Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2022 19:03
Əvvəlki vaxtlara nisbətən, hazırda normal saç tipinə daha az hallarda təsadüf edilir. Normal saçlar, adətən, sıx, elastik və sağlam olur, asanlıqla daranır və istənilən formada yığılırlar.
Bu tip saçlara sahib olanlara başlarını tez-tez yumaq lazım gəlmir. Belə saçlar uzun müddət ərzində öz cazibədar görünüşünü saxlayırlar. Lakin digər saç tiplərinə olduğu kimi, normal saçlara da düzgün qulluq göstərilməsi tələb olunur, əks halda onlar bütün öz yaxşı xüsusiyyətlərini itirə bilərlər. Normal saçları həftədə bir dəfə olmaqla, yalnız bu tip saçlar üçün nəzərdə tutulan şampunlardan istifadə etməklə yumşaq su ilə yumaq olar. Yuyulduqdan sonra onları dərman otlarından hazırlanmış dəmləmələr ilə yaxalamaq məsləhət görülür.
Normal saçların yaxalanması üçün yaxalayıcı vasitələri ev şəraitində də hazırlamaq olar:
- 1 çay qaşığı gicitkan və 1 çay qaşığı pıtraq bitkisini qarışdıraraq, üzərinə 1 stəkan qaynar su tökün. 20 dəqiqə saxladıqdan sonra dəmləməni süzün və saçların sonuncu yaxalanması üçün hazırladığınız suya əlavə edin.
- 2 çay qaşığı çobanyastığının üzərinə 1 stəkan qaynar su töküb dəmləyin və süzdükdən sonra sonuncu yaxalanma üçün hazırladığınız suya əlavə edin. Yaxalayacağınız suya 1 xörək qaşığı alma və ya üzüm sirkəsi də əlavə etmək olar.
- 2 çay qaşığı süpürgə otu və sərv ağacı qozaları üzərinə 1 stəkan qaynar su töküb, 20 dəqiqə keçdikdən sonra süzərək üzərinə limon şirəsi əlavə edin. Bunu saçlarınızı sonuncu dəfə yaxalayacağınız suya əlavə edin. Limon şirəsini saçları yaxalamaq üçün hazırlanan müxtəlif tərkiblərə və ya adi suya əlavə etmək olar. Saçlar istənilən halda yumşaq və itaətkar olub daha rahat daranacaq.
Normal saçları olanlarda həftədə 1 dəfə baş yuyulmamışdan qabaq və ya yuyulan zaman başı masaj etmək lazımdır. Zəifləmiş, nazik, rənglənmiş və s. saçlar üçün olduğu kimi, normal saçlara da öz parlaqlığını saxlaması, ipək kimi və yumşaq qalması üçün heç olmasa həftədə 1 dəfə kompres və maskalar etmək lazımdır. Maskalar əvvəl saçların köklərinə, sonra isə saçların uzunluğu boyu çəkilir.
- Kefir (0,5 stəkan), yumurta və kakaonu (1 çay qaşığı) qarışdırın və başınıza sürtün. Başınız quruduqca, hazırladığınız qarışıgı (qurtarana qədər) bir neçə dəfə başınıza çəkin. Sonra başınızı sellofanla örtüb üstündən dəsmalla bağlayaraq 20 dəqiqə saxlayın. Başı normal saçlar üçün olan şampunla yuyub gicitkən dəmləməsi ilə (2 çay qaşığı ot +1 stəkan qaynar su) yaxalayın.
- 1 çay qaşığı bal ilə 1 çay qaşığı gənəgərçək yağını yaxşı-yaxşı qarışdırıb üzərinə əvvəlcədən yaxşıca çalınmış 1 yumurta əlavə edin. Hazırlanmış maskanı nəm saçlarınıza sürtərək sellofanla örtün və başınızı yun şərflə bağlayın. Yarım saatdan sonra saçları yumaq lazımdır.
- Ayıpəncəsi və gənəgərçək yağları saçlar üçün çox xeyirlidirlər. Hər iki yağdan 1 çay qaşığı götürərək yuyulmamışdan qabaq saçlara sürtmək olar.
Normal saçları gün ərzində 2 dəfədən az olmayaraq ehtiyatla daramaq lazımdır. Saçlarınızı fenlə daha az hallarda qurutmağa çalışın və ya qurutma zamanı xüsusi qoruyucu vasitələrdən (muss, sprey) istifadə edin.