Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident: Bu tarixi qərardır

Prezident: Bu tarixi qərardır

Tarix: 3 Sentyabr 2022 14:24

Mən Azərbaycanın Türkmənistanla "Dostluq" yatağının birgə işlənilməsi qərarını tarixi qərar kimi dəyərləndirirəm. Çünki biz hər iki ölkənin milli maraqlarına, qardaşlıq münasibətlərimizə əsaslanaraq bu qərarı vermişik. İndi bizim qarşımızda bu yatağın işlənilməsinə başlanması kimi hədəf dayanır. Bu, qaz deyil, əsasən neft yatağıdır.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Prezident İlham Əliyev İtaliyanın "İl Sole 24 Ore" qəzetinə müsahibəsində söyləyib.

Daha sonra Transxəzər layihəsi ilə bağlı sualı cavablandıran dövlətimizin başçısı deyib: "Bu layihə uzun illərdir ki, müzakirə olunur. Bu məsələnin 15 ildir müzakirə olunduğunu xatırlayıram. Amma praktiki nöqteyi-nəzərdən heç bir addım atılmayıb. Biz Cənub Qaz Dəhlizinin tikintisi ilə bağlı təşəbbüs irəli sürdükdə aparıcı rolu öz üzərimizə götürdük, biz komanda yaratdıq, xarici dövlətlərlə, istehlakçılarla, şirkətlərlə danışıqlar apardıq. Biz, həmçinin əsas investor idik. Bakıdan Ceyhana qədər kəmərin tikintisi zamanı da belə oldu".

Azərbaycan Prezidenti əlavə edib ki, bu layihənin təşəbbüskarı tranzit ölkələr deyil, resursların sahibləridir. Tranzit ölkələr yalnız dəstək verə, ərazi təmin edə və ya ortaq sərmayədar, yaxud tranzit haqlarını qəbul edənlər ola bilərlər. Başqa sözlə desək, Transxəzər kəməri Azərbaycanın layihəsi deyil.

"Bizim neft və qaz layihələrimizə gəldikdə isə onların hamısı icra olunmuşdur. Biz indi elektrik enerjisinin Avropaya ixraci ilə bağlı layihəni icra edirik. Ancaq Transxəzər layihəsi isə Türkmənistanın resurslarına əsaslanır. Ona görə də əgər Türkmənistan hökuməti Transxəzər kəmərini tikmək qərarına gələrsə, bu, onların qərarı olacaq. Əgər onlar belə bir qərar verərlərsə, əlbəttə ki, biz onları dəstəkləyəcəyik. Ancaq burada biz təşəbbüskar olmayacağıq", - deyə Prezident İlham Əliyev bildirib.


Etiketlər:  Prezident tarixi qərardır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ