Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tarixə qovuşan BMT - təşkilat nüfuzu ilə vidalaşır

Tarixə qovuşan BMT - təşkilat nüfuzu ilə vidalaşır

Tarix: 9 Sentyabr 2022 11:00

Ukrayna ilə Rusiya arasında hərbi əməliyyatlar əksər beynəlxalq təşkilatların heç nəyə qadir olmadığının əyani sübutu oldu. Rusiyanın beynəlxalq hüquq normalarını pozaraq suveren bir dövlətə hücum etməsi beynəlxalq təşkilatların isə sadəcə bəyanatlarla kifayətlənməsinin şahidi olduq. BMT-nin fəaliyyətsizliyi onun yarasızlığını bir daha gündəmə gətirdi. İflic olan təşkilat heç bir səmərəli təşəbbüslə çıxış etmədi, beynəlxalq səyləri səfərbər edə bilmədi.

Heç bir dövlətdən asılı olmamalı olan, qərəzsiz, müstəqil sayılan BMT, onun rəhbər heyəti faktiki olaraq müxtəlif dövlətlərin təsiri altındadır. Bu bir faktdır ki, BMT-nin, beynəlxalq təşkilatların qərəzli davranışı, ayrı-seçkiliyi, ikili standartları və məsələlərə seçilmiş yanaşmaları onları nüfuzdan salıb. Azərbaycanın vaxtilə işğal edilmiş torpaqlarının azad edilməsinə dair BMT Təhlükəsizlik Şurasının 27 il icra edilməyən qətnamələrini Azərbaycan özü icra edib. Halbuki, bəzi hallarda qətnamələr bir gecənin içində icra olunub. BMT o qədər aciz, yazıq vəziyyətə düşüb ki, icra edilməsi bir yana, axırıncı dəfə həmin qətnamələrə nə vaxt istinad etməsini də yadında çıxarıb. Deməli, Amnesty International, Human Rights Watch kimi qərəzli təşkilatlar belə zaman-zaman TŞ qətnamələrinə istinad etdikləri halda, BMT son onilliklərdə ümumiyyətlə bu qətnamələrin mövcudluğunu "unutmuşdu".

Eləcə də, BMT-nin indiki Baş katibi fəaliyyəti ərzində nə ilə yadda qalıb? BMT hazırda dəftərxana, dövlətlərin yazışmalarını göndərdiyi poçt məntəqəsi rolunu oynayır, ancaq dişsiz, növbətçi açıqlamalar verir. BMT ümumbəşəri dəyərləri deyil, böyük dövlətlərin maraqlarını müdafiə edərək, onların ritorikasını təkrarlayır. Təşkilat hələ də keçmiş münaqişə ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin köhnəlmiş tezislərindən istifadə edir. Hazırda Azərbaycan azad edilmiş ərazilərdə müasir tarixin ən böyük rekonstruksiya işlərini həyata keçirir. Ölkəmiz 9 şəhər və yüzlərlə kəndin sıfırdan qurulması kimi nəhəng layihələr həyata keçirir. Təəssüf ki, BMT bu prosesə heç bir töhfə vermir. Azərbaycan dünyada mina ilə çirkləndirilmiş ən əsas ölkələrdən biridr. BMT-dən bu sahəyə də heç bir yardım yoxdur.

BMT-də qətnamələrin icrası mexanizmi tapılmalı, təşkilatın böyük güclərdən asılılığı aradan qaldırılmalıdır. Beynəlxalq hüququn norma və prinsipləri BMT-nin fəaliyyətində dominantlıq təşkil etməli, beynəlxalq hüququn norma və prinsiplərini pozan dövlətlərin cəzalandırılması mexanizmi işlək olmalıdır. Hazırda BMT-nin vəziyyəti Millətlər Liqasının vəziyyətini xatırladır. Millətlər Liqası tarixə qovuşdu. Bu gedişlə deyəsən BMT də ya tarixə qovuşacaq.

Kamran Seyidov


Etiketlər:  Tarixə qovuşan təşkilat nüfuzu ilə vidalaşır


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ