Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Sentyabr 2022 12:39
"Artıq bir neçə gündür ki, atam, xalq artisti Ənvər Həsənovun xəstəliyi ilə həkimlər mücadilə aparır. Sözün əsl mənasında bu ölüm-dirim savaşına bənzəyir. Təbii ki, atam heç vaxt istəməzdi ki, onun xəstəlik xəbəri mediada yayılsın və yazılsın. Bir neçə gün bu xəbəri hamıdan gizlətdik, sonunda gördüm ki, mən dəstəksizəm, tək qalmışam. Evdə onu müalicə edə bilmirdik, o xəstəxanaya yerləşdirilməli idi və bütün tibbi personal ona qulluq etməli idi. Ona görə də bu məlumatı ilk sizin sayta, Moderator.az-a verdim. Daha sonra bütün media bu xəbəri işıqlandırdı. Mən onların hamısına öz təşəkkürümü bildirirəm. Mənim sizin sayta müsahibəmdə aidiyyatı qurumlardan-Mədəniyyət Nazirliyindən, ölkə başçısından və Mehriban xanım Əliyevadan kömək istəmişdim. Mənim atam ömrünün 50 ildən çoxunu bu sənətə həsr edib, onun çəkildiyi filmlər tarixdə iz qoyub. Amma bəzi saytlarda məlumatlar çıxdı ki, guya mən insanlara, xalqa müraciət edib kömək istəmişəm. Nə mən, nə də ki, atam heç vaxt bu vasitə ilə insanlardan istifadə etməmişik, etmərik də"
Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Ənvər Həsənovun qızı, Aytən Həsənova deyib. O daha sonra mediada onun adından yazılan məlumatlara aydınlıq gətirib və jurnalistləri diqqətli olmağa çağırıb.
"Media mənsublarından, KİV əməkdaşlarından və jurnalistlərdən çox xahiş edirəm ki, mənim adımdan düzgün olmayan məlumatları yazmasınlar. Atamın hələ covid analizinin cavabları məlum olmamış yazmışdılar ki, "Ənvər Həsənov covid-19-a yoluxub. Bəli, atam covidə yoluxub, amma analizin nəticələri bu gün çıxıb. Tez-tələsik məlumatlar yazmasınlar. Ola bilər ki, əsəbi, gərgin vəziyyətdə olmuşam, o anda jurnalist zəng edib, onunla öz aramızda söhbətimiz olub, amma bu o demək deyil ki, həmin sözlər saytlarda yazılmalıdır. Atam xəstəliyinin ilk günündən Mərdəkanda, 26 saylı Birləşmiş Şəhər Xəstəxanasında müalicə alır. Mən xüsusilə onun həkimi, şöbə müdiri Samirə xanım Əhmədovaya öz təşəkkürümü bildirirəm. Onlar sözün əsl-mənasında atama diqqət, qayğı göstərirlər. Samirə xanım atama öz valideyninə qulluq etdiyi kimi baxır. Bir neçə gündür ki, Samirə xanım nəinki iş vaxtı, hətta istirahət vaxtını da xəstəxanada keçirir. Məsələn, dünən səhər saatlarından gecə saat 2-yə kimi o xəstəxanada olub. Mən ona, xəstəxananın bütün tibbi personalına öz təşəkkürümü bildirirəm. Baxmayaraq ki, Heydər Əliyev Fondundan tapşırıq vermişdilər ki, atam özəl xəstəxanada yatırılsın. Atam covid xəstəsi olduğu üçün onu heç bir özəl xəstəxana qəbul etmədi. Yenə də 26 saylı Birləşmiş Şəhər Xəstəxanası bizə dəstək oldu. Samirə xanım söz verib ki, atamı sağaldıb, tam sağlam şəkildə bizə təhvil verəcək. İnşallah atam yenidən sağalıb, evimizə, ailəmizin başına qayıdar" deyə sənətkarın qızı deyib.
Xalq artisti Ənvər Həsənov da çətinliklə olsa da Moderator.az-a özəl açıqlama verərək, tamaşaçılarına təşəkkür edib.
"Nəhayət ki, 3 ildən sonra covid-19-a mən də yoluxdum. Yanaşı xəstəliklərim olduğu üçün sağalmağım bir az zaman alacaq. İnşallah tezliklə ayağa qalxaram. Mən bilirdim ki, tamaşaçılarım məni çox istəyir, amma xəstəlik müddətində bunun bir daha şahidi oldum. Telefonum susmur, o qədər insanlar zəng edib maraqlanır ki. Mən danışa bilmirəm, qızım bütün məlumatları mənə bildirir. Xəstəxanadan, tibbi personaldan çox razıyam. Həkimim Samirə xanım başıma dolanır, burada mənə çox böyük qayğı göstərirlər. İnşallah, sağlıq olsun görüşərik" deyə sənətkar bildirib.