Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2022 23:46
"Hamını qələbə münasibətilə təbrik edirəm. Çox möhtəşəm qələbə oldu. Bu cür qalibiyyət nadir hallarda olur. Sadəcə, hər şey istədiyimiz kimi alındı. Futbolçular çox istəkli idilər. İlk saniyələrdə qol buraxsaq da, sınmadıq. Oyun intizamını saxladıq. Çox yaxşı komandaya qalib gəldik. Rəqibin fərqli, sürətli oyunçuları var. Yaxşı əks hücuma çıxırdılar. Bu, bir başlanğıcdır. İlk oyundan sonra hamı Polşa azarkeşlərindən danışırdı. Bu gün gördük ki, bizim fanatlarımız onlardan üstündür. Dünən dedim ki, 10 milyon bizim arxamızdadır. Bu gün də bunun şahidi olduq".
Sonxeber.net "Report"a istinadən bildirir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Polşa "Lex"inə 5:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
50 yaşlı mütəxəssis ötən gecə yuxuda Aqil Abbası gördüyünü bildirib: "Görürəm ki, Şuşadayıq, dağın başına qar yağıb. O da məndən bir az yuxarıda idi. Mənə dedi ki, şəhərdə necə istidir, amma Qarabağa qar yağır. Dağın zirvəsini, qarın təmizliyini gördüm. Çox vaxt oyundan əvvəl zəngləşib danışırdıq. Amma bu matçdan əvvəl zəng etməmişdi. Buradan ona salamlarımı çatdırıram".
Qurbanovun sözlərinə görə, qarşıda komandasını daha ciddi sınaqlar gözləyir: "Yerimizdə dayanmalı deyilik. Daha ciddi, məsuliyyətli olmalıyıq. Futbolçuların mübarizəsi alqışalayiqdir. Bəzən elə qələbələr olur ki, hamıda rahatlıq yaradır. Amma futbol elə səviyyəyə gəlib ki, hansısa rəqibə ciddi yanaşmasaq, bizi də məğlubiyyət gözləyər. 10 milyonluq dəstəkçimiz var, bu gün də şahidi olduq. Kiminin duası, kiminin evində dəstəyi bizimlə idi".
O, rəqib komandanın baş məşqçisi Con Van den Bromun hakim səhvləri ilə bağlı fikirlərinə də toxunub: "Hakimliklə bağlı danışılası əlavə nəsə yoxdur. Bizə qarşı da haqsızlıqlar olub. Bu cür fikir bildirməsi normaldır. Məğlub olanda belə şeylər baş verir. Onlara da uğurlar arzu edirəm".
Qurbanov Kadi Borgesi yersiz sarı vərəqə aldığı üçün əvvəl danladığını, sonra isə bağışladığını söyləyib: "Belə şeylərə çox həssas yanaşıram. Heç nədən sarı vərəqə almağı oyunçuya yaraşdırmıram. Buna görə hirsləndim. Amma eşidəndə ki, birinci "sarı"sıdır, fasilədə həm danladım, həm də bağışladım (gülür)".
O, II tsnifat mərhələsində İsveçrə "Sürix"inə qarşı keçirəcəkləri görüşlərdən də söz açıb: "İlk oyundan elə hiss olunur ki, sanki Çempionlar Liqasının pley-offundayıq. İkinci rəqibimiz daha üstündür. Bugünkü atmosfer motivasiya baxımından yetərli olmaya bilər. Amma futbolçularım xeyli böyüyüblər, istənilən rəqibə qarşı motivasiya ola bilirlər. Nadir hallarda problem olur. Elə rəqib olur ki, futbolçuları daha çox, bəzən isə nisbətən az motivasiya edirik. Bəzi rəqiblərin üstünə maksimum aqressiya ilə çıxmaq problem yaşada bilər".
Baş məşqçi yeni oyunçu axtarışlarının davam etdiyini bildirib: "Əmin olduqdan sonra transfer etmək istəyirik. O qədər başımıza iş gəlib ki, son anda alınmayıb. Yenə də bunda xeyir görmüşük. Deyək ki, heyəti mütləq gücləndirməliyik, belə fikrimiz yoxdur. Müəyyən çatışmazlıq ola bilər. Amma futbolçuların işgüzarlığı inam verir. Nə qədər çox usta oyunçu olsa, hazırlıq daha yaxşı səviyyədə olur".
Qurbanov 5-ci qoldan sonra Elçin Rəhmanovun kövrəlməsinin və ona sarılmasının sosial şəbəkələrdəki təzyiqlərlə bağlı olmadığını qeyd edib: "Dünən də demişdim ki, hər bir yazıya hörmətlə yanaşırıq. Bu cür şeyləri normal qarşılayıram. Elçin müəlimin kövrəlməsi normaldır. Məndə də olur. Ümumiyyətlə, bu, futbola bağlı hər kəsdə baş verə bilər. Tənqiddən də, tərifdən də hiss edirəm ki, onlar komandanın arxasındadır. Belə yazılara normal baxıram. Elçin müəllimin kövrəlməsinə gəlincə, mən də kövrəlirəm. Futbolda belə halların yaşanmaması mümkün deyil. Ətraf ölkələrə baxsaq, bizdən hələ heç nə yazılmır".
O, rəqibin oyununu xeyli təhlil etmiklərini söyləyib: "Özlüyümdə 120 dəqiqəni də fikirləşmişdim. Düşüncəmdə əlavə 30 dəqiqədə bəzi dəyişikliklər var idi. Startda şanssız qol buraxdıq. Bəzən belə şeylərə sevinirəm. Futbolçularımın özlərini itirməməsi, yenidən oyuna qoşulması çox vacib amildir. Bu intizamı qorumaq çətindir. Yenə də eyni hücumları qurduq. 5-ci qoldan sonra mərhələ adlamağımıza şübhə etmədim. Gördüm ki, onlar da bir az həvəsdən düşüblər".
Qurbanov Leandro Andradeni start heyətində meydana buraxmamasının səbəbini də açıqlayıb: "Evdə həm azarkeş təzyiqi, həm təcrübə olur. Andradenin oradakı oyunundan razı qalmışdım. Onun üstünlüklərindən gələcəkdə çox istifadə edəcəyik. Bu gün futbol elə səviyyəyə gəlib ki, istənilən oyunda böyük hesab ola bilər. Əvvəllər bunu 2-3 komanda edirdisə, indi çox matçlarda belə olur. Futbol elmi daha da artıb. Məşqçilər, düşüncələr genişlənib. Bizim də 5-6 qol buraxdığımız oyunlar olub. Əlbəttə ki, sevinirik. Hər şey bir tərəfə azarkeşlər üçün sevinirik ki, gəlib həzz aldılar.
Baş məşqçi polşalıların "Qarabağ"dan qisas almaq istəyinin komandasına motivasiya vermədiyini əlavə edib: "İnanın ki, belə deyil. Əvvəldən iki oyuna hazırlaşırdıq. Kim bilir, bundan sonra hansı rəqiblərlə düşəcəyik, nəticə necə olacaq. İnanmıram ki, hansısa komanda belə fikirlə hazırlaşsın".
O, "Sürix"lə ilk görüşün Bakıda keçirilməsini komandası üçün üstünlük sayıb: "Futbolçuların daha çox istirahət etməsi üçün üstünlükdür. Həftəlik mübarizə olanda oyundan sonra futbolçuların bərpası önəmli olur".
Qurbanov sonda zədəli Qara Qarayevin durumuna da toxunub: "Konkret fikir bildirmək çətindir. Sabah ikinci dəfə müayinədən keçəcək. Tam ciddi yox, amma bir az problemi ola bilər. Sabah daha dəqiq məlumat vermək olacaq".