Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda əsən Qazax rüzgarı Ermənistanı VURDU – İki türk dövlətinin YÜKSƏLİŞİ…

Bakıda əsən Qazax rüzgarı Ermənistanı VURDU – İki türk dövlətinin YÜKSƏLİŞİ…

Tarix: 25 Avqust 2022 21:39

Qazaxıstan prezidenti Qasım Comərt Tokayevin Azərbaycana səfəri ciddi tarixi nəticələrlə müşayiət olundu. İki ölkə arasında iqtisadi ticarət əlaqələrinin inkişafı, rəqəmsal İpək yolu, energetika, nəqliyyat-tranzit sahəsində əməkdaşlığın inkişafı, qarşılıqlı investisiyalar, mədəni- humanitar əlaqələrin yüksəldilməsi barədə anlaşmalar və imzaladıqları sənədlər mühüm əhəmiyyət kəsb edir. Lakin məsələ və birgə verilən mesaj yalnız bundan ibarət deyil. 2 türk dövləti -  türklərin yüksəlişdə və inteqrasiyada, bir-birinə daha da yaxınlaşmaqda olduğunun, ümumi və ikili ittifaqlar qurduqlarının mesajlarını verdilər. Təsadüfi deyildi ki, Comərt Tokayev Bakıda olduğu müddətdə erməni mediası heç susmadı -  vaveyla və həşir janrında nələr yazmadılar... Erməni siyasi elitası və ictimaiyyəti Qazaxıstanın az qala Türkiyə qədər Azərbaycana yaxınlaşmasından çaşbaş qalmış və operativ şəkildə Tokayev - İlham Əliyevin açıqlamalarını yayır, onlara reaksiyalar verirdilər.

Milli.Az musavat.com-a istinadən bildirir ki, onları daha çox Qazaxıstanın Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işlərində iştirakı narahat edirdi. Kurmanqazi adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi, Şuşa ilə Türkistanın qardaşlaşması barədə məlumatlar anındaca erməni telegram kanallarında peyda olur, bu addımları tənqid edir, tək qaldıqlarının altını təkrar cızırdılar.

Dövlətimiz, bu dövləti idarə edən prezident İlham Əliyev Azərbaycanın müttəfiqlərinin sayının artırdıqca, Ermənistan və dünya erməniliyi kiçildiyini, prosesi  geridönməz şəkildə uduzduğunu bir daha fərq edir və bundan dəhşətə gəlir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin hər bir uğuru Ermənistanın və Azərbaycan torpaqlarına iddia edən dünya erməniliyinin, erməni kilsəsinin, onların arxasında duran böyük güclərin ciddi məğlubiyyəti, 150 illik bir savaşı büsbütün uduzmasıdır.

Azərbaycan və Qazaxıstan prezidentləri Dənizkənarı Milli Parkda qurulmuş "Qazax yurtası" ilə tanış olublar " Naxcivanxeberleri.com

Azərbaycan erməni aqressiyasını durdurdu, onun başını əzdi, indi isə dövlətimizə yönəlik mövcud və perspektiv təhdidləri nəzərə alaraq, təhlükəsizlik zolağına bir türk səddi də çəkməkdədir. Bu mənada, Qazaxıstanla son bəyannamə, Türkiyə ilə ittifaq dövləti qurulması, Özbəkistanla xüsusi və çox isti əlaqələrin inşa edilməsi. Prezident Əliyevin diplomatiyada zərgər dəqiqliyi ilə qurduğu sistemin uğurla həyata keçirilməsidir. Prezident Əliyev Azərbaycanı türk dünyası boyda böyütməkdə, Ermənistanı da o qədər kiçiltməkdə və real miqyasını ortaya çıxartmaqdadır.

Prezident Əliyev işi və sistemi elə qurur ki, Nazarbayev kimi ağsaqqal ortada və gündəmdə olmayanda da Qazaxıstan Azərbaycanın yanında olur. Bu, elə bir modeldir ki, yaxın və uzaq gələcəkdə hələ bizə çox lazım olacaq...

Erməniləri yaralayan fraqmentlərdən biri də Tokayevin qələbə münasibətilə Prezident İlham Əliyevə təbrik etməsi oldu. Bizi də elə ən çox təəccübləndirən ermənilərin bu cür məsələlərdə yaşadıqları məyusluqdur. Görəsən, onlar nə gözləyirmiş? Bir türk dövlət başçısı digər türk dövlət başçısını real qələbəsi münasibəti ilə təbrik etməyəcəkdimi? Axı sonrakı proseslər də göstərdi -  Azərbaycanın Qarabağdakı qələbəsi türk dünyasına mistik bir təsir bağışladı -  Avrasiyanın bu etnosu qəfil bir yüksəliş, dirçəliş yaşadı. Qarabağda qazanılan zəfər Türk Dövlətləri Təşkilatı ortaya çıxartdı...

Beləliklə, Comərt Tokayev Bakıya gəldi, Azərbaycandan əsən türk rüzgarı Ermənistanı elə vurdu ki! Yəqin hələ bir neçə gün bu məsələləri müzakirə edəcəklər.

Onlar müzakirə açmaqda olsun, biz də Comərt Tokayev Bakıdan nə ilə döndüyünə bir qısa nəzər salaq. Bunun üçün Azərbaycanın tanınmış politoloqlarına müraciət etdik.

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə "Yeni Müsavat"a deyib ki, Azərbaycanla Qazaxıstan  arasında strateji əməkdaşlıq  yeni səviyyəyə yüksəlməkdədir: "Ölkələrimiz arasında bu günə qədər tərəfdaşlıq vardı. İndi isə bu tərəfdaşlıq strateji əməkdaşlıq səviyyəsinə qalxıb. Bizim əməkdaşlığımız Türk Dövlətləri Birliyi çərçivəsində, çox geniş iqtisadi, enerji, nəqliyyat və başqa sahələrdə genişlənəcəkdir. Bunun üçün çox böyük potensial var. Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin 1 milyard dollara qədər artırmaq planları var. Bu çox ambisiyalı planlardır. Azərbaycanla Qazaxıstanın bu planları həyata keçirmək üçün olduqca böyük potensialı var. Ermənistan bu gün özü-özünü təcrid duruma salıb. Qonşularla xoş münasibətlər əvəzinə revanş, müharibə siyasətinə üstünlük verir. Ermənistan buna görə də normal dövlətə çevrilə bilmir. Bu gün Ermənistan vandal dövlət statusundan əl çəkib Azərbaycan Qazaxıstan birliyindən yararlana bilər".

Partiya sədri deyir ki, bu gün Ermənistan Qazaxıstanla hərbi birliyin üzvləridir: "Buna baxmayaraq Qazaxıstan Azərbaycanı dəstəkləyir. Həmin birlikdə olan digər dövlətlər də Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun mövqeyini dəstəkləyirlər. Ermənistan məhz buna görə təşvişə düşüb. Bu gün Ermənistan dünyada qəbul olunmayan təhlükəli qüvvələrlə əməkdaşlıq edir. Terrora əsaslanan qüvvələrlə əməkdaşlıq çərçivəsində yaxın orta şərqdən Azərbaycanın işğal olunmuş ərazilərinə köç təşkil etməklə beynəlxalq hüquq normalarını pozur. Ermənistan Türkiyə və Azərbaycanla normal münasibətlər qurmaqla özünü xilas edə bilər. Azərbaycanın hər bir uğuru, əməkdaşlıq istiqamətində atdığı hər bir addımı Ermənistanda təşvişə salır. Bunun üçün gerçəkdən də əsaslar var".

Partiya sədri deyib ki, Azərbaycanla-Qazaxıstan arasında imzalanan sənədlər yeni reallıqlar üçün hüquqi baza rolunu oynayacaq.

Politoloq Qabil Hüseynli Musavat.com-a deyib ki, Ermənistanın Azərbaycanla Qazaxıstan birliyinə bu şəkildə aqressiv reaksiya verməsinə mənəvi haqları yoxdur: "İki qardaş xalq, eyni kökdən, soydan olan, eyni mədəniyyətin daşıyıcıları olan xalq, Türk Birliyinə daxil olan dövlətlər kimi əlaqələri daha yüksək səviyyəyə qaldırmaq niyyətindədirlər. Ermənilər özlərini elə duruma salıblar ki, bu gün Azərbaycanın uğurlarına qıcıqla yanaşmaq məcburiyyətindədirlər. Halbuki, Azərbaycanın qonşusu olaraq bu əməkdaşlıqdan, birlikdən Ermənistan da faydalana bilərdi. Hərbi-siyasi rəhbərlikləri axmaq ambisiyaların ardınca qaçıb Ermənistanı dalana dirəyiblər. Azərbaycanla Qazaxıstan münasibətləri yeni və daha yüksək müstəviyə qalxmaqdadır. Bu gün Türkiyə Qazaxıstan üçün ən yaxın tərəfdaş, Azərbaycan isə Cənubi Qafqazda qardaş ölkədir. Qazaxıstanda 2-ci Qarabağ müharibəsinin gedişatını diqqətlə izləyirdilər və Azərbaycan qarşıya qoyduğu işğal edilmiş torpaqları azad etmək hədəfinə nail olduqda çox sevindilər. Comərt Tokayevin qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik etməsi də düşmənə gözdağıdır. Bu gün Azərbaycanla Türkiyənin müttəfiqlik münasibətləri Mərkəzi Asiyada bir çoxlarını ruhlandırıb. Qazaxıstanın Azərbaycanla ticarət dövriyyəsinin artırması haqda razılaşmalar da böyük imkanlar açacaq. Ermənistanda bunu dərk edənlər var. Həmin kəsimin qaraguruha təsir imkanları isə təəssüf ki, çox azdır".

Politoloq deyib ki,  Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaradılıb: "1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrından isə Azərbaycanın Qazaxıstanın Aktau şəhərində konsulluğu fəaliyyət göstərir. Ölkələrimiz Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avratlantik Tərəfdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA, TÜRKSOY kimi beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edir.  Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında dəfələrlə Türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsinin prioritet məsələlərdən biri olduğunu qeyd edib. Həmçinin bu ölkələrlə nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirib. 2021-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 330 milyon dollardan çox olub. Prezidentlərin görüşündən sonra isə bu rəqəmin 1 milyarda qədər artırılması nəzərdə tutulub Hazırda Azərbaycanda 165 Qazaxıstan şirkəti fəaliyyət göstərir. Qeyri-neft sektorunda Azərbaycandan Qazaxıstana indiyə qədər 204.3 milyon ABŞ dolları dəyərində sərmayə yatırılıb. Qazaxıstandan Azərbaycana isə bu sahə üzrə 98,8 milyon ABŞ dolları həcmində investisiya qoyulub. Ermənilər türk dövlətlərinin birliyindən narahatlıq keçirmək əvəzinə mehriban qonşuluq siyasətinə keçmələri məsləhətdir. Əks təqdirdə, Ermənistanın bir dövlət kimi varlığı sual altına düşəcək. İndi Azərbaycanın uğurlarına diş qıcayan Ermənistanın taleyi öz əlindədir".

Milli.Az


Etiketlər:  Bakıda əsən Qazax rüzgarı Ermənistanı VURDU İki türk dövlətinin YÜKSƏLİŞİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ