Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Avqust 2022 20:27
Qarabağ Azadlıq Təşkilatı (QAT) siyasi partiyaya çevriləcək. Təşkilatın İdarə Heyətinin qərarına uyğun olaraq, QAT-ın partiyaya çevrilməsi üçün qurultay çağırılıb.
Maraqlıdır, QAT-ın partiyaya çevrilməsi zərurəti nədən yaranıb? Yeni partiyanın adı nə olacaq?
Sonxeber.net modern.az-a istinadən bildirir ki, bu barədə danışan Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra cəmiyyətdə müəyyən suallar yaranmışdı. Hətta təklif olunurdu ki, QAT-ın adı dəyişdirilsin və ya ləğv olunsun:
"Özümüz də hiss edirdik ki, Qarabağ Azadlıq Təşkilatının ictimai xətlə qarşıya qoyduğu vəzifələrin böyük bir hissəsini dövlət, ordu, xalq həyata keçirib. Nəticədə, torpaqlarımız azad edilib. Digər ərazilərin də təmizlənməsi üçün proseslər gedir. Təklif edilirdi ki, QAT-ın ya adı dəyişdirilsin, ya da ləğv olunsun. Son beş-altı ayda biz bu məsələ barədə düşündük. Təşkilatın içində narazı olanlar da var idi. Bu gün də narazılara rast gəlmək olar. Bəziləri hesab edir ki, təşkilat fəaliyyətinə davam etməlidir. QAT ancaq yeni şəraitdə işini davam etdirə bilər. Bu mənada deyə bilərəm ki, yeni yaranan partiya QAT-ın varisidir. Bu gün partiyalararası dioloq və münbit şərait mövcuddur. Bu da siyasi partiyalara daha çox iş görmək üçün imkan verir".
Partiyanın adına gəlincə, Akif Nağı bəzi təkliflərin olduğunu söyləyib:
"Təşkilat komitəsi partiyanın Azad Vətən adlanmasını təklif edir. Lakin dəqiq qərar sabah qurultayımızda veriləcək".
Qeyd edək ki, QAT-ın yenidən təşkilinə dair qurultay 17 avqust 2022-ci il tarixində keçiriləcək. Akif Nağı partiya sədrliyinə namizəd irəli sürülüb.