Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2022 17:10
"Mən öz həyatımda, ailəmdə həm qadınlığı, ailəni, həm də öz sənətimi qoruyub saxlamağı bu günə qədər bacarmışam. Sənətdə arxasız, tək olmağın da çətinlikləri böyükdür. Biz sənətə istedadımızla, səsimizlə gəlmişik. Qadın zərif məxluqdur, amma Allah onu güclü yaradıb. Allah bu illər ərzində mənə böyük dəstəyini göstərib. Elə bilməyin ki, həyatımızda, sənətimizdə hər şey hamar olub".
Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist Ruhəngiz Allahverdiyeva deyib. O, daha sonra əlavə edib.
"Retro mahnıları bu gün yeni aranjmanda, yeni stildə ifa etmək çox çətindir. Görürsünüz ki, bu gün müğənnilərin bir çoxu həmin mahnılara müraciət edir. Amma görürəm ki, orada kantanı düz oxumayanlar var. Mən onlara sübut da edərəm ki, düz oxumursan. Onlar çünki möhürü vurulmuş mahnılardır. Elə müğənnilər də var ki, klassik mahnıların sözlərini səhv oxuyublar. Bəzilərinə istəmişəm ki, zəng edib deyim, sonra fikirləşmişəm ki, səhv başa düşə bilər. Dünənki müğənni çıxıb mənə səhvimi desə, mən qəbul edərəm. Çünki sənət dəryadır. Mən baxmaram ki, həmin müğənni dünən çıxıb, ya bu gün" deyə müğənni bildirib.
"Sevilən müğənni Nazənin xanım müsahibələrinin birində bildirib ki, efirə gəlməyində sizə borcludur. İstərdim bu haqda siz danışasız?" sualına isə əməkdar artist belə cavab deyib.
"O vaxt dövlət televiziyasında "Xoş gəlmisən" adlı veriliş var idi. Yeni çıxan müğənnini lap əvvəllər qəbul etmirdilər. Dedim ki, eybi yoxdur, mən 5 yox, 2 mahnı oxuyum, amma o da oxumalıdır. Getdilər, danışdılar, gəldilər dedilər ki, "olmaz". Kömək də etmək istəyirəm, ürəyim yanır. Bacardığım qədər də çalışıram ki, hər zaman hamıya kömək edim. Bəxtindən elə oldu ki, Nazənin xanıma köməklik edə bildim. Maşallah olsun, o da özünü doğrultdu, xalqın sevimlisi ola bildi. Nazənin xanım xeyirxah bir xanımdır, bu gün özü hamıya kömək edir. Övladları ondan da xeyirxahdır" deyə sənətkar bildirib.
Müğənni bildirib ki, üstündən illər ötməsinə baxmayaraq hələ də ondan barbi stilini istəyənlər olur.
"Məndən barbi stilini istəyirlər. Deyirəm ki, artıq o yaşda deyiləm, həm də bir az dəyişiklik olsun da. Deyirlər ki, biz belə öyrəşmişik. Çünki mən tamaşaçıların yaddaşında elə qalmışam" deyə sənətçi bildirib.