Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya ilə İsrail arasında qalmaqal böyüyür

Rusiya ilə İsrail arasında qalmaqal böyüyür

Tarix: 25 Iyul 2022 16:16

Rusiya Ədliyyə Nazirliyinin Moskva üzrə Baş İdarəsi  "Soxnut" Beynəlxalq Yəhudi Təşkilatının ləğvi tələbi ilə paytaxtın Basmannı Məhkəməsinə müraciəti İsraildə ciddi etiraz doğurub. Qeyd edək ki, məhkəmə "Soxnut" Beynəlxalq Yəhudi Təşkilatı adlı qeyri-kommersiya təşkilatının ləğvi ilə bağlı iddianı artıq qəbul edib. 

Sonxeber.net Yeni Müsavat-a istinadla bildirir ki, Ədliyyə Nazirliyi həmçinin qurumun Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrindən çıxarılmasını xahiş edir. Departament hesab edir ki, təşkilat Rusiya qanunlarını pozub. Bu iddia üzrə məhkəmə iclası iyulun 28-nə təyin edilib.Qeyd edək ki, təşkilat İsrailə repatriasiyaya(vətənlərinə köçmək istəyənlərə) köməklik göstərir.

Məhkəmə iddiasında əvvəl Ədliyyə Nazirliyi qurumun fəaliyyətində yoxlama aparıb. Mayın 30-dan iyunun 27-dək davam edən yoxlamaların rəsmi nəticələri haqda məlumat açıqlanmayıb. "Soxnut" Beynəlxalq Yəhudi Təşkilatı Moskvadakı nümayəndəliyini Tel-Əvivə köçürməyi planlaşdırır. Qeyd olunur ki, təşkilat İsrailə köçmək istəyən Rusiya vətəndaşları ilə məsafədən işləməyə davam edəcək.  Distant iş rejimi yaşlı insanlar üçün çətinlik yaradacaq. Yaxın illərdə Rusiyadan İsrailə köçənlərin sayı ciddi şəkildə azalacaq.

İsrailin baş nazir Yair Lapid bildirib ki, "Soxnut"un məhkəmə qərarı ilə qapadılması İsrail və Rusiya arasında münasibətlərə ciddi təsir edəcək hadisə olacaq. O, Moskva ilə əlaqələrin İsrail üçün çox vacib olduğunu vurğulayıb və qeyd edib ki, Rusiya Federasiyasında böyük yəhudi icması var.

"Rusiya ilə münasibətlər İsrail üçün vacibdir, Rusiyadakı yəhudi icması böyük və əhəmiyyətlidir. Agentliyin ofislərinin bağlanması iki ölkə arasında münasibətlərə təsir edəcək böyük hadisə olacaq"deyə, Lapid bildirib.

Baş nazir məsələ ilə bağlı İsrailin bir sıra nazirlik və idarələrinin nümayəndələri ilə görüş də keçirib. Tədbir zamanı Rusiyadakı "Soxnut"un gələcəyini müzakirə etmək üçün Moskvaya nümayəndə heyətinin göndərilməsi qərara alınıb. Lapid nümayəndə heyətinə daxil olan vəkillərə Rusiya tərəfi səfərə razılıq verən kimi Moskvaya getməyə hazır olmaq tapşırığı verib. 

"Jerusalem Post"un yazdığına görə, Ədliyyə Nazirliyinin agentliyə marağı gələcək repatriantların şəxsi məlumatlarını ehtiva edən məlumat bazası ilə bağlıdır. 

İsrailli politoloq Mark Novikovun isə iddiası daha maraqlıdır. Politoloqa görə, Moskva yəhudi iş, elm və mədəniyyət xadimlərinin ölkəni tərk etməsindən narazılığını bu cür reaksiya verərək bildirir. Moskva hesab edir ki, təşkilatın ləğvi ilə bu prosesin qarşısını ala bilər. 

Rusiya Yəhudi Konqresinin prezidenti Yuri Kanner "Danışır Moskva" radiostansiyasına açıqlamasında deyib ki, bu təşkilat sovet dövründə də qadağan edilib. O ümid etdiyini bildirib ki, danışıqlar yolu ilə təşkilatın ləğv edilməsinin qarşısını almaq olar.  

Azərbaycanda yəhudilərin iyirmiyə yaxın ictimai-mədəni və xeyriyyə təşkilatı fəaliyyət göstərir. Respublika səviyyəsində "Yəhudi Evi", "Azərbaycan-İsrail" Cəmiyyəti, Azərbaycan Yəhudi Qadınlar Assosiasiyası, "Yəhudi Mədəniyyət Mərkəzi", "Soxnut" Beynəlxalq Yəhudi Təşkilatının Azərbaycan bölməsi və digərləri fəaliyyət göstərir.


Etiketlər:  Rusiya ilə İsrail arasında qalmaqal böyüyür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ