Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-dan Brüssel prosesinə zərbə

ABŞ-dan Brüssel prosesinə zərbə

Tarix: 27 Avqust 2022 17:24

Azərbaycan və Ermənistan rəhbərlərinin 4-cü Brüssel görüşünə sayılı günlər qaldı. Xəbər verildiyi kimi, avqustun sonuncu günü Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə növbəti dəfə bir araya gələcəklər.

Görüş ərəfəsində ABŞ Dövlət Departamentinin Qafqaz üzrə xüsusi nümayəndə, eyni zamanda  ATƏT Minsk Qrupunun həmsədri vəzifəsinə Filip Riker adlı yeni şəxsi təyin eləməsi isə az qala "açıq səmada şimşək" effekti yaradıb.

Xatırladaq ki, təyinatla bağlı dövlət katibi belə deyib: "Mən səfir Filip T. Rikeri Qafqazda danışıqlar üzrə baş məsləhətçi təyin edirəm. Riker bu vəzifədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri və bu kritik dövrdə Cenevrə Beynəlxalq Müzakirələrində ABŞ-ın aparıcı danışmanı olacaq. Riker Avropada və beynəlxalq təşkilatlarda böyük təcrübəsi var".

Blinkenin sözlərinə görə, ABŞ bununla "Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli siyasi nizamlanması üzrə danışıqlarda Ermənistan və Azərbaycana kömək etmək öhdəliyi" götürür. "Səfir Riker Avropa İttifaqı kimi həmfikir tərəfdaşlarla ikitərəfli əsasda məşğul olacaq və ATƏT-in Minsk Qrupunun həmsədri kimi Ermənistan və Azərbaycan arasında birbaşa dialoqa yardımçı olacaq", - deyə o əlavə edib.

Sual da budur ki, hansı Minsk Qrupu, hansı "Dağlıq Qarabağ münaqişəsi"? Dövlət Departamenti, cənab Blinkenin özü 2020-ci ildəmi ilişib qalıb? 44 günlük müharibədən sonra bölgədə yaranmış yeni status-kvo gerçəkdənmi okeanın o tayından görünmür? 

Azərbaycan tərəfdə bu yanaşma, yumşaq desək, təəssüf doğurmaya bilmir. Bu, rəsmi Vaşinqton sarıdan, əlbəttə ki, utancverici bir haldır, qeyri-səmimilik, hətta riyakarlıq nümunəsidir. Dönə-dönə yazdığımız kimi, axı 30 illik mövcudluğu dövründə Minsk Qrupu hansı uğura imza atıb, hansı nailiyyətə, irəliləyişə nail olub ki, Vaşinqton ondan hələ də bərk yapışıb?

Başqa yandan, Minsk Qrupu artıq tarixin arxivinə verilmiş bir məsələnin yenidən "həlli" ilə necə məşğul ola bilər? Gündəmdən çıxmış bir mövzunu gündəmə qaytarmağın anlamlı və səbəbi nə? Qısası, ABŞ görəsən Minsk Qrupu formatı qala-qala Azərbaycan-Ermənistan birbaşa dialoquna töhfə verməyi və "Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli siyasi nizamlanmasını" necə təsəvvür edir?

Yeni təyinatın absurdluğu həmçinin ondadır ki, artıq Rusiya da Minsk Qrupunun "ölməsi" ilə barışıb və öz həmsədrinin (İqor Xovayev) vəzifəsini çoxdan dəyişərək ona normallaşma üzrə xüsusi nümayəndə statusu verib. Habelə Fransa belə bir nümayəndəni Cənubi Qafqaz üçün müəyyənləşdirib. Birləşmiş Ştatlar isə israrla Minsk Qrupunun varlığı görüntüsü yaradaraq, ilin-günün bu vaxtında ona təzə həmsədr təyin edir. Nonsens, yoxsa oyunbazlıq?

İstisna deyil ki, Vaşinqton bu addımla həm Cənubi Qafqazda hansı yolla olursa olsun, öz mövcudluğunu qoruyub saxlamaq istəyir, həm də Azərbaycana bu yolla təsir edəcəyini düşünür. Ancaq bunların hər ikisi əbəsdir. Yalnızca erməni revanşistlərinin çörəyinə "yağ sürtmək" cəhdidir. Revanşistlərlə bağlı isə Bakı xəbərdarlıqlarını dəfələrlə edib. "Dəmir yumruq" yerindədir. Bu mesaj, sözsüz ki, həm də Ermənistanın havadarlarına ünvanlanıb...

*****

Daha bir mühüm detal. Blinkenin açıqlamasından belə çıxır ki, yeni təyinat ABŞ-ın tərəfdaşları ilə birgə Brüssel sülh prosesinə kömək edəcək. Əksinə, bu elə həmin prosesə zərbədir, onu pozmaqdır. Özü də yüksək səviyyəli görüşə sayılı günlər qalmış. Çünki ABŞ-ın MQ-yə yeni həmsədr təyin eləməsi ilə İrəvan, konkret olaraq, Nikol Paşinyan hökuməti öz destruktiv mövqeyində qalması üçün yeni stimul qazanıb.

Demək, Vaşinqton faktiki həm də Moskvanın əlinə işləyir. Ona görə ki, Rusiya Brüssel platformasının iflasına çalışır. Hərçənd, mövcud vəziyyətdə Rusiya Azərbaycana münasibətdə daha səmimi görünür, nəinki Amerika.

Hər halda, Moskva Minsk Qrupunu diriltməyə cəhd eləmir, buna israr göstərmir, əksinə, MQ-nin daha mövcud olmadığını bəyan edərək, rusiyalı həmsədri yeni missiya ilə görəvləndirir. Azərbaycanın Laçında son antiterror əməliyyatına da Rusiya yetərincə loyal yanaşdı. Bu da erməni separatçılarında dərhal təlaş yaratdı.

"Erməni separatçılarının məntiqinə görə, Rusiya Qarabağda separatçı fəaliyyətə dəstək verməli, Azərbaycana Qarabağda qayda-qanun yaratmağa imkan verməməlidir. Rusiya Azərbaycanla qarşıdurmaya getmir. Bu da erməni separatçılarını narazı salır".

Bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu musavat.com-a deyib.

Buna baxmayaraq, politoloqa görə, separatçılar yenə düşünürlər ki, onları Azərbaycan ordusundan Rusiya hərbçiləri qoruyacaq. "Ancaq Rusiya hərbçiləri Azərbaycan ordusuna erməni separatçılarına qarşı son antiterror əməliyyatına mane olmadılar. Çünki bu əməliyyat Azərbaycan ərazisində həyata keçirilirdi. Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə bu ilin fevral ayında ortaq bəyanat imzalamışdı. 43 maddəlik həmin bəyanatın birinci bəndində Rusiya və Azərbaycanın bir-birlərinin ərazi bütövlüklərinə hörmət etməsi və dəstəkləməsi vurğulanırdı. Bu bəyanatdan çıxış edərək də Kreml Azərbaycan ordusuna Qarabağda qayda-qanun yaratmağa mane olmayacaq".

E.Şahinoğlu əmindir ki, erməni separatçılarının Moskvaya olan ümidləri boşa çıxacaq: "Ərazilər əli silahlı separatçılardan addım-addım təmizlənəcək, 3 ildən sonra isə Laçın dəhlizinə alternativ yol da tamamən Azərbaycan ordusunun nəzarətinə keçəcək. Əgər separatçılar bu 3 il ərzində həmin yoldan silah və hərbi texnika daşımaq, qanunsuz səfərlər təşkil etmək üçün istifadə edəcəklərsə, Azərbaycan hərbçiləri həmin yolda da yoxlamalar həyata keçirmək hüququna malikdirlər. Həmin yol Azərbaycan ərazisindən keçir və Azərbaycan büdcəsi hesabına inşa olunub".

*****

Bütün hallarda bu işlər, sözsüz ki, Rusiya tərəfi ilə maksimum uzlaşma rejimində reallaşacaq. Əgər ABŞ da bu prosesə, yəni böyük sülhə səmimi şəkildə dəstək verəcəksə, olsun. Yox, verməyəcəksə, onda heç olmasa, əngəl yaratmasın...

Milli.Az


Etiketlər:  ABŞ Brüssel prosesinə zərbə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ