Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyul 2022 11:39
16 iyul 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana işgüzar səfəri çərçivəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazir Ceyhun Bayramov dəvətə görə təşəkkür edərək, Azərbaycan Respublikasının Prezidenti və Baş naziri adından Gürcüstan Baş nazirinə ən xoş salamlarını çatdırıb. Azərbaycan və Gürcüstan arasında mövcud olan ənənəvi dostluq, mehriban qonşuluq, strateji tərəfdaşlıq münasibətlərinin möhkəm təməl üzərində qurulduğunu bildirib. Nazir, iki ölkə arasında mövcud olan yüksək səviyyəli siyasi dialoqun, intensiv qarşılıqlı səfərlərin münasibətlərin daha da inkişafına müsbət təkan verdiyini vurğulayıb.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının Prezidentinə və Baş nazirinə dərin ehtiramla salamlarını çatdırıb, ikitərəfli əlaqələrin dinamik şəkildə inkişafından məmnunluq ifadə edib.
Tərəflər, iki ölkə arasında diplomatik münasibətlərin 30 illiyinin qeyd olunduğu bir dönəmdə iqtisadi, ticarət, enerji, nəqliyyat, humanitar və s. sahələrdə əməkdaşlığın inkişafı perspektivləri üzrə fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşə ev sahibliyinə görə Gürcüstan tərəfinə təşəkkür edərək, post-münaqişə mərhələsində Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar barədə məlumat verib.
Baş nazir Qaribaşvili sülhün əldə edilməsi səylərini alqışladıqlarını və Gürcüstanın bu prosesi dəstəklədiyini, bu xüsusda ev sahibliyi etdikləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün əhəmiyyətini vurğulayıb.
Tərəflər, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.