Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya qorxuya düşüb - MDB dağıla bilər

Rusiya qorxuya düşüb - MDB dağıla bilər

Tarix: 6 Sentyabr 2022 12:00

Kremldə hesab edirlər ki, Qərbin uzunmüddətli məqsədi MDB-nin müxalif ölkələrə çevrilməsidir; bəs hansı üzv ölkələr nəzərdə tutulur və Azərbaycan orada varmı?

Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Rəşid Nurqaliyev bildirib ki, Qərbin uzunmüddətli məqsədi MDB-nin müxalif ölkələrə çevrilməsidir. "Yeni Müsavat" bildirir ki, Nurqalıyev söhbətin hansı ölkələrdən getdiyini konkretləşdirməyib.

Məlumdur ki, 1993-cü ilin oktyabrında MDB-yə üzv qəbul edilən Gürcüstan 2008-ci ilin avqustunda Rusiyanın təcavüzünə məruz qalmasından sonra həmin qurumun üzvlüyündən çıxıb. Ukrayna da məlumdur ki, bu qurumla bütün əməkdaşlığı dayandırıb. Moldova isə fəaliyyətində fəallığını xeyli dərəcədə azaldıb, son aylar isə Avropa Birliyinə namizəd olub, ölkə NATO üzvlüyü arzusundadır. Hazırda MDB-yə üzv ölkələr sırasında Rusiyadan başqa Azərbaycan, Qazaxıstan, Belarus, Qırğızıstan, Ermənistan, Özbəkistan, Türkmənistan və Tacikistan təmsil olunurlar.

Rusiya Təhlükəsizlik Şurası sədrinin digər müavini Dmitri Medvedyev də bu fikirləri bölüşüb. Onun sözlərinə görə, xarici analitiklər bütün imperiyaların məhv olmasının qaçılmazlığından yazırlar: "Bu yolla Qərb Rusiyanı siyasi meydandan çıxarmaq niyyətindədir. Aydındır ki, bütün bunlar dövlətimizin dağılması haqda gizli düşüncəyə sahib olan anqlo-saksların çirkin xəyallarıdır. Bu cəhdlər təhlükəlidir və onları qiymətləndirməmək olmaz". Maraqlıdır ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan MDB ölkələri arasında ən çox Rusiyaya məhsul ixrac edib. Dövlət Gömrük Komitəsindən bildirilib ki, Azərbaycanın MDB ölkələri arasında ən çox məhsul ixrac etdiyi ölkələr Rusiya, Ukrayna və Belarusdur. Rusiyaya ixrac olunan məhsulların dəyəri 472,3 milyon ABŞ dolları, Ukraynaya 328,2 milyon dollar, Belarusa isə 78,9 milyon dollar olub.

Daha bir maraqlı məqam da budur ki, Rusiya rəsmilərinin son günlər Azərbaycanı Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlığı genişləndirmək çağırışlarının artmasıdır. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi  brifinqdə bildirib ki, Bakı ilə Aİİ-nin əməkdaşlıq potensialı olduqca yüksəkdir. "Biz bu cür əməkdaşlığın böyük perspektivini görürük. Eləcə də hesab edirik ki, bu əməkdaşlıq Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin xeyrinə olacaq", - deyə bildirib. Bundan bir neçə gün əvvəl isə Rusiya baş naziri də buna bənzər bəyanat vermişdi. Görünən odur ki, son vaxtlar Rusiya rəsmilərinin Aİİ-yə dəvətlə bağlı bir növ Azərbaycana çağırışları artır. Hiss olunur ki, Azərbaycanı da bu qurumda görmək istəyirlər. O da təsadüfi deyil, Rusiya-Ukrayna müharibəsi səbəbindən Avropadan uzaqlaşdırılıb və bu uğursuzluğunu nəzərə alan Moskva MDB ölkələri ilə daha fəal əməkdaşlıqda maraqlıdır. Moskvanın Bakıya artan diqqəti həm də bunun göstəricisidir. Bu, Rusiya prezidentinin tapşırığı ilə həyata keçirilən xarici siyasət konsepsiyasında da öz əksini tapır. Eyni zamanda Rusiya MDB ölkələrinə "nəzarəti" də artırmaq niyyətindədir. Çünki üzv ölkələrin müstəqil xarici siyasəti indi Rusiyanı daha çox narahat etməyə başlayıb. O səbəbdən, Təhlükəsizlik Şurasının iki rəhbərinin bu istiqamətdəki bəyanatları diqqət çəkir. Amma "Rusiyaya qarşı MDB müxalifəti" dedikdə hansı üzv ölkələr nəzərdə tutulur, bu suala ekspertlərlə aydınlıq gətirmişik.

Milli.Az xəbər verir ki, REAL Partiyasının funksioneri, iqtisadçı ekspert Natiq Cəfərlinin "Yeni Müsavat"a bildirdiyinə görə, əslində Rusiyanın MDB ölkələrindən gözləntiləri özünü doğrultmadı. Onun fikrincə, Rusiya Ukrayna müharibəsi zamanı üzv ölkələrdən güclü dəstək gözləyirdi: "Hətta ən yaxın və ittifaq müqaviləsi olan Belarus da dolayı dəstək verdi, birbaşa iştirakçılıqdan çəkindi. Qazaxıstandan böyük gözləntiləri varıydı, amma Ukraynanın ərazi bütövlüyünü dəstəklədilər, humanitar yardım göndərən bir ölkəyə çevrildi. Ermənistanda da anti-Rusiya əhval-ruhiyyəsi güclənir, son məğlubiyyətdə Rusiyanın günahını yüksək səslə deməyə başlayıblar. Ona görə Rusiya MDB dövlətlərindən istədiyini ala bilmədi. Azərbaycana gəldikdə, bizim investisiya, ticarət dövriyyəsi, enerji daşıyıcıları daha çox Qərbə bağlıdır. Ona görə Azərbaycanın Gömrük və ya Avrasiya İttifaqında iştirakımız mümkün deyil. Çünki Ermənistan üzvdür və bunun üçün Azərbaycanın ərazi bütövlüyünü tanımalı, sülh müqaviləsi bağlanmalı, iki ölkə arasında iqtisadi əlaqələr qurulmalıdır. Əks halda, üzvlük mümkün deyil". N.Cəfərli hesab edir ki, sadəcə, Bakı Rusiyanın Xankəndi və ətraf ərazilərdə mövcudluğunu nəzərə alaraq, şimal qonşu ilə ticari əməkdaşlığını da davam etdirir: "Bu da doğru siyasətdir, Kremli qıcıqlandırmamağa hesablanıb. Amma Avrasiya İqtisadi Birliyinə qoşulmağımız mümkün deyil və texniki, siyasi-diplomatik alınmayacaq. Ümid edirəm ki, gələcəkdə də baş tutmasın. Bu gün Azərbaycanın Qərbə ixracatı 80 faizə yaxındır, investisiyaların 80-85 faizi Avropayadır, bu da özlüyündə Azərbaycanın strateji seçiminin göstəricisidir. O baxımdan son addımları heç də Avrasiya İqtisadi Birliyinə üzvlüyə yaxınlaşma kimi qiymətləndirmirəm".

AMİP sədri Arzuxan Əlizadə hesab edir ki, Rusiyadakı rejim həmişə MDB ölkələrini nəzarətdə saxlamaq siyasəti yürüdüb.  "Moldova, Gürcüstan və Ukraynada gedən proseslər də bundan qaynaqlanırdı ki, postsovet məkanı Rusiyanın kontrolundan çıxmasın və bir "çətir" altında saxlasın. Bu gün də analoji siyasət gedir, amma dünya dəyişir, Rusiyanın postsovet regionuna nəzarət imkanları zəifləyir. Təbii ki, Moskva bundan narahat olmalıdır. Çünki Azərbaycan öz müstəqil addımlarını atır, Ermənistan Qərbə doğru irəliləməyə çalışır, Qazaxıstan, Özbəkistan Rusiyanın "çətir"indən çıxmaq üçün səylər göstərir, belə vəziyyətdə Medvedyev və digər rəsmilərin həyəcanlı açıqlamaları başadüşüləndir", - deyə partiya sədri vurğuladı. A.Əlizadənin sözlərinə görə, şübhəsiz ki, MDB-yə üzv ölkələri daim təsir altında saxlamaq mümkün deyil: "Müxtəlif birliklərdə, platformalarda təmsilçilik üçün fürsətlər meydana çıxa, nəfəsliklər açıla bilər. MDB-nin yaranması SSRİ-nin dağılmasından sonra dövrün zərurəti idi, mərkəzdənqaçma meyllərini qabaqlamağa hesablanmışdı, amma bunu daha uzunmüddətli saxlamaq çətin olacaq. Ona görə bu qurumda olan dövlətlərin də Ukrayna, Moldova, Gürcüstan kimi təşkilatdan qopması istisna deyil".

Milli.Az


Etiketlər:  Rusiya qorxuya düşüb MDB dağıla bilər


RƏYLƏR