Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Firəngiz Rəhimbəylinin ölümündə müəmma: ''Adətən, qadınlar...'' - Xalq artisti ilə müsahibə

Firəngiz Rəhimbəylinin ölümündə müəmma: ''Adətən, qadınlar...'' - Xalq artisti ilə müsahibə

Tarix: 20 Avqust 2022 19:15

Xalq artisti Valeh Kərimov sualları cavablandırıb.

Sonxeber.net teleqraf.com-a istinadən müsahibəni təqdim edirik.

- Valeh bəy, bir neçə gün öncə müğənni Firəngiz Rəhimbəyli dünyasını dəyişdi. Siz onunla "Bəxt üzüyü" filmində çalışmısınız, filmin ən maraqlı və yadda qalan səhnələrində tərəf-müqabili olmusunuz. Firəngiz xanımı necə xatırlayırsınız?

- Qəribədir, insan öləndən sonra sanki hamı üçün əziz olur, müqəddəsləşir. Rəhmətlik Cabir Novruz demişdi ki, sağlığında qiymət verin insanlara. 30 ildir Firəngiz haqqında nə yazılır, nə danışılır, amma vəfat edəndən sonra hamı yazmağa, soruşmağa başlayır.

Firəngiz xanım çox yaxşı insan idi, böyük müğənni, hərtərəfli incəsənət adamı idi. Həm müğənni, həm də aktrisa kimi istedadını göstərə bildi və tamaşaçı rəğbəti qazandl. Gözəl səsi var idi, öz müasirlərinin vaxtında Firəngiz sayılıb seçilirdi. Mahnıları dillər əzbəri idi. İnsanlarla rəftarında çox səmimi idi.

"Bəxt üzüyü" filminin çəkilişlərində iki ay Şüvəlanda qalıb bərabər işlədik. Boş vaxtlarımızda da söhbət edib zarafatlaşırdıq.

O, öz istedadı ilə sübut etdi ki, teatr və kino sahəsində də çalışa bilər. Təəssüf ki, onu yalnız "Bəxt üzüyü" filminə çəkdilər. Belə bir istedad kənarda qaldı.

Ordan-burdan aktrisaları dəvət edib çəkirdilər, öz istedadlılarımızı isə özümüz məhv etdik.

Uzun illərdir o, Amerikada yaşayırdı. "Bəxt üzüyü 2" filminin çəkilişlərinə gələndə görüşmüşdük. Yenə həmin şən Firəngiz idi. 62 yaş nədir ki? Ürəktutmasından dünyasını dəyişib, halbuki qadınlara xas xəstəlik deyil. Bildiyim qədər Amerikada yaşayışı, şəraiti yaxşı idi. Qızı da yanındaydı. Görünür, qismət beləymiş.

- Valeh bəy, filmdə Sevda rolu əvvəlcə aktrisa Yasəmən Məmmədovaya təklif olunmuşdu?

- Yasəmən Məmmədova Sevda rolunu Sumqayıt Teatrında oynamışdı. Filmə onu dəvət etməmişdilər. Başqa aktrisanı sınaqdan keçirdilər, amma yəqin bəyənmədiklərinə görə sonda Firəngiz xanım dəvət olundu. Ramiz Əzizbəyli yaxşı ki, Firəngizi çəkdi. Firəngiz o rol üçün tam uyğun idi.

- Bir müddət əvvəl işsizlikdən gileylənirdiniz. İndi necəsiniz?

- Elə indi də işim yoxdur. Pensiyada olan aktyoram. 8 ildir nə teatrda, nə də başqa yerdə işləyirəm. Evdəyəm.

- Dəvətlər də olmur?

- Olmur. Olanda da xoşagəlməyən dəvətlər olur, düşünürəm ki, razılıq verməyinə dəyməz.

- Hansısa teatrlara müraciət etmisiniz?

- Müraciət etməmişəm. Çünki məni yaşıma görə qanunla işdən çıxarıblar. O qanun da bütün teatrlara şamil edilir. Heç bir direktor o qanunu pozmağa cürət etməz.

- Mən müqavilə ilə işləməyi nəzərdə tuturdum.

- Görünür, istəmirlər.

- Qardaşınız Loğman Kərimov Şuşa Teatrında baş rejissor işləyir. Ondan da təklif almamısınız?

- Loğman kiçik qardaşımdır, niyə ağız açmalıyam? Şuşa Teatrının da öz aktyorları var. Bir teatra başqa aktyoru dəvət edəndə söz-söhbətlər yaranır, hamı narazılıq edir. Deyirlər, öz aktyorlarımızdan istifadə et. Bu qayda teatrlarda həmişə var, olub, olacaq da.

- Bildiyim qədər müxtəlif illərdə Azdramadan təklif almısınız.

- Çoxdan olub. Müqavilə əsasında Azdramanın səhnəsində Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesində oynamışam. Həmçinin Musiqili Teatrda da bir neçə dəfə müxtəlif tamaşalarda rollarım olub.

- Bəs niyə Azdramanın təklifini geri çevirmisiniz?

- Mən geri çevirməmişəm. Çeviriblərsə də özləri ediblər. Mənim bundan xəbərim yoxdur. Bəlkə başqası olsaydı deyərdi ki, təklifi mən qəbul etməmişəm. Amma mənim yalanla aram yoxdur. Elə dəvət olmayıb ki, mən də deyəm, gəlmirəm.

Eşitmişəm ki, onlar dəvət etmək istəyiblər, amma, görünür, teatrda narazılıq olub. Bayaq dedim ki, teatrlarda bu məsələlərə yaxşı münasibət göstərmirlər. Özü də Azdramada.

Azdramada işləmək istəyirdim və hətta bununla bağlı özüm bir dəfə təşəbbüs göstərmişdim. Amma nazirlik icazə vermədi.

- Səbəbini necə izah etdilər?

- Səbəbi o idi, Sumqayıt Teatrı da yaşamalıdır və mən orda hələ də lazımam.

- İndi teatrlara gedib tamaşalara baxırsınızmı?

- Maraqlı tamaşa olanda gedib baxıram. Pandemiyada teatrlar işləmədi, açılandan bəri hələ ki, getməmişəm.


Etiketlər:  Firəngiz Rəhimbəylinin ölümündə müəmma Adətən qadınlar Xalq artisti ilə müsahibə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ