Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prezident: Azərbaycan dünyada ən böyük ədalətsizliklə üzləşmiş ölkələrdən biri idi

Prezident: Azərbaycan dünyada ən böyük ədalətsizliklə üzləşmiş ölkələrdən biri idi

Tarix: 30 Iyun 2022 16:36

Azərbaycan dünyada ən böyük ədalətsizliklə üzləşmiş ölkələrdən biri idi.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Biz ədaləti bərpa edirdik. Azərbaycan dünyada ən böyük ədalətsizliklə üzləşmiş ölkələrdən biri idi. Ərazimizin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi etnik təmizləmə ilə nəticələndi. Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Bizim tarixi və dini irsimiz erməni işğalçıları tərəfindən yer üzündən silinib. Bu gün azad olunmuş ərazilərə səfər edənlər bu barbarlığın və vandalizmin şahidi ola bilərlər. Məscidlərimizin təhqiri, mədəni və dini abidələrimizin dağıdılması - bunlar faktlardır və bunu heç kəs görməzdən gələ bilməz. Ermənipərəst qüvvələr nə qədər də bunu görməzdən gəlməyə çalışsalar da buna müvəffəq ola bilmirlər. Çünki artıq, minlərlə, bəlkə on minlərlə insan, o cümlədən xarici qonaqlar, siyasətçilər, parlament sədrləri və üzvləri, jurnalistlər, ekspertlər və sıravi insanlar azad edilmiş ərazilərə səfər ediblər.

Biz bu münaqişəyə son qoyduq, ədalət və beynəlxalq hüququ bərpa etdik. 2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının Zirvə toplantısındakı çıxışımda qeyd etmişdim ki, biz ədaləti və beynəlxalq hüququ müdafiə edəcəyik. Biz bunları bərpa edə bilməməyin, başqalarından asılı olmağın nə olduğunu yaxşı bilirdik. Biz uzun illər, təqribən 30 il ərzində bunu gözləyirdik. Gözləyirdik ki, beynəlxalq ictimaiyyət ədalətsizliyə və işğala son qoyulmasına yardım edəcək. Bu məqsədlə ATƏT 1992-ci ildə Minsk qrupunu təsis etdi və o, bu münaqişənin həll yolunu tapmalı idi. Yəni, işğala son qoyulmalı idi. Əksinə, Minsk qrupu bu münaqişənin əbədi olmasını istəyənlərin əlində alətə çevrildi.

Bu gün Azərbaycanın münaqişəni həll etməsindən, işğala son qoymasından, özünün ərazi bütövlüyünü hərbi-siyasi yollarla bərpa etməsindən sonra Minsk qrupuna ehtiyac yoxdur. Biz Minsk qrupuna artıq əlvida demişik. Təəssüflər olsun ki, Ermənistan və digərləri onu həyata qaytarmağa çalışır. Lakin bu, mümkünsüzdür. O, artıq ölüb. İşğaldan əziyyət çəkmiş ölkə kimi biz bunu açıq şəkildə bəyan edirik. Düşünürəm ki, ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda, regionda mümkün sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir".

Milli.Az


Etiketlər:  Prezident Azərbaycan dünyada ən böyük ədalətsizliklə üzləşmiş ölkələrdən biri idi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ