Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2022 12:24
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Ağsuda şəhid qardaşının polis şöbəsində döyülməsi ilə bağlı yayılan iddialarla bağlı daha bir açıqlama yayıb.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Sonxeber.net-a bildirilib ki, Ağsu şəhər sakini Gülxan Quliyevin guya polis zorakılığına məruz qalması barədə sosial şəbəkələrdə yayılan məlumat həqiqəti əks etdirmir:
"İyulun 4-də Ağsu rayonunun Qaraqaşlı kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar hadisə yerinə gələn polis əməkdaşları xidməti vəzifələrini icra edərkən həmin vaxt orada olan 25 yaşlı Gülxan Quliyev sərxoş vəziyyətdə, məsələnin ona aidiyyəti olmadığı halda ucadan nalayiq ifadələr işlədib ki, bu da ətrafdakıların haqlı narazılığına səbəb olub. O, nizam-intizama dəvət edilsə də, buna məhəl qoymayıb və xırda xuliqanlıq hərəkətlərini davam etdirərək polis əməkdaşına məxsus avtomobilə zərər yetirib.
Gülxan Quliyev şöbəyə dəvət edilib və barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin də qərarı ilə o, 200 manat cərimə edilib.
Buna baxmayaraq, spirtli içki alüdəçisi olan G.Quliyev öz qanunsuz əməllərini davam etdirib. Belə ki, 2021-ci ildə sərtləşdirilmiş karantin rejimi dövründə, şəhər ərazisindəki kafelərin birində gecə saat 03 radələrinə təşkil etdiyi əyləncə məclisində bir qadını təhqir etdiyinə görə saxlanılaraq barəsində protokol tərtib edilmişdir.
Cari ilin aprel ayında G.Quliyev atasına məxsus xırdabuynuzlu heyvanları ondan xəbərsiz sataraq pulunu mənimsəyib və bundan sonra ata-oğul arasında mübahisə yaranıb. Mübahisə zəminində G.Quliyev atasına xəsarət yetirməyə cəhd edib, onun avtomobilinə zərər vurub və atasının şikayəti əsasında barəsində inzibati qaydada tədbir görülüb.
G.Quliyevin belə qanunazidd hərəkətlərini sadalamaqla bitən deyil. O, hər dəfə profilaktik söhbətlər aparılmasına və yaxud qanunun tələbləri izah olunmasına baxmayaraq, bundan nəticə çıxarmayıb.
G.Quliyevə polis əməkdaşları tərəfindən fiziki güc tətbiq edilməsi ilə bağlı səsləndirilən iddialar isə tamamilə əsassızdır. Sifətindəki xəsarətlərə gəlincə isə deyə bilərəm ki, daim sərxoş vəziyyətdə olan G.Quliyev o xəsarətləri yıxılması və ya digər şəxslə dava etməsi nəticəsində də ala bilər".
Qeyd edək ki, sosial şəbəkələrdə isə hadisə şahidlərindən biri G.Quliyevin içkili olması məlumatının yalan olduğunu bildirib. İddia edilib ki, o, yolda dayandığı yerdə polislər aşağılayıcı formada onu yanlarına çağırıb. Gülxan isə "məni bu formada çağırmayın, adım var" deyib. Polislər isə onu küçədə, daha sonra isə şöbədə döyüb.
Xatırladaq ki, Gülxan Quliyev Vətən Müharibəsi şəhidi Vüqar Quliyevin qardaşıdır.