Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Elə üslubda oynayırıq ki, böyük hesabla uduza da bilərik" - Qurban Qurbanov

Tarix: 8 Avqust 2022 21:22

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Macarıstanın "Ferentsvaroş" komandasına qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini bölüşüb.

Milli.Az matc.az-a istinadən bildirir ki, Ağdam təmsilçisinin çalışdırıcısı bu gün Budapeştdə baş tutan mətbuat konfransında bunları söyləyib:

"Çox gözəl şəhərə gəlmişik. Əla stadion gördüm. Belə bir arenada yaxşı oyun göstərməliyik. Hər iki komanda çox istəklidir. Biz buraya böyük inamla gəlmişik. Rəqib çox yaxşı təşkilatlanmış komandadır, bacarıqlı oyunçuları var. Futbolçularıma inanıram. Sonadək mübarizə aparacağıq".
 
O, əvvəlki illərə nisbətən bu mövsüm ilk mərhələdən ciddi rəqiblərlə qarşılaşdıqlarını söyləyib: "Ferentsvaroş" 3-cü təsnifat mərhələsinə keçibsə, deməli, səviyyəli komandadır. Heyətində sıradan futbolçu yoxdur. Hər xətdə bacarıqlı və usta oyunçuları, həmçinin, hamımızın hörmət etdiyimiz baş məşqçiləri var. Bu rəqib əvvəlkilərdən güclü ola bilər. Amma biz dəfələrlə özümüzdən yaxşı komandalara qarşı çəkinmədən oynamışıq. Bu cür kollektivlərlə mübarizə aparmaq bizim üçün xoşdur".
 
Təcrübəli baş məqşçinin sözlərinə görə, hər oyun komandası üçün futbol döyüşüdür: "Meydanda vuruşmasaq, istədiyimiz nəticəni əldə edə bilmərik. Böyükhesablı qələbələr il ərzində nadir hallarda olur. Çempionlar Liqasında çox diqqətli olmalıyıq. Son vaxtlar elə üslubda oynayırıq ki, böyük hesabla uduza da bilərik. Amma heç vaxt ehtiyatı əldən vermirik. Böyük hesab haqqında düşünmürük".
 
Qurbanov "Ferentsvaroş"un prezidenti Qabor Kubatovun azərbaycanlı olmadığını sözləyib: "Bunu özü də etiraf etdi. Amma bunun önəmi yoxdur. Biz meydanda rəqibik. Sabah cütün taleyi həll olunmalıdır".
 
50 yaşlı mütəxəssis sabah Bakıdakından daha yaxşı oynamalı olduqlarını vurğulayıb: "Qələbə üçün buna ehtiyac var. İndi rəqibi daha yaxından tanıyırıq. Stanislav Çerçesovun müsahibəsini oxudum. O da bizimlə eyni fikirdədir. Rəqib də boş durmur, gözləmədiyimiz variantlara əl atır. Mərhələ keçdikcə, daha diqqətli olmalıyıq. Qarşı tərəf də bu oyunu ciddiyə alır və hər xırdalığı müzakirə edir. Futbolçular tapşırıqlarımızı yerinə yetirmək üçün daim diqqətli olmalıdırlar. Məncə, həm taktiki, həm də mübarizə baxımından maraqlı oyun olacaq. Çox istərdim ki, azarkeşlər matçdan razı qalsınlar".

Milli.Az


Etiketlər:  Elə üslubda oynayırıq ki böyük hesabla uduza da bilərik Qurban Qurbanov


RƏYLƏR