Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Əkinçi”dən ötən 147 il

“Əkinçi”dən ötən 147 il

Tarix: 22 Iyul 2022 16:48

"Düşünməyin ki, xalqın maariflənməsi elə şeydir ki, bir məqalə, ya pyeslə ona nail olmaq olar. Xeyr, bunun üçün qat-qat artıq əziyyət çəkməlisən. Bir, hətta on nəfərin ömrü və zəhməti buna azdır..."  Azərbaycanın ilk qəzetinin sahibi və baş redaktoru Həsən bəy Zərdabi bu məşhur sitatı ilə maarifçiliyi bütün dəyərlərin önünə qoydu və özündən sonra elə bir yol açdı ki, biz düz 147 ildir ki, həmin yolla gəlirik. Bu yolun təməl prinsipi isə maarifçilikdir. Bu gün maarifçi əcdadımızın yaratdığı "Əkinci" qəzetinin ad günüdür. 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin əsasını qoyduğu "Əkinçi" təkcə milli mətbuatı ictimai fikir hadisəsinə çevirmədi, o, həm də bunu milli şüur və kimlik səviyyəsinə qaldırdı. Cəmi iki il fəaliyyət göstərən və 56 nömrəsi işıq üzü görən "Əkinçi" bu qısa vaxtda elə bir salnamə yaratdı ki, o mətbuatı bütöv bir xalqın taleyinə çevirdi.

Ümumiyyətlə, XIX əsr Şərqlə Qərb, tarixlə müasirlik, azadlıqla əsarət arasında başlayan gərgin mübarizə dövrü kimi xarakterizə olunurdu. Bu dövrün Azərbaycan və ətraf regiona verdiyi ən böyük dəyərlərdən biri əlbəttə ki, "Əkinçi" idi. "Əkinçi" Azərbaycan tarixində ona görə əhəmiyyətlidir ki, onun xəmiri maarifçilik ideyalarından yoğrulmuşdu və bu amal uğrunda o sona qədər mübarizə apardı, gələcək nəsillərə məhz bu möhtəşəm irsi yadigar qoydu. Hətta Azərbaycan mətbuatı müxtəlif siyasi formasiyalar şəraitində belə öz ideallarından dönmədi. Xalq Cümhuriyyəti dövründə yaranan və Üzeyir bəy Hacıbəylinin baş redaktoru olduğu "Azərbaycan" qəzeti ilə davam edən yol dəyərli irs formalaşdırdı. Hətta sovet illərində belə Azərbaycan mətbuatı heç vaxt öz simasını itirmədi. Ötən əsrin 30-cu illərindən başlayaraq 50-ci illərin sonlarına qədərki çətin və mərhumiyyətlərlə dolu dövr istisna olmaqla milli mətbuatımız hər zaman cəmiyyətin önündə getdi, onun maarifçi ideyalarının yaşadılmasında mühüm rol oynadı. Bu dövrün ən mühüm naliyyəti bizim ana dilimizi məhz mətbuat vasitəsilə qorumağımız idi. Sovet dövrü cəmiyyəti nə qədər də ideoloji  aspektlərə qulluq etməyə məcbur etsə də Azərbaycan ədəbi dilinin mətbuat üslubunun formalaşmasına mane ola bilmədi. 

Müstəqillik dövrünün özünü də elə mətbuat yaratdı. Müstəqilliyin ilk illərində mətbuatımızın ortaya qoyduğu mövqe əslində "mətbuat hansı məqamda milli ola bilər" sualına ən yaxşı cavab idi. Ermənistan-Azərbaycan münaqişəsi başlamışdı. Torpaqların işğal olunması, ölkənin ciddi humanitar böhranla üzləşməsi fonunda biz Azərbaycan mətbuatındakı milli xətti müşahidə edirdik və bu çətin dövr jurnalistlərin həm peşə, həm də əsil vətəndaş mövqeyini üzə çıxarmışdı. 

1998-ci ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə mətbuat üzərində senzuranın ləğv olunması müstəqil Azərbaycanın tarixi naliyyəti idi və milli mətbuatın demokratik inkişaf qaydaları o fərmanla başladı. Çünki müharibə vəziyyətində yaşayan, torpaqları işğal altında olan, 1 milyondan çox qaçqını və məcburi köçkünü olan bir ölkədə media üzərindən senzuranın götürülməsi böyük siyasi iradə tələb edirdi. Heydər Əliyev bu missiyanı da şərəflə yerinə yetirdi. Bir müddət sonra mətbuat üzərində nəzarət funksiyasını yerinə yetirən dövlət qurumu - Mətbuat və İnformasiya Nazirliyi də ləğv olundu.

Ötən dövrə nəzər salanda görürük ki, çap mediasının problemlərindən tutmuş teleradio qurumlarının fəaliyyətinə maddi dəstəyin verilməsi, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün addımların atılmasına qədər xeyli iş görülüb. İndi isə mətbuat sahəsində daha instutisional islahatların həyata keçirilməsi, Azərbaycanda yeni dövrün tələblərinə uyğun medianın qurulması və onun fəaliyyətinin dəstəklənməsi istiqamətində dövlət yeni strategiya ortaya qoyub, ölkədə başlayan genişmiqyaslı islahatlar paketi Azərbaycan mətbuatını da əhatələyib. Prezident  İlham Əliyevin media sahəsində islahatların dərinləşdirilməsi ilə bağlı fərmanı, Medianın İnkişafı Agentliyinin təsis olunması, media haqqında qanunun qəbul olunması Azərbaycan mediasının növbəti mərhələ üçün yenidən şəkillənməsi, müasir simasının formalaşması haqqında fikirlər yürütməyə əsas verir. 
Bu gün Azərbaycan jurnalistləri azaddır, sərbəstdir və onların bu formatda fəaliyyət göstərməsi üçün heç bir problem yoxdur. Dövlətin də, Prezidentin də jurnalistlərdən istədiyi yeganə mövqe onların milli məsələlərdə prinsipial olmasıdır. Jurnalistlərimiz də bu mövqeni hər zaman fəaliyyətlərinin ana xəttinə çevirib. Biz bunun bəhrələrini 44 günlük Vətən müharibəsində də gördük. Həmin günlərdə Prezident həm də informasiya savaşının önündə gedirdi. Biz haqlı olduğumuzu sübut etməli, Ermənistan tərəfinin əsassız iddialarına qarşı duruş gətirməli idik. Azərbaycan Prezidenti hərbi əməliyyatların getdiyi bir dövrdə gərgin iş qrafikinə baxmayaraq, ölkənin mövqeyini yüksək səviyyədə dünya ictimiayyətinə çatdırdı. 90-cı illərin əvvəli ilə müqayisədəki fərq həm də bunda idi. Dünya gördü ki, indi Azərbaycanın haqlı mövqeyini beynəlxalq birliyə çatdıran lideri var. Müharibə başlayandan aralarında televiziya, informasiya agentliyi və qəzet  olmaqla 30-dan çox beynəlxalq media orqanına müsahibə verən Prezident İlham Əliyev öz müsahibələri ilə Ermənistanın əsassız təbliğatına zərbə vurdu. Bununla yanaşı, o, beynəlxalq jurnalistikada bir balans yaradaraq Azərbaycanın haqq səsini dünyaya uğurla çatdırdı.

Jurnalistlərimiz də fədakarlıqları ilə seçildi. Sirac Abışovun və Məhərrəm İbrahimovun timsalında Azərbaycan jurnalistləri həm də yaxşı vətəndaş olduqlarını sübut etdilər. Deməli, Vətən hamı üçün Vətəndir. Jurnalistlər üçün isə ikiqat Vətəndir.
Mirzə Fətəli Axundov o dövrdə Həsən bəy Zərdabiyə yazdığı məktubunda deyirdi ki, sənin qəzetin təkcə xəbər verməyəcək, həm də adamlara savad öyrədəcək. Həqiqətən də "Əkinçi" qəzeti bizə savad öyrətdi. Həsən bəy özü isə deyirdi ki, "Sözünü o kəslərə de ki, sənə qulaq asmırlar! Heç olmaz ki, doğru söz yerdə qalsın...". Doğru söz yerdə qalmadı və Azərbaycan mətbuatı 147 ildə öz simasını qoruyub saxlayaraq millətin sözünü dedi, xalqın və dövlətin maraqlarının qorunması onun üçün hər zaman ön planda oldu. Belə məqamlarda Azərbaycan mətbuatı hər zaman milli oldu, milli düşündü, milli yazdı. Maarifçilik düşüncəsindən, öyrənmək və öyrətmək missiyasından heç vaxt əl çəkmədi. 


Etiketlər:  Əkinçidən ötən


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ