini şərh etməkdən çəkinib. Dmitri Peskov isə bildirib ki, başqa torpaqlar bizə lazım deyil, biz Donbasın əhalisinin təhlükəsizliyini təmin etmək istəyirik. Rusiya artıq mesaj verir ki, Donetsk, Luqansk sərhədləri çərçivəsində əməliyyatı yekunlaşdırmaq istəyir. Belə baxanda müharibə bir aydan sonra dayandırılacaq. Məncə, öncədən plan belə idi. Ukrayna da Donbası heç vaxt Rusiyaya təhvil verməzdi. Əgər təhvil versəydi, Kiyevdə hakimiyyət dəyişərdi. Sona qədər savaş getməli idi. Ukrayna savaşdığını göstərir".