Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı və Ankara qlobal problemlərin həllində əsas həlqəyə çevrilir

Bakı və Ankara qlobal problemlərin həllində əsas həlqəyə çevrilir

Tarix: 27 Iyul 2022 10:24

Ukraynadakı müharibənin yaratdığı iki mühüm problem hazırda dünyanın diqqətindədir. Bunlardan biri qlobal ərzaq bazarındakı sürətli bahalaşma, gözlənən qıtlıq, digəri isə enerji təchizatı sahəsində yaranan böhrandır. Qərbin hər iki problemin həllinə nail olmaq üçün aylardır səy göstərdiyi bir məqamda Türkiyə və Azərbaycan bu fəaliyyətlərə mühüm töhfələr verməyi bacardı. İyulun 19-da Bakıda, 22-də İstanbulda əldə olunan razılaşmalar Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir, qlobal aclıq təhlükəsini önləmək imkanı yaradır...

Məlumdur ki, Rusiyanın Ukraynanın Qara dəniz limanlarını mühasirədə saxlaması nəticəsində mart ayından etibarən milyonlarla ton kənd təsərrüfatı məhsulu dünya bazarına çıxarıla bilmir. Ötən müddət ərzində Ukraynadan dənizdənkənar yollarla taxılın ixracına başlansa da, aylıq ixrac həcmini 2 milyon tondan yuxarı qaldırmaq mümkün olmayıb. Bu isə payıza doğru ucuz Ukrayna taxılından asılı olan Afrika və Yaxın Şərq ölkələri üçün böyük ərzaq qıtlığı, aclıq yarada bilər.

Qardaş Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə iyun ayından bəri bu fəlakətin önlənməsi, Ukrayna taxılının dünya bazarına yolunun açılması istiqamətində böyük və uğurlu proses başladılıb. Türkiyə prezidenti siyasi nüfuzundan istifadə etməklə Rusiya və Ukraynanı BMT-nin də iştirakçı olduğu taxıl dəhlizinin açılmasına razı sala bildi. İstanbulda əldə olunan razılaşmaya əsasən, Ukraynadan çıxan gəmilərə Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndələri birlikdə baxış keçirəcəklər. Yükü İstanbulda boşaldıb qayıdan gəmilərə də, eyni qaydada, silah daşınmaması üçün nəzarət olunacaq.

Türkiyə Milli Müdafiə Nazirliyinin Twitter hesabında yerləşdirilən məlumatda qeyd olunur ki, İstanbulda formalaşdırılan dördtərəfli mərkəz tərəfindən Ukrayna taxılının dünya bazarına çıxarılması istiqamətində işlər davam etdirilir. Mərkəz Türkiyə MMN-in universitetində, İstanbulun Bosfor sahilindəki Levent rayonunda yerləşir.

Razılaşmadan sonrakı 2 gündə taxıl qiymətləri Ukraynada müharibə başlayandan 14 gün əvvəlki - 10 fevraldakı səviyyəyə düşüb. Çikaqo əmtəə birjasında buğdanın qiyməti 6 faizədək ucuzlaşıb. Birjada iyul ayına olan buğda fyuçersləri 10 fevraldan bəri ən aşağı həddə - 1 buşel üçün 7,50 dollara qədər azalıb.

Buğda diplomatiyası" ucuzlaşma yaradacaq?

İstanbul razılaşması bütün tərəflərin uduşlu çıxdığı proses kimi tarixə düşür. Belə ki, razılaşmanın Ukrayna üçün ən mühüm əhəmiyyəti ölkəyə irihəcmli gəlirlərin gəlməsinə səbəb olmasıdır. Müharibə başlayandan Ukrayna limanlarında qalan 80-dək gəmidə 22 milyon ton taxıl var. Ukrayna Prezidenti Volodimir Zelenskinin dediyinə görə, taxıl dəhlizi ilə çıxarılacaq kənd təsərrüfatı məhsullarının satışından ölkəsi 10,5 milyard dollar gəlir əldə edəcək. Bu, ağır şərtlər altında işğalçıya qarşı müdafiə olunan ölkə üçün kifayət qədər böyük vəsaitdir.

İstanbulda imzalanan sənədlər, həm də Rusiya taxılı və gübrələrinin dünya bazarına rahat çıxışını təmin edir. Məsələ burasındadır ki, birbaşa sanksiyalar olmasa da, Qərbin Rusiya mallarını daşıyan gəmilərə maliyyə, sığorta xidmətlərini qadağan edən qərarları bu ölkədən ərzaq məhsullarının ixracına ciddi problemlər yaradıb. Rusiya son 4 ayda nəzərdə tutulandan 5 milyon ton az buğda ixrac edə bilib. İstanbulda əldə olunan razılaşmalar, həm də Qərbin Rusiyadan ərzaq məhsulları və onların istehsalı üçün zəruri olan gübrələrin ixracına yaranan maneələri aradan qaldırmasını nəzərdə tutur. Bu isə dünya bazarına yalnız Ukrayna deyil, Rusiya kənd təsərrüfatı məhsullarının da çıxışının təmin olunması, son nəticədə yüz milyonlarla insanın aclıq təhlükəsindən qurtulması deməkdir. Artıq Türkiyə Ukrayna limanlarından taxılı daşıyacaq gəmiləri müşayiət etmək üçün özünün iki hərbi gəmisini Qara dənizə göndərib.

İspaniya Ukraynadan 8 min ton taxılın daşınması təşəbbüsünə başçılıq etməyə  hazırdır - AZƏRTAC

Hazırda Avropa ilə Rusiya arasında qaz təchizatı sahəsində münasibətlərin son dərəcə kəskinləşməsi müşahidə olunur. İyulun 27-dən etibarən Rusiya Avropaya qaz nəqlini minimum həddə salacaq. "Qazprom" şirkətinin iyulunun 25-də açıqladığı məlumatda "Şimal axını 1" kəməri ilə qaz nəqlinin mövcud gündəlik 67 milyon kubmetrdən 33 milyon kubmetrə qədər azaldıldığı bildirilib. Şirkət bunu "Liman" məntəqəsində kompressor stansiyasının daha bir mühərrikinin əsaslı təmirə dayandırılması ilə bağlasa da, artıq Avropa İttifaqından bu addımın siyasi şantaj olduğuna dair açıqlamalar gəlməkdədir.

Xatırladaq ki, bir neçə gün əvvəl İranda olarkən Rusiya prezidenti Vladimir Putin kəmərlə qaz nəqlinin daha da azaldılacağının anonsunu vermiş, Avropanı "Şimal axını 2" kəmərinin istismarına icazə verməyə çağırmışdı. Hələ iyunun ortalarından Rusiyanın "Siemens" şirkətinə məxsus mühərrikin təmirdən sonra Kanadadan vaxtında gətirilməməsini əsas gətirməklə "Şimal axını 1"lə qaz nəqlini 60 faiz azaltmışdı. "Siemens" isə, əslində, "Qazprom"da yetərincə ehtiyat mühərrik olduğunu açıqlayaraq, Moskvanın məqsədinin Avropanı təhdid etmək olduğunu bəyan etmişdi. Daha sonra Kanada mühərrikin ölkədən çıxarılmasına icazə verdi, avadanlıq Almaniyaya çatdırıldı. Artıq 10 günə yaxındır ki, Rusiya ən müxtəlif bəhanələrlə mühərrikin öz ərazisinə gətirilməsinə imkan vermir. Son olaraq prezident Putin açıq şəkildə Avropadan "Şimal axını 2"nin istismarına icazə verilməsini tələb etməklə əslində mühərriklə bağlı məsələsinin sırf bəhanə olduğunu nümayiş etdirdi.

Avropa Komissiyasının rəhbəri Ursula on der Lyayen iyulun 25-də - hələ "Qazprom" qaz nəqlinin daha 50 faiz azaldılmasını elan etməzdən əvvəl Avropanın Rusiyadan qaz nəqlinin tamamilə dayanmasına hazırlaşdığını, bu perspektivin real olduğunu bəyan edib. Ötən həftə Avropa Komissiyası ittifaq ölkələrinin qaz istehlakını 15 faiz azaltmasına dair təklif-qərar qəbul edib. Həmin qərara əsasən, 1 avqust 2022-ci ildən 31 mart 2023-cü ilədək Avropa Birliyi ölkələri qaz istehlakını 15 faiz azaltmalıdılar. Bu, 45 milyard kubmetr qaza qənaət demək olacaq və Avropanın Rusiya qazı olmadan qış mövsümündən çıxmasını təmin edəcək.

Aİ energetika nazirləri bu gün müəyyən kompromislərlə Avropa Komissiyasının təklif etdiyi qərarı qəbul edib. Qərar Avropanın Rusiyadan almalı olduğu 45 milyard kubmetr qaza qənaətə imkan verəcək. Bu, Rusiyanın Avropaya tədarük etdiyi illik qaz həcminin üçdə biri deməkdir. Avropa qalan həcmlərin bir hissəsini maye qaz satıcılarından, qalan hissəsini isə Norveç, Əlcəzair və Azərbaycandan almaq niyyətindədir.

İyulun 18-də Bakıda Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenlə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı enerji memorandumu bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Xanım Lyayen Bakıya gəlişi ərəfəsində Rusiyanın etibarlı tərəfdaş olmadığını, Bakıya Azərbaycan kimi etibarlı tərəfdaşdan qaz almağa gəldiyini açıq qeyd etmişdi. O, Bakıda imzalanan memorandumda nələrin nəzərdə tutulduğunu imzalanma mərasimindən sonra belə ifadə edib: "Bizim Anlaşma Memorandumumuzun üç məqamını vurğulamaq istəyirəm. Birincisi, biz Azərbaycandan Avropa İttifaqına təchiz edilən qazın həcmini ikiqat artıracağıq. Bu Memorandum vasitəsilə biz Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı üzərimizə öhdəlik götürürük. Bu, artıq Avropa İttifaqı üçün çox vacib təchizat marşrutudur və onun vasitəsilə ildə 8 milyard kubmetr qaz nəql edilir. Biz bir neçə il ərzində onun ötürücülük imkanını 20 milyard kubmetrə çatdıracağıq. Gələn ildən biz 12 milyard kubmetr göstəriciyə çatacağıq, beləliklə Rusiyadan qaz təchizatının həcmini azaldacağıq və Avropanın təchizat təhlükəsizliyinə ciddi töhfə verəcəyik. Memorandumdakı ikinci mühüm məqam bərpaolunan enerji ilə bağlıdır. Azərbaycan bərpaolunan enerji sahəsində nəhəng potensiala malikdir. Xüsusilə də dənizin külək enerjisini və "yaşıl" hidrogeni qeyd etmək istəyirəm. Bu gün imzalanan Anlaşma Memorandumu vasitəsilə biz həmin sahədə əməkdaşlığımızın möhkəm təməlini qoyuruq. Azərbaycan yanacaq növlərinin təchizatçısı olmaqla yanaşı, tədricən Avropa İttifaqı üçün bərpaolunan enerji növlərini təchiz edən mühüm və etibarlı tərəfdaşa çevriləcək".

Göründüyü kimi, Avropa İttifaqı Azərbaycandan yalnız qaz deyil, yaşıl enerji - külək və günəş enerjisi, həmçinin hidrogen almaq niyyətindədir. Bu isə ölkəmizin Avropanın enerji təminatındakı rolunun daha da artması, münasibətlərin daha yüksək müstəviyə çıxarılması deməkdir. Hələlik Azərbaycan Avropaya təbii qaz tədarükünü artırır. Bu qaz "Şahdəniz" yatağından hasil edilir. Lakin yaxın gələcəkdə "Abşeron", "Şəfəq", "Asiman", "Ümid-Babək" və "Azəri-Çıraq-Günəşli"nin dərin qaz adlandırılan yataqlarından da irihəcmli qaz hasil olunaraq, Avropa İttifaqının dəstəyi ilə genişləndirilməsinə başlanacaq Cənub Qaz Dəhlizi ilə nəql ediləcək.

Prezident İlham Əliyev və Şarl Mişelin iştirakı ilə mətbuat konfransı: əsas  bəyanatlar

Prezident İlham Əliyev Azərbaycanın Avropa ilə əməkdaşlığının mühüm istiqamətlərini uzaqgörənliklə müəyyənləşdirməyi bacarıb. Onun Bakıdakı imzalanma mərasimindəki çıxışında bu istiqamətlər açıq göstərilib: "Bu il biz Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoquna başlamışıq. Azərbaycanda bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensial Avropa İttifaqı tərəfindən artıq yüksək dəyərləndirilir. Biz külək və Günəş enerjisinə artıq sərmayə qoyuluşu prosesinə başlamışıq. Potensialımızla bağlı artıq ilkin qiymətləndirməni aparmışıq. Deyə bilərəm ki, Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində Günəş və külək enerjisinin potensialı 9200 meqavatdır. Xəzər dənizində külək enerjisinin potensialı isə 157 qeqavata bərabərdir. Bir sözlə, bizim nəhəng resurs ehtiyatlarımız var".

Göründüyü kimi, iki qardaş ölkə, strateji müttəfiq dünyanın üzləşdiyi ən ciddi problemlərin həllində aparıcı həlqəyə çevrilməkdədir. Uğurlu xarici siyasətin davamı yaxın gələcəkdə onların regional və beynəlxalq siyasətdəki rolunun qat-qat artmasını şərtləndirəcək.


Etiketlər:  Bakı Ankara qlobal problemlərin həllində əsas həlqəyə çevrilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ