Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2022 09:50
İran İnqilab keşikçiləri Korpusuna məxsus "Gizli bülleten" Telegram kanalında İranda əxlaq polisi tərəfindən öldürülmüş Məhsa Əmini ilə Zəngəzur dəhlizi məsələsinin bir planın tərkib hissəsi olduğu iddia edilib.
Yazıda Azərbaycan, Türkiyə və İsrailin İranın şimal-qərbində sərhədlərin dəyişdirilməsi ilə məşğul olduqları, bununla da Zəngəzur dəhlizini İran və Ermənistanın nəzarətindən çıxararaq İranın Avropa ilə əlaqəsini kəsməyə çalışdıqları yazılıb.
"Məşum Azərbaycan, Türkiyə və İsrail üçbucağı Zəngəzuru ələ keçirə biləcəkləri halda NATO Xəzər dənizinə girəcək və bununla da öncədən planlaşdırıldığı kimi İranın parçalanmasına start veriləcək", - deyə, SEPAH-ın bülletenində iddia edilib.
Bülletendə Məhsa Əmininin öldürülməsinin adıçəkilən ölkələrin planları əsasında olduğu və beləliklə SEPAH və ordunu daxili toqquşmalarla məşğul edərək Zəngəzuru işğal etməyə çalışıldığı deyilir.
Yazıda bu istəyə qismən nail olunduğu, İran silahlı qüvvələrinin daxildəki etiraz aksiyalarının qarşısını almaq üçün cəlb edildiyi və bununla da sərhədlərdə hərbi gücün yetərincə qalmadığı qeyd olunub.
"Əgər İran yeni bir müharibəyə cəlb edilərsə, ölkənin parçalanması qaçılmazdır. Bir ölkənin ordusu eyni vaxtda bir neçə cəbhədə savaşa bilməz. Kürd separatçılar Qərbdən, pantürkistlər Təbrizdən, Əl-Əl-Əhvaz qruplaşması Əhvazda, Səudi Ərəbistanın dəstəklədiyi təkfirçilər Sistan-Bəluçistanda və habelə Kuruşpərəstlər (Kir) mərkəzdə ayrılmaq üçün istiqlal bayrağı qaldırıblar. Qurdların və kaftarların ulama səslərini eşitmirsiniz?", - deyə, bülletendə xəbərdarlıq edilib.