Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukraynada həbsdə saxlanan Qarabağ qazisi ACLIQ AKSİYASINA BAŞLADI

Ukraynada həbsdə saxlanan Qarabağ qazisi ACLIQ AKSİYASINA BAŞLADI

Tarix: 6 Sentyabr 2022 22:54

Artıq bir müddətdir ki, Ukraynada həbsdə saxlanan Vətən müharibəsi qazisi Misir Qasımlı aclıq aksiyasına başlayıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə qazinin özü müraciət yayıb.

Misir Qasımlı qeyd edib ki, bu gün onun işi ilə bağlı keçirilən məhkəməyə gətirilməyib və məhkəmə yenidən qərəzli şəkildə təxirə salınıb:

"Məni yenə də gizlətdilər, bu gün keçirilən məhkəməyə aparmadılar. Məhkəmə isə sentyabrın 27-dək təxirə salındı. Hakim məni başkəsən kimi göstərib, həbs müddətimi artırmağa çalışır. Buna görə də dünəndən etibarən aclıq aksiyasına başlamışam".

Misir Qasımlı Azərbaycanın Ukraynadakı səfirliyinin onun və ailəsinin müraciətinə biganə yanaşmasından da şikayətlənib:

"Ailəm və anam dəfələrlə səfirliyə müraciət etsə də, onları heç qapıdan da buraxmayıb, "bu işlə biz məşğul olmuruq, gedin özünüz öz işinizlə məşğul olun" deyiblər. Məsələ ilə bağlı Apellyasiya Məhkəməsinə müraciət etsəm də, 5 aydır ki, şikayətimə baxmır, daima məhkəməni təxirə salır. Beləliklə də, mənim işimə baxan birinci instansiya məhkəmələrinə, Apellyasiya Məhkəməsinə, işimə baxan müstəntiqlərə etiraz olaraq, aclıq aksiyasına başlamışam".

Qazinin bacısı Nəzakət Qasımova da müraciət yayaraq Azərbaycan hökumətindən kömək istəyib:

"Bu gün yenə də qardaşım məhkəməyə gətirilmədi. O da Ukrayna məhkəmə orqanlarının haqsızlıqlarına etiraz olaraq, aclıq aksiyasına başladı. Mən Azərbaycan rəhbərliyindən köməklik istəyirəm ki, onu bu haqsızlıqdan xilas etsinlər. Çünki mənim qardaşım haqlıdır və onun haqqını tapdalayırlar. Qardaşım Qarabağ qazisi, dövlətini, millətini sevən adamdır.

Bir sıra Azərbaycan mətbuat orqanlarında məlumat yayılır ki, guya Azərbaycan dövləti tərəfindən mənim qardaşıma kömək, dəstək olunur. Amma bu tamamilə yalandır, bir adam tərəfindən belə qardaşıma dəstək olunmayıb".

Xatırladaq ki, Vətən müharibəsi qazisi olan Misir Qasımlı bir müddət əvvəl sosial şəbəkələrdə videomüraciət yayaraq, bildirmişdi ki, əslən erməni olan İspaniya vətəndaşı onu məqsədli şəkildə şərləyib və nəticədə həbsxanaya salınıb. Misir Qasımlı sifarişli şəkildə həbsdə saxlanıldığını bildirmiş və bu səbəbdən öz ölkəsinin rəhbərliyindən və ictimaiyyətindən dəstək istəmişdi.

Milli.Az


Etiketlər:  Ukraynada həbsdə saxlanan Qarabağ qazisi ACLIQ AKSİYASINA BAŞLADI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ