Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2022 18:56
Cahillər elmə nifrət edər, savadsızlar heyran olar, müdrüklər isə ondan istifadə edərlər. Bu sözlər məşhur filosof Frensis Bekona məxsusdur. Azərbaycanda elə tarixi bir məqam yetişdi ki, Azərbaycan Prezidenti Fərman imzaladı, bu Fərman dövlətin elm və təhsillə münasibətlərini əsaslı şəkildə dəyişdirməlidir və nəhayət elm dövlətə xidmət eməlidir. İndi hər şey bu Fərmanın nə dərəcədə müdrikliklə həyata keçirilməsindən asılı olacaq. Hazırda elm və təhsil işçilərinin, elmimizin inkişafı üçün mühüm əhəmiyyət kəsb edən Prezident Fərmanının icrasına cavabdehlik daşıyacaq hökumət rəhbərlərinin göstərməli olduğu müdrikliyə, dərin təhlilə, təcrübəyə və düşünməyə ehtiyac var. Müasir elm elə bir dövrə qədəm qoyub ki, nəinki dərin biliyə sahib olmaq, həm də onu tətbiq etməyi bacarmaq lazımdır. Dövlətin inkişafı elmin nailiyyətlərinin nə dərəcədə uğurla tətbiq olunmasından asılıdır. Elmi nailiyyətlərin uğurlu tətbiqinə misal olaraq əhalinin həyat səviyyəsinin yüksək olduğu Yaponiya, Sinqapur, Finlandiya, Danimarka, Hollandiya, Cənubi Koreya və digər ölkələri göstərmək olar.
İslahatlar aparılarkən analoji islahatlar aparmış ölkələrin, xüsusən də qonşu dövlətlərin təcrübəsini nəzərə almaq, onların üzləşdiyi problem və çətinlikləri öyrənmək lazımdır.
Rusiyada elmdə islahatlar aparmaq üçün 2013-cü ildə Elmi Təşkilatlar üzrə Federal Agentlik (ETFA) yaradıldı və bu qurum cəmi 5 il fəaliyyət göstərdi. Əsas səhvlərdən biri ondan ibarət idi ki, ETFA-nın rəhbərliyində elmi işlərdə peşəkar təcrübəyə malik olan şəxslər yox idi, halbuki Rusiya Elmlər Akademiyasının (REA) və REA-ya birləşdirilən digər sahə Elmlər Akademiyalarının bütün əmlaklarının idarə edilməsi ETFA-ya həvalə edilmişdir. Rusiya Elmlər Akademiyasının prezidenti ETFA-nu çox tənqid edərək qeyd edir ki, onun fəaliyyət göstərməsi "elmi fəaliyyətin bürokratlaşmasına, inzibati və idarəetmə aparatının artmasına, eyni zamanda, inzibati və təsərrüfat fəaliyyətinin keyfiyyətinin pisləşməsinə" gətirib çıxarıb. REA-nın alimləri arasında aparılan sorğu göstərdi ki, alimlərin 64%-i vəziyyətin daha da pisləşdiyini təsdiq edirlər. Ona görə də digər ölkələrin acı taleyinin təkrarlanmaması üçün onların buraxdıqları səhvləri nəzərə almaq çox vacibdir. Azərbaycan Prezidentinin Fərmanını həyata keçirmək üçün dünya elminin vəziyyəti ilə yaxından tanış olan, elmi məktəblər keçmiş, dünya mərkəzlərinə dəvət olunmuş, həm dünya elminin, həm də Azərbaycanda elmin vəziyyəti ilə yaxından tanış olan nüfuzlu alimləri cəlb etmək lazımdır.
Özbəkistanda 2000-ci illərin əvvəllərində bütün elmi-tədqiqat institutları (ETİ) ölkənin ali məktəbləri arasında bölüşdürüldü, lakin böyük problemlərlə üzləşdilər. Bir neçə il bundan əvvəl bütün elmi-tədqiqat institutları Elmlər Akademiyası sisteminə qaytarılmış və onun maliyyəsi xeyli artırılmışdır. Xoşbəxtlikdən Özbəkistan Elmlər Akademiyasının əmlakı özəlləşdirilmədi ki, bu da böyük problemlərin qarşısını almağa imkan verdi. Gürcüstanda Elmlər Akademiyasının elmi-tədqiqat institutları ali məktəblərin tabeliyinə verildi, lakin təəssüf ki, Elmlər Akademiyasının bütün əmlakı sürətlə özəlləşdirildi ki, bu da lazım gəldikdə bəzi elmi-tədqiqat institutlarının bərpasına belə imkan vermədi. Bu gün bu ölkədə elm çətin günlər yaşayır. Ona görə də islahatlar aparılarkən Elmlər Akademiyasının Elm və Təhsil Nazirliyinin tərkibinə verilmiş əmlakının özəlləşdirilməsinin qarşısını almaq və bu əmlakdan yalnız elm və təhsilin inkişafı üçün istifadə etmək lazımdır. İslahatlar apararkən müasir elmin çağırışlarına xüsusi diqqət yetirmək lazımdır. Axı əsas məqsəd təkcə modernləşmə deyil, əhəmiyyətli islahatlara nail olmaqdır. Elmdə hər hansı bir uğura nail olmaq, onun dövlətə xidmət etməyi üçün illərlə zəhmət tələb olunur amma bütün nailiyyətləri məhv etmək üçün sadəcə bir an lazımdır. Ona görə də islahatlar diqqətlə, mərhələ-mərhələ aparılmalı və hər dəfə növbəti mərhələyə xələl gətirməmək üçün növbəti addımın nəticələrini təhlil etmək lazımdır. Bu gün müxtəlif səviyyələrdə və mətbuatda elmin prioritet istiqamətlərinin müəyyənləşdirilməsi, elmi-tədqiqat institutlarının yenidən qurulması, yeni elmi qurumların yaradılması təklif olunur və belə görünür ki, bundan sonra hər şey lazımı qaydada gedəcək. Necə deyərlər, deja vu, yəni artıq bu yoldan keçmişik. Elmlər Akademiyasında dəfələrlə prioritet istiqamətlər müəyyən edilib, müxtəlif struktur dəyişiklikləri, attestasiyalar aparılıb, yeni strukturlar yaradılıb və s. Hətda bütün bunlar təcrübəli alimlərin, elm nümayəndələrinin rəhbərliyi altında həyata keçirilib. Nəticədə yeni və keyfiyyətli heç nə alınmayıb. O zaman təbii sual yaranır, əsas problem nədir və elmi dövlətin xidmətinə vermək üçün nə etmək lazımdır? Bəlkə sahələrin yenidən qurulması və ya prioritetləşdirilməsi yanlış aparıla bilərdimi? Yalnız restrukturizasiya, prioritet sahələrin müəyyən edilməsi necə həyata keçirilsə də, kömək etməyəcək. Əsas problem ondan ibarətdir ki, biz elmi kadrların hazırlanmasının keyfiyyətinə görə dünya elmi ictimaiyyətindən xeyli geridəyik və ona görə də heç bir yeni struktur və ya prioritet istiqamətlər vəziyyəti dəyişməyəcək. Elmi kadrların hazırlanmasını kökündən dəyişmək və ancaq buna paralel olaraq prioritet istiqamətləri müəyyənləşdirmək, yeni elmi bölmələr yaratmaq lazımdır. Təkcə elmi-tədqiqat institutlarını birləşdirmək lazım deyil, mühüm istiqamətlərdə fəaliyyət göstərən bəzi elmi-tədqiqat institutlarından strukturları ayırmaq da mümkündür. Məsələn, təkcə neft sənayesinin deyil, bütövlükdə sənayenin inkişafı üçün vacib olan Rəqəmsal Texnologiyalar və Süni İntellekt İnstitutunun yaradılması məqsədəuyğun olardı.
Əvvəlki məqalələrdə dəfələrlə doktoranturada köklü dəyişikliyin zəruriliyi barədə yazmışam, çünki belə dəyişikliklər elmi kadrların hazırlanmasının keyfiyyətini yüksəldəcək və beynəlxalq sistemə inteqrasiya edəcək. Azərbaycan Prezidenti cənab İlham Əliyevin müasir düşüncəsi sayəsində bu gün gənc tədqiqatçılarımız dövlət proqramları çərçivəsində dünyanın aparıcı elm və təhsil mərkəzlərinin doktoranturasında təhsil almaq imkanı əldə edirlər. Lakin gənc tədqiqatçılarımızın xaricdə təhsil aldıqları sistemlə elmi kadrları necə hazırladığımız arasında böyük uçurum var. Tanınmış elmi məktəblərdən keçmiş, vəzifələrinə bir sıra fənləri öyrənmək, sonra isə imtahan vermək olan mütəxəssisləri cəmi bir imtahan vermiş mütəxəssislərlə necə müqayisə etmək olar? Müstəqilliyimizin 30 ildən artıq bir müddətdə bu gün yalnız sovet elmi mühitində yetişmiş alimlər beynəlxalq aləmdə rəğbət qazanmış, yalnız onlar müxtəlif beynəlxalq mərkəzlərə, beynəlxalq elmi forumlara dəvətli məruzəçi kimi dəvət olunurlar. Onların demək olar ki, hamısı tanınmış elmi məktəblərdən keçmiş, məhz bu gün Qərbdə və bir çox postsovet ölkələrində tətbiq olunan sistem üzrə elmi təhsil almışlar. Ona görə də tarixi məqam yetişdi ki, bütün qabaqcıl ölkələrdə qəbul olunan doktorantura sisteminə tez bir zamanda keçmək, doktorantların müxtəlif fənlər üzrə dərslərə qatıldığı, imtahanlar verdiyi sistemə keçmək lazımdır. Belə bir addım bir çox problemi həll edəcək. Bütün dünya, o cümlədən Rusiya bir imtahandan - namizəd minimumundan keçməklə elmi kadrların hazırlanmasından çoxdan imtina edib amma biz isə hələ bu sistemdən istifadə etməyə davam edirik. Azərbaycanda fəlsəfə doktorlarının dissertasiyalarının aşağı səviyyədə olduğunu vurğulamaq lazımdır. Bu, ilk növbədə, əlaqəli sahələrdə biliklərin lazımı səviyyədə olmaması və beynəlxalq münasibətlərin zəif olması ilə əlaqədardır. Qərbdə və Rusiyanın bir çox aparıcı elm və təhsil mərkəzlərində qəbul edilən fəlsəfə doktorlarının hazırlanması sisteminə keçməkdən çəkinməməliyik.
Kadr hazırlığının yeni sistemi.
Elmi kadrların hazırlanması sisteminə keçmək lazımdır ki, fəlsəfə doktorları doktoranturada təhsil aldıqları müddətdə növbəti imtahanlarla xüsusi elmi kurslarda iştirak etməli və imtahanlardan keçmək isə bütün doktorantlar üçün məcburi olacaq. Təxmin 7-10 belə kurs olacaq. Fənlərin seçimi elmi rəhbərlə razılaşdırılmaqla həyata keçiriləcək. Belə bir sistem tətbiq olunan kimi birinci kurs doktoranturada təhsil alanlara aid olacaq. Digərləri isə köhnə sistemlə təhsillərini davam etdirəcək və hələlik onlara Ali Attestasiya Komissiyası tərəfindən diplomlar veriləcək. İki ildən sonra bütün doktorantlara şamil olacaq. Bəzi ixtisaslar üzrə 2+3 sisteminin tətbiqi mümkündür ki, magistratura pilləsini uğurla başa vurmuş şəxslər elmi rəhbər və Elmi Şuranın tövsiyəsi ilə müəyyən müsahibədən keçərək doktoranturada təhsillərini davam etdirə bilərlər. Bu, elmi kadrların məqsədyönlü hazırlanmasına (5 illik elmi proqram çərçivəsində) imkan yaradacaq və doktorantların ixtisaslarına yaxın müxtəlif fənlər üzrə imtahan verəcəyindən onların biliklərini və elmi dünyagörünüşünü əhəmiyyətli dərəcədə artıracaq. Belə bir sistemə keçərək magistr və doktorantlara tələbələr üçün seminar (mühazirə deyil) keçirmək imkanı (ödənişli əsaslarla) yaratmaq lazımdır. Bu da həm magistrlərin, həm də fəlsəfə doktorlarının elmi pedaqoji səviyyələrinə təsir edəcək, onların maddi rifahını yüksəldəcək. Belə bir addım təbii olaraq tədris yükünü və nəticədə müəllimlərin maaşını artıracaq. Bu sistem çərçivəsində hazırlanan fəlsəfə doktorlarına Elmi Şuralar tərəfindən elmi dərəcələr AAK-dan yan keçməklə verilə bilər ki, bu da tədricən AAK-dan böyük yükü götürəcək.
Professor elmi adının verilməsi.
Elm və Təhsil Nazirliyinin və AMEA-nın nümayəndələrinin iştirakı ilə müxtəlif elm sahələri üzrə komissiyaların yaradılması məqsədəuyğun olardı ki, həmin komissiyalar hansı rayonlarda, hansı universitetlərdə yeni professor vəzifələrinin açılmasının zəruri olduğunu müəyyənləşdirsinlər. Belə komissiyaların ictimai əsaslarla işləməsi və onların yaradılmasına Elm və Təhsil Nazirliyi və AMEA tərəfindən nəzarət edilməsi vacibdir. Elm və Təhsil Nazirliyi hansı regionlarda və elm-təhsil mərkəzlərində yeni professor vəzifələrinin açılacağını, AMEA Bölmələri (ümid edirəm ki, onlar yeni formatda fəaliyyətlərini davam etdirəcəklər) yeni və ya vakant yerləri kimin tutacağını müəyyənləşdirəcək. Hər cür mənfi halların qarşısını almaq üçün professor vəzifəsini tutmaq üçün tələblər kriterisini hazırlamaq olar. Kriteri alimin beynəlxalq səviyyədə tanınması (xarici dəvətlərin sayı), məşhur konfranslarda plenar məruzələrin sayı, məşhur jurnallarda dərc olunan məqalələrin sayı, hazırlanmış elmi kadrların sayı və s. daxil edilməlidir. Professor vəzifəsinə namizədlər belə vəzifələr üçün Elmlər Akademiyasının müvafiq Bölmələrinə onlayn müraciət edəcəklər. Hazırlanmış kriterilər bütün namizədlərə avtomatik olaraq ballar (əvvəlki nailiyyətlərindən asılı olaraq) verəcək və AMEA-nın Bölməsi yalnız yaxşı nəticə göstərən ilk üç nəfər arasından professor vəzifəsini tutmaq üçün namizəd seçə bilər. Bütün bunlar Bölmənin və ya AMEA-nın saytında dərc olunacaq ki, bu da təyinatlarda şəffaflığa gətirib çıxaracaq və arzuolunmaz halların (rüşvət, xahiş və s.) minimuma endirilməsinə səbəb olacaq. Bu yanaşma regionlara da inkişaf gətirəcək, çünki istedadlı alimlərin axını paytaxtdan regionlara gedərək professor vəzifələrində çalışacaq və bu da öz növbəsində regionlarda yeni infrastrukturların yaradılmasına töhfə verəcək. Digər tərəfdən, bunu ixtisaslı tibbi yardım alacaq regionların əhalisinə yardım, ən əsası isə regionlarda yeni kadrların yetişdirilməsinə yardım kimi də qiymətləndirmək olar. Bu gün Azərbaycanda doktorluq dərəcəsi alan hər bir şəxs gec-tez professor olur. Görünür, doktorluq dissertasiyasının müdafiəsinin bir məqsədi var - professor elmi adını almaq. Bu yanaşmadan imtina edilməlidir. Elm və təhsil sistemində heç vaxt işləməmiş elmlər doktorları, professorlar nəyə ya kimə lazımdır? Professor elmi adı yalnız elm və təhsil sistemində tam ştatlı işləyəcək şəxslərə verilməlidir. Yarım-ştat professor vəzifəsi yalnız elm və təhsil müəssisələrində tam ştatlı professor vəzifəsini tutan və ya elm müəssisələrində çalışan şəxslərə verilməlidir.
Bölgələrdə, iri tibb ocaqlarında professor-müəllim vəzifələrinin açılması və müsabiqə əsasında adıçəkilən Komissiyalar vasitəsilə bu vəzifələrə tanınmış tibb alimlərinin göndərilməsi lazımdır. Bu gün Azərbaycanın heç bir bölgəsində (Bakıdan başqa) tibb professoru yoxdur və ona görə də Bakıya çoxlu xəstə axını var. Avropanın demək olar ki, bütün regionlarında bu gün tanınmış həkimlər - professorlar mövcuddur. İlkin mərhələdə tibb professorlarının regionlarda işləməsini stimullaşdırmaq üçün əməkhaqqının artırılması mümkün olacaq ki, bu da rəqabəti və regionlarda işləməyə marağı artıra bilərdi. Dosent adlarına gəlincə, bir çox ölkələrdə adət olduğu kimi, daxili məsələ kimi baxmaq olardı və universitetlərin Elmi Şuraları tərəfindən veriləbilər. Professor elmi adını almaq üçün əvvəlki kimi dosent adının olması vacib deyil.
Zamanla vahid elmi dərəcəsi olan sistemə keçmək mümkündür ki, bu da avtomatik olaraq tədqiqatçıların, eləcə də dövlət qurumlarının rutin işlərdən azad olmasına gətirib çıxaracaq. Şəxsən mən hər zaman iki pilləli elmi dərəcələrin (fəlsəfə doktoru, elmlər dokroru) tərəfdarı olsam da, indi bizim birpilləli sistemə keçmək üçün tarixi şansımız var. Bununla biz nəinki keyfiyyət itirir, əksinə, çox şey qazanarıq. İki pilləli elmi dərəcə sistemi qalsa belə, o zaman elmlər doktoru elmi dərəcəsinin verilməsi Elmi Şuraların ixtiyarına verilməlidir ki, bu da lüzumsuz bürokratiyaya son qoyacaq, elmi işçiləri çoxlu lazımsız sənədlərin hazırlamaq kimi rutin işlərdən azad edəcək. Yaradılan Komissiyalar, yuxarıda qeyd edildiyi kimi, ictimai əsaslarla, tam şəffaflıqla (kriteri avtomatik olaraq namizədlərin məlumatlarını müqayisə edəcək) işləyəcək və heç bir halda AAK-ın prototipi olmayacaq. Belə bir sistem demək olar ki, dünyanın bütün aparıcı ölkələrində uğurla tətbiq olunur. Belə yanaşmanın tətbiqi ona gətirib çıxaracaq ki, Ali Attestasiya Komissiyasının işinə ehtiyac qalmayacaq və o, öz tarixi missiyasını başa vuracaq.
Bu gün ölkənin bütün elmi ictimaiyyəti ölkə Prezidentinin Fərmanı çərçivəsində islahatların aparılmasını izləyir. Əminəm ki, aparılan islahatlar ölkədə elmin mövqeyini yaxşılaşdıracaq və yeni yaradılan Elm və Təhsil Nazirliyi və islah edilmiş Azərbaycan Milli Elmlər Akademiyası ölkəmizin inkişafına lazımı töhfələri verəcəklər.
"Hər bir ölkə öz elmini inkişaf etdirməli, öz elmini dünya sivilizasiyasının xəzinəsinə daxil etməlidir. Əgər o bunu etməsə, o, müstəmləkəçiliyə məruz qalacaq", bu sözləri görkəmli alim, Nobel mükafatı laureatı Frederik Colio-Küri demişdir. Əminəm ki, Azərbaycan Prezidentinin Fərmanı məhz, Azərbaycanda elmin ləyaqətlə inkişaf etməsinə, dövlətimizə xidmət etməsinə, dünya sivilizasiyası xəzinəsinə töhfələr verməyə xidmət edəcək.
Asəf Hacıyev
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş katibi, AMEA-nın akademiki, Dünya Elmlər Akademiyasının üzvü