Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyul 2022 10:50
Ali və orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi yaxınlaşdıqca yenə də "Facebook" və xüsusilə "Instagram" sosial şəbəkələrində ayrı-ayrı şəxslər özlərini ekspert kimi təqdim edərək abituriyentlərə ödəniş müqabilində ixtisas seçimi həyata keçirə biləcəklərini yazırlar.
Bu barədə Dövlət İmtahan Mərkəzindən xəbər verilib.
Bildirilib ki, həmin şəxslərin istifadəçilərin suallarına verdikləri cavablara diqqət yetirdikdə onların abituriyentləri səhv istiqamətə yönəltdikləri, yanlış cavablar verdikləri məlum olur:
"Abituriyentlər ixtisas seçimi zamanı diqqətli olmalı, bu tip şəxslərin aldadıcı çağırışlarına əhəmiyyət verməməli və ən əsası ixtisas seçimini özləri həyata keçirməlidirlər. Bəzən abitriyentlər bu işi başqalarına həvalə edirlər. Lakin həmin şəxslər bir çox hallarda yanlış seçim edir və ya ixtisas seçimi ərizəsini ümumiyyətlə təsdiq etmirlər. Bu isə arzuolunmaz hallara gətirib çıxarır. "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin doldurulma qaydası "Abituriyent" jurnalının müvafiq nömrələrində dərc olunur. Burada, həmçinin qəbul aparılan ixtisaslar, onların kodları göstərilir. Ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələri elan olunduqdan sonra hər ixtisas qrupu üzrə ayrıca "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?" adlı vəsaitlər nəşr olunur. Burada abituriyentlərin imtahan ballarının paylanması, eləcə də ali təhsil müəssisələrinə ixtisas qrupları üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar təqdim olunur" - deyə məlumatda qeyd edilib.