Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Bağışlayın xanım, siz anadangəlmə xanımsınız?” - REPLİKA

“Bağışlayın xanım, siz anadangəlmə xanımsınız?” - REPLİKA

Tarix: 7 Iyul 2022 04:32

Sonxeber.net lent.az-da dərc olunan məqaləni təqdim edir.

26 yaşlı Nigar Türkiyəyə köçdükdən sonra cinsiyyətini dəyişərək Azad olub. Kişi olmağının çox bəsit səbəbi varmış. Çünki ən böyük arzusu qalstuk taxmaq imiş. 

Adamın üstündə Allah var, qız vaxtı nənələr demiş matax bir şey olmasa da, "oğlanlığı" pis alınmayıb. Baxırsan ki, zorbaca bir kişidi. Nə yaxşı ki, hamımızın çoxlu-çoxlu pulları yoxdu. Yoxsa nə var e, yaşayışından bezən təzə cins şalvar alırmış kimi gedib özünə təzə cins düzəltdirər. Kimi özünü oğlan qayırtdırar, kimisi qız. Bu qayırmaq sözünü də ora-bura yozmayın. Gül kimi, doğmaca türk sözüdür, Allahın yaratdığına həkim müdaxilə edib yeni varlıq qayırır. 

Bu günlərdə köhnə tanışlarımdan biri ilə qarşılaşdım. 42 yaşı var, göyçəkcənə xanımdı, abırlı, həyalı. Soruşdum evlənmisənmi? Cavab verdi ki, bacı, bu "kişilər" imkan verirmi ki, kişi tapaq. Onsuz da qadınların sayı kişilərdən çox idi, indi özünü qadın elətdirib ortada gəzənlərin əlindən ümumiyyətlə şansımız azalıb. Zarafatla deyilmiş bu sözdə həqiqət payı yox deyil. 

Biz nələr yaşayırıq, biz hara gedirik belə? Ümumiyyətlə, bizim nəsil nələr görmədi? Müharibələr, imperiyaların süqutu, pandemiya, sürətli elmi texniki sıçrayış, süni insan yaradacaq qədər yeniliklər. Mələz heyvanlar var idi, indi mələz insanlar da var, arvad-kişi olanlar. 

Dəli olmaq olar.  Elə hirsindən dəli olanlar var. Bu gün Bakı metrosunda balta ilə gəzən şəxs peyda olub. Həmin kişi qarşısına çıxan cinsi azlıqları öldürəcəyini deyib. Bəlkə də bilmir ki, indi süni xanımlar orjinal xanımlardan daha göyçəkdi, qıraqdan baxmaqla saxta malla orjinalı ayrmaq olmur.

Allah rəhmət eləsin Üzeyir bəyə. "Arşın mal alan" filmində Soltan bəyin çarşabın içindəki xalanı görüb "de görüm, sən anadangəlmə arvadsan?" sualını verməyini xatırlayırsınız? Nə biləydik ki, çox yox elə yarım əsr sonra kimin anadangəlmə arvad, kimin anadangəlmə kişi oduğunu bilmək üçün belə suallar verməli olacağıq. Plastik əməliyyatların möcüzələr törətdiyi zəmanədə yaşayırıq. Daha plastik cərrahlar istəsələr meymundan da dünya gözəli yarada bilirlər. 

İndən belə evlənmək istəyən cavanlarımız  qarşı tərəfə "evin, diplomun var?", "haralısan?" filan kimi klassik, köhnəlmiş suallar əvəzinə "sən anadan gəlmə oğlansan və ya qızsan?" sualını verəcəklər. 60 yaşı olub 25 yaşında görünən xanımlara  "bağışlayın xanım, sizin neçə yaşınız var?" sualını vermək gərək ayıb yox, vacib sayıla. Qabığımız dəyişməklə deyil ki, hər yaşın öz hökmü, öz düşüncə tərzi var. Elə hər cinsin də. Qarşıma belə xəbərlər çıxıb. Əvvəl qadın olmuş, özünü kişi etdirmiş şəxs hamilədir və əvvəl kişi olub indi özünü qadın etdirmiş birisiylə evlidir. Doğulacaq uşağın yerinə özünü qoyanda az qalır beynim error versin. Kimə ana deyəcək, kimə ata deyəcək? Bu dünyaya qadın gəlib, kişi getmək, kişi gəlib qadına çevrilmək də varmış...


Etiketlər:  Bağışlayın xanım anadangəlmə xanımsınız REPLİKA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ