Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyul 2022 21:12
Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə Xəzər dənizinin sahil zolağında, çimərliklərdə sanitariya-gigyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirləri davam etdirir.
DİN-in Mətbuat xidmətindən bildirilib ki, iyulun 13-də keçirilən növbəti belə tədbir zamanı Sumqayıt şəhərində dəniz sahilində yerləşən 3 istirahət mərkəzində atmosferə atılan zərərli maddələrin zərərsizləşdirilməsi üçün tüstü bacasına təmizləyici qurğuların quraşdırılmaması faktı aşkar edilib.
İnzibati Xətalar Məcəlləsinin 237.1-ci (müəssisələr, qurğular və başqa obyektlər istismara verildikdə və ya istismar müddətində ekoloji tələblərin pozulması) maddəsinin tələbini pozduqlarına görə həmin istirahət mərkəzlərinin vəzifəli şəxsləri V.Rüstəmli, K.Camalov və R.Tapdıqov barəsində inzibati xəta haqqında protokollar tərtib olunub.
İyulun 14-də keçirilən tədbir zamanı isə Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsinin yaxınlığından keçən Hövsan su kanalına "QAZ-52" markalı nəqliyyat vasitəsindən çirkab sularının boşaldılması aşkar edilib. İnzibati Xətalar Məcəlləsinin 266.1-ci (istehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması) maddəsinin tələbini pozduğuna görə həmin nəqliyyat vasitəsinin sürücüsü N.Xudiyev barəsində inzibati xəta haqqında protokol tərtib olunub.