Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Vardanyan vaqeəsi”: Qarabağın yeni “dövlət naziri” kimin məkrli planıdır?

“Vardanyan vaqeəsi”: Qarabağın yeni “dövlət naziri” kimin məkrli planıdır?

Tarix: 6 Sentyabr 2022 10:39

Erməni əsilli rusiyalı oliqarxın vətəndaşlıqdan çıxıb Xankəndinə köçməsi Moskvanın ssenarisinə bənzəyir, amma Ruben Qərbə də tərif yağdırır, Bakının ərazilərə nəzarəti Kremli narahat etməyə bilməz

Erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçmək niyyətini bəyan etməsi Azərbaycanda ən ciddi müzakirə mövzularından biridir. Milli.Az "yeni müsavat"a istinadən bildirir ki, Vardanyan bu addımı Qarabağdakı ermənilərin ağır vəziyyəti səbəbindən atdığını deyib.

Sitat: "Qarabağa köçmək qərarına gəldim. Bu gün Qarabağ erməniləri ağır psixoloji böhran yaşayır, sabaha inamları yoxdur. Onlar özlərini tərk edilmiş və unudulmuş hiss edirlər. Düşünürəm ki, 2020-ci il müharibəsindən sonra biz bütün dünya erməniləri onların yanında olmağa borcluyuq. Biz onlara təkcə simvolik olaraq deyil, həm də əməli işlərdə kömək etməliyik". Xocavənddən yaydığı videomüraciətdə isə Vardanyanın Qərbə reveransları, ABŞ və Fransanın mövqeyini təqdir etməsi, Şuşaya getmədikləri üçün bu ölkə səfirlərinə təşəkkür etməsi, Xankəndini dünya xristianlığının mərkəzi hesab etməsi də diqqətdən qaçmayıb.

Amma bir nüans da nəzərə alınmalıdır - Qərbin sanksiyaları səbəbindən bir çox iş adamı Rusiyadan gedir. Ruben Vardanyan da yanvarda ABŞ-ın sanksiyalarına məruz qalmış rusiyalı biznesmenlərdən biridir. Vardanyanı gözlənilmədən Rusiyadan "qaçıran" səbəb haqda danışmaq olar - ölkə indi ciddi sanksiyalar altındadır, böyük biznesin inkişafı əngəllənib, oliqarxlar ciddi pullar itirirlər. Rus ekspert Sergey Markov da onun gedişini bununla əlaqələndirmişdi. Yəni Vardanyan pullarını sanksiyalardan qorumaq üçün Qarabağa köçüb, rus pasportundan imtina edib. Sadəcə, Rusiyadan qaçan biznesmen təkcə Vardanyan deyil ki. Üstəlik, Rusiya vətəndaşlığından çıxmaq qərarını səs-küylü elan etmək nə demək? Yəni bu adam 10-15 min erməni dılğırına görə niyə nümayişkaranə şəkildə Rusiya vətəndaşlığından imtina edib, Kremlin qəzəbini üstünə çəksin ki? 

Ən ciddi ehtimal budur ki, Vardanyanın Qarabağa yerləşmək qərarı Rusiyanın razılığı ilə atılmış addımdır. Bu səbəbdən Vardanyan hər şeydən öncə Rusiyanın "çətiri" altından çıxdığı görüntüsü yaradır, Moskvanı Bakının mümkün şübhə və suallarından "sığortalayır". Qarabağ ermənilərinin ümidsizləşməsi, reallığı anlamaları və Bakının əraziləri üzərində nəzarəti bərpa etməsi isə Rusiyanı da narahat etməyə başlayır. Bunu sülhməramlıları Qarabağda olan Rusiya hamıdan tez görür. Erməniləri bu əhvaldan çıxarmaq üçün isə yeni "lider"ə ehtiyac var. Çünki Araik Arutyunyan və "Qarabağ klanı"nın liderləri - Köçəryanla Sərkisyan cütlüyünün ermənilər arasında nüfuzu qalmayıb. O halda, "imici təmiz", müxalifətlə və hakimiyyətlə məsafə saxlayan Vardanyan Qarabağ ermənilərinin yeni "lider"i roluna ən uyğun namizəd kimi görünür. Pulu var, bölgədə ermənilərin dəstəkçisi kimi tanınır, üstəlik, təhlükəsizlik və inkişaf üzrə hansısa qurum yaratdığını elan edib. Rusiya belə bir "lider"i ortaya atmaqla, onu Bakı ilə danışıqlara qoşmaq niyyətində də ola bilər. Ən azı o səbəbdən ki, Vardanyan Qarabağa ilk dəfə 2012-ci ildə gəlib, Azərbaycana qarşı silahlı müqavimətdə iştirak etməyib və sairə...

"Hraparak" nəşri Rusiya milyarderinin Qarabağda gözlənilən fəaliyyəti ilə bağlı xəbər yayıb ki, Vardanyan "artsax"ın adi vətəndaşı statusuna malik olmayacaq, onun potensialından idarəetmə sistemində istifadə etməyə çalışacaqlar, hətta yaxın vaxtlarda o, "dövlət naziri" təyin olunacaq". Erməni əsilli milyarderin niyyətinin arxasında hansı maraqlar dura bilər? ABŞ və Fransa da israrla "Qarabağ ermənilərinin problemi həll edilməyib" deyirsə, "Vardanyan planı"nin içində ola bilərmi? Azərbaycan bu qanunsuzluğun qarşısını almaq üçün nə etməlidir?

Üzeyir Cəfərov: "Çirkin planın realizəsi başlanır..."

Polkovnik Üzeyir Cəfərov "Yeni Müsavat"a qeyd etdi ki, Rubenin Moskvadan təlimatla göndərildiyinə əmindir. Onun sözlərinə görə, Putinin Əliyevə zəngində də bu məsələyə toxunulduğunu ehtimal edir: "Amma ardınca nə baş verir, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvaya, müdafiə naziri Suren Papikyan isə Vaşinqtona gedir. Mənə elə gəlir ki, Qarabağ mövzusunda bizim üçün xoş olmayan məsələlər dövriyyəyə buraxılmaqdadır və burada Qərb də, Rusiya da var. Çünki Vardanyanı rus hərbçiləri Qarabağa buraxır, bu qədər ajiotaj, səs-küy, ictimaiyyətin müzakirəsi gedir, Azərbaycandan rəsmi mövqe hələ də yoxdur. Zənnimcə, Rubeni Araiklə əvəzləyirlər. Ermənistanın keçmiş deputatı Naira Zöhrabyan da demişdi ki, Araik həbs oluna bilər. Bir sözlə, Rusiya tərəfindən işlənmiş böyük plandır".

Hərbi ekspert hesab edir ki, iki gün əvvəl Mirzoyanın Lavrovla telefonla əlaqəsi yetərli olmayıb, görünür, indi bağlı qapılar arxasında təlimatlar almağa ehtiyac yaranıb: "Bu təhlükəli gedişatla əlaqədar Azərbaycan qəti və sərt addımlar atmalıdır. Vardanyan Azərbaycan dövləti üçün böyük təhlükə mənbəyidir. Biz Rubenin fəaliyyətini görəndə, Araikin gorbagor atasına "rəhmət oxumalı" olacağıq. Onun Ermənistan yox, məhz Qarabağ ərazisindən meydan oxuması, erməni milyarderləri dəvət etməsi göstərir ki, çirkin planın realizəsi başlanır. Şübhəm yoxdur ki, ona "vəzifə" veriləcək. Moskva prosesi tormozlamaqdadır. Bu belə davam etsə, biz çox pis mənzərəyə şahidlik edəcəyik".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, erməni milyarderin Qarabağa köçmə təxribatının arxasında Rusiya siyasi dairələri dayanır: "Rusiyada rahat həyat yaşayan və yaxşı pullar qazanan erməni niyə səfalət içində və Azərbaycan Ordusunun nişangahında olan bölgəyə köçsün ki? Əksinə, imkanı olan erməni Qarabağı və Ermənistanı tərk etməyə çalışır. O biri tərəfdən, Vardanyan Qarabağ ermənisi də deyil. Köçməyə qaldıqda, Ermənistanın keçmiş prezidentləri və Qarabağ doğumlu Robert Köçəryan və Serj Sərkisyan qayıtmalıydılar. Ancaq onlar daha təhlükəsiz yerdə yaşamağa üstünlük verirlər. Vardanyan Rusiya hakimiyyət təmsilçiləri ilə sıx bağlıdır. Demək, bu təxribatın arxasında Rusiyadakı siyasi dairələr dayana bilər. Məqsəd Azərbaycan Ordusunun sonrakı irəliləmələrini müxtəlif yollarla əngəlləməkdir. Vardanyan Rusiyadan qazandığı pulları Qarabağın separatçıların nəzarətində olan hissəsində xərcləməyə başlayacaq. Moskva separatçıların lideri Araik Arutyunyanı Ermənistanın baş naziri Nikol Paşinyanın adamı kimi dəyərləndirir".

Analitikin sözlərinə görə, Kremlin Araik Arutunyanı Ruben Vardanyanla əvəz etmək planının varlığını istisna etmək olmaz: "Araik Arutyunyan erməni əsilli keçmiş rusiyalı oliqarxın əhatəsində özünü gərgin hiss etməyə başlayacaq. Ruben Vardanyanın "Qarabağa gəlin" çağırışına başqa imkanlı ermənilərin səs verəcəyini istisna etmək olmaz. Laçına alternativ yol tikdik, orada da əli silahlı separatçılar peyda olublar. Növbəti çağırışlarla üz-üzəyik, cavabımız nə olacaq? Bu haqda düşünməliyik. Ordumuz öz işini görür və görəcək, ancaq Ruben Vardanyanın siyasi gedişinə harada yaşamasından asılı olmayaraq hansısa azərbaycanlı oliqarxın da biznesini Şuşa və ya Laçından idarə etməyə qərar verməsi yerində olmazdımı?"

Qeyd edək ki, Vardanyanın Qarabağa gəlişinin rəsmən elan etdiyi səbəblərlə bağlılığı çox azdır. Ötən illərdəki fəaliyyəti göstərir ki, onun sərmayəsi qanunsuz  dövriyyələrdən formalaşıb. "Çirkli pulların yuyulması"nda, qanunsuz silah alverində və narkotik alverində iştirak edib. Məsələ ondadır ki, çirkli pulların yuyulması,  narkotik dövriyyəsi və qanunsuz  silah alveri  ilə məşğul olan bu quldur öz fəaliyyətinin bir qismini vaxtilə işğal altında olmuş Azərbaycan torpaqlarında gerçəkləşdirib. Qarabağın təbii resurslarının talanıb daşınmasında  rol alıb. Qarabağdakı  talanları isə təkbaşına gerçəkləşdirməyib. Bu işdə ortağı olan, əslən livanlı,  paralel şəkildə  Kanada, ABŞ vətəndaşlığı daşıyan  milyarder erməni Nubar Afoyanla müştərək hərəkət edib. Suriya və Livandan erməni ailələrin köçürülüb Qarabağda yerləşdirilməsi prosesinə patronajlıq ediblər. Ruben Vardanyan Qarabağda "ekoloji kənd salınması" layihəsini icra edib.

Humanitar fondlar adı altında formalaşdırdığı təsisatlar Dağlıq Qarabağ, Livan və Suriyada erməni kəndlərinin salınmasına, kilsə  və məktəblərinin tikilməsinə, erməni abidələrinin restavrasiya olunmasına  vəsait ayırıb. O, mesenat kimi məşhurlaşıb. Nubar Afoyan və Ruben Vardanyanın həmtəsisçi olduqları  "Avrora Humanitar Təşəbbüsü" qrupu beynəlxalq donor təşkilatların maliyyə yardımından faydalanaraq, Livan ermənilərinin Qarabağa köçürülməsi üçün əlavə maliyyə qaynaqları təşkil ediblər. Məsələ ondadır ki, Ruben Vardanyan əvvəllər işğal altında olmuş Azərbaycan torpaqları ilə yanaşı, Maltada da qanunsuz biznes şəbəkəsinə sahib olub. Maltadakı biznesi hələ də mövcuddur  və imkanları daha genişdir. O zaman niyə Maltaya yox, Qarabağa köçüb?

Milli.Az


Etiketlər:  Vardanyan vaqeəsi Qarabağın yeni dövlət naziri kimin məkrli planıdır


RƏYLƏR