Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Sentyabr 2019 14:54
Bakı. Trend:
STAR neft emal zavodunda artıq 4 milyon ton xam neft emal olunub. Cari ilin sonuna qədər bu rəqəm 8 milyon tona çatacaq.
Trend-in məlumatına görə, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev “SOCAR Türkiyə”nin Əliağadakı Xüsusi Sənaye Zonası statuslu ərazisində bir obyektin açılışı, digərinin isə təməlqoyma mərasimində deyib.
SOCAR prezidentinin sözlərinə görə, şirkət neft-qaz, emal və neft-kimya sektorlarında investisiyalarını davam etdirir: “Ötən ilin oktyabr ayında burada STAR neft emalı zavodunun açılış mərasimini keçirdik. Hələ bir il keçmədən yeni layihələrimiz üçün yenidən Əliağaya toplaşmışıq. Bu bizə qürur verir. Fəaliyətlərimizin mühüm bir hissəsini təşkil edən neft-kimya investisiyalarımız Azərbaycan iqtisadiyyatı üçün əlavə dəyər yaradaraq uzunmüddətli dayanıqlı gəlir mənbəyi təmin edir, eyni zamanda həm bölgəyə, həm də Türkiyəyə böyük mənfəət gətirir”.
R.Abdullayev vurğulayıb ki, son 10 il ərzində “Petkim”in ümumi gəlirləri 47,2 milyard lirə təşkil etmiş, xalis mənfəəti isə 4 milyard lirəni ötmüşdür. STAR neft emal zavodunda artıq 4 milyon ton xam neft emal olunmuşdur. Cari ilin sonuna qədər bu rəqəm 8 milyon tona çatacaq.
SOCAR-ın prezidenti saxlama obyektlərinin tutumunun artırılmasının STAR zavodunun məhsuldarlığına, emal təhlükəsizliyinə və istehsal olunacaq məhsulların bazarda ən optimal kommersiya şərtləri ilə reallaşdırılmasına mühüm töhfə verəcəyini qeyd edib: “Azərbaycan və Türkiyə arasında əsrlərdir davam edən dostluq əlaqələri iki ölkənin prezidentlərinin iradəsi və böyük dəstəyi ilə iqtisadi baxımdan da böyük mərhələ qət edilib. Gələcəkdə iki ölkənin birliyini daha da gücləndirmək naminə iqtisadi əlaqələrimizi daha da inkişaf etdirmək niyyətindəyik.”
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin