Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Travmatologiya sahəsində dəyərli kitab (FOTO)

Travmatologiya sahəsində dəyərli kitab (FOTO)

Tarix: 1 Oktyabr 2019 10:32

Bakı. Trend:

Travmatologiya və ortopediya tibbin aktual sahələrindən biri olub, dayaq-hərəkət sisteminin xəstəliklərinin diaqnostikası və cərrahi müalicəsi ilə məşğul olur. Bu xəstəliklərə ilk növbədə oynaq artrozları, dayaq-hərəkət aparatının travmaları,vətər kəsilmələri, onurğa sütununun xəstəlikləri, periferik sinirlərin travmatik zədələnmələri və müxtəlif ortopedik patologiyalar aiddir.

Travmatologiya və ortopediya son illərdə texnoloji və elmi inkişaf nəticəsində ən sürətlə irəliləyən, dəyişən, əhatəsini genişləndirən sahələrdən biridir. Hazırda Azərbaycanın tibb müəssisələri dayaq-hərəkət sistemi xəstəliklərinin diaqnostikası və müalicəsində ən müasir tibbi avadanlıqlarla və beynəlxalq təcrübəyə malik həkimlərlə əhalinin xidmətindədir. Belə təcrübəli, peşəkar həkimlərdən biri də tibb elmləri doktoru Dr. Aydın Qəhrəmanovdur. Doktorluq dissertasiyasını Türkiyə Hacəttəpə Universitetində müdafiə etmişdir. Hal-hazırda Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda baş elmi işçi vəzifəsində işləyir. Beynəlxalq AO Travma təşkilatının Azərbaycan bölməsinin rəhbəri, Artroplastika dərnəyinin həmsədridir. 100-dən çox elmi məqalənin müəllifidir.

Bu yaxınlarda Aydın Qəhrəmanovun həmmüəllifi olduğu “Oynaqdaxili sınıqlar, az invaziv cərrahiyyə və artroskopiya” adlı yeni kitab nəşr olunub. Bu barədə Aydın müəllimlə müsahibəni diqqətinizə çatdırırıq.

- Aydın müəllim, bu yaxınlarda həmmüəllifi olduğunuz kitab işıq üzü görmüşdür. Kitab harada çap edilib və nədən bəhs edir?

- Məlumdur ki oynaqdaxili sınıqlar travmatologiyanın ən ağır və ciddi problemi olaraq qalmaqdadır. Bu növ sınıqların müalicəsində cətinlik həm sınmış və yerini dəyişmiş oynaq səthlərinin dəqiq düzəldilməsində, həm də əməliyyat sonrası hərəkərtlərin bərpasındadır. Oynaqdaxili sınıqlar mümkün qədər erkən hərəkət tələb etməkdədir. Kitabın adı “Oynaqdaxili sınıqlar, az invaziv cərrahiyyə və artroskopiya”dır (“Intraarticular fractures, Minimally invasive Surgery, Arthroscopy”). Yəni adıçəkilən kitab oynaqdaxili sınıqlar zamanı oynağa mümkün qədər az zərər vurmaqla kiçik kəsiklərdən edilən cərrahi müdaxilələrə həsr edilmişdir. Kitabın baş redaktoru Türkiyənin Hacəttəpə Universitetində uzun illər travmatologiya və ortopediya kafedrasının müdiri olmuş Professor Mahmud Nedim Doraldır. Kitab tibb sahəsinin ən mötəbər mətbəəsi sayılan və Almaniyada yerləşən “Springer” mətbəəsi tərəfindən çap edilib.

- Kitabın yazılmasında kimlər iştirak etmışdir? Kitabın ərsəyə gəlməsində Sizin iştirakınız nədən ibarətdir?

- Kitab müxtəlif oynaqların sınıqlarının müalicəsinə aid bölümlərdən ibarətdir. Kitabın yazılmasında beynəlxalq travmatoloq-ortoped alimlər qrupu iştitak etmişdir. ABŞ, İngiltərə, Fransa, İtaliya, Yaponiya, Türkiyə, İsveçrə və Almaniyadan olan mütəxəssislər kitabın müxtəlif bölümlərinin yazılmasında əməklərini əsirgəməmiş, metodikaları təsvir etmış və təcrübələri ilə paylaşmışlar. Ümumiyyətlə, dünya təcrübəsində tibbi kitabların yazılmasında belə bir ənənə var ki, kitab yazılarkən hər bir bölümün daha dəqiq araşdırılması üçün həmin sahədə uzun müddət çalışan və təcrübəsi olan mütəxəssisə müraciət edilir. Mənim rəhbərliyim altında yazılan bölüm aşıq-baldır oynağının ən ağır sınıqları sayılan Pilon adını daşıyan oynaqdaxili sınıqların müalicəsinə həsr edilmişdir. Bu növ sınıqlar tibbi mənbələrə əsasən daha çox 2 mərhələli əməliyyatlara məruz qalırlar. Hətta Beynəlxalq Travmatoloqlar Cəmiyyəti AO bu növ sınıqların müalicəsinin ağırlığını nəzərə alaraq 2 mərhələli əməliyyat protokolu məsləhət görür. Mən kitabdakı bölümdə Pilon sınıqları ilə xəstələrin müalicəsinin xüsusiyyətləri, əməliyyat taktikası və nəticələri ilə təcrübəmizlə bölüşdüm. Uyğun xəstələrdə 1 mərhələli, yəni 1 əməliyyatdan istifadə etməklə xəstələrdə istifadə etdiyimiz əməliyyat metodikası və nəticələrini paylaşdım.

- Kitabın həkimlər üçün praktik əhəmiyyəti nədən ibarətdir və kitabı necə əldə etmək olar?

- Kitab praktik işlə məşğul olan, əməliyyatlar icra edən həkimlər üçün nəzərdə tutulub. Kitabda müxtəlif oynaqdaxili sınıqların müalicəsində istifadə edilən müasir, az invaziv, erkən hərəkətə imkan verən əməliyyat metodikalarının təsviri və praktik tədbiqi yer almışdır. Əminəm ki, kitab Azərbaycan travmatoloqları üçün də faydalı olacaq. Kitabı İnternet üzərindən əldə etmək olar.

Bir məsələni xüsusi ilə qeyd etmək istərdim. Kitabın yazılmasında mənə güvənib etibar göstərdiyinə və cəlb etdiyinə görə Türkiyə Ortopedlər və Travmatoloqlar Cəmiyyətinin (TOTBİD) keçmiş sədri və hazırda Asiya-Pasifik ölkələri Beynəlxalq Cəmiyyətinin (APOA) sədri, hörmətli professor Mahmud Dorala minnətdarlığımı bildirmək istərdim.

- Aydın müəllim, bildiyimizə görə Siz Beynəlxalq Travmatoloqlar Cəmiyyəti AO təşkilatının Azərbaycanda nümayəndəsisiniz və bu yaxınlarda - may ayında respublikamızda ilk dəfə Azərbaycan AO təşkilatı sizin sədrliyiniz ilə praktik tətbiqli beynəlxalq kurs keşirmişdir.

- Beynəlxalq Travmatoloqlar Cəmiyyəti AO 61 il əvvəl Avropada qurulmuş və bu gün demək olar ki, bütün dünya ölkələrini əhatə edən travmatologiya sahəsinin ən böyük təşkilatıdır. AO-nun əsas məqsədi travmatologiyada istifadə edilən yeni implantlar və yeni əməliyyat metodikaları tətbiq etmək, travmatoloqların nəzəri və praktiki biliklərini artırmaqdır. AO təşkilatı bütün dünyada travmatoloqların təhsilini artırmaq, müasir müalicə metodlarını tanıtmaq və bununla da xəstələrin müalicə keyfiyyətini artırmaq məqsədi ilə kurslar və seminarlar təşkil edir. Biz AO təşkilatının Avropa bölümünə 2 il əvvəl 2017-ci ildə daxil olduq. Çox uzun müddət olmasa da, bu zaman kəsiyində biz Azərbaycanda 2 beynəlxalq seminar və bir bazis travma kursu keçirdik. İlk seminarımız 2017-ci ildə baş tutdu və “Diz oynağı ətrafı sınıqları”na həsr edilmişdi, ikinci seminarımız 2018-ci ildə keçirildi və Aşıq-baldır oynağı ətrafı sınıqlarının müasir müalicəsini əhatə etdi. Hər iki seminarda 60 travmatoloq öz ixtisasını artırdı. Bazis travma kursunu bu ilin may ayında keçirdik. 3 gün davam edən kursda 26 iştirakçıya əməliyyatların nəzəri tərəfi məruzələrlə çatdırılmış və İsveçrədən gətirilmiş xüsusi mulyajlar üzərində yeni metodikalar praktiki olaraq tətbiq edilmişdir. Seminarlar və kurslarda dərslər İngiltərə, Türkiyə, ABŞ, İsveçdən gələn müəllimlər tərəfindən aparılmışdır. Seminar və kursların sonunda iştirakçılara beynəlxalq sertifikatlar verilmişdir. Sevindirici hal odur ki, seminarlara və kursa Azərbaycandan 3 mütəxəssis müəllim olaraq cəlb edilmişdir.

- AO Travma Beynəlxalq təşkilatı ilə bizim əlaqələrimiz bundan sonra hansı formada davam edəcək?

- Qeyd etdiyim kimi, AO təşkilatının birinci məqsədi travmatoloqların təhsilini artırmağa yardım etməkdir. Travmatoloqlarımızın bilik və təcrübələrini artırmaq üçün beynəlxalq kurs və seminarların keşirilməsi vacibdir. Azərbaycan travmatoloqları yüksək səviyyəli təhsili, xəstələrimiz isə yüksək səviyyəli müalicəni almağa layiqdirlər. Bu il sentyabrın 7-də Kiyev şəhərində AO MİD (Avropa) idarə bölümünün növbəti illik toplantısında Azərbaycanın bu təşkilata qəbulu haqqında müraciətinə baxılmışdır. Toplantıda Beynəlxalq AO Travma təşkilatının Azərbaycan bölməsinin rəhbəri kimi mənim də çıxışım oldu. Azərbaycan AO MİD təşkilatına tam hüquqlu üzv qəbul edildi. Azərbaycan travmatologiyası üçün bu çox önəmli hadisədir! Bundan sonra Azərbaycan da AO kimi mötəbər təşkilatın seçimlərində həm səs vermək və həm də Azərbaycan nümayəndələrinin AO təşkilatının müxtəlif beynəlxalq strukturlarında təmsil olunmaq hüququnu qazanmış oldu. Yəni AO təşkilatının idarə qurumlarinda artıq təmsil olunmaqdayıq. Bununla bərabər, AO MID üzvü olaraq keçirmək istədiyimiz AO seminar və kursları daha asan və istədiyimiz zaman keçirmək, ölkəmizə master kursların gətirilməsi imkanı əldə etdik. 2020-ci il üçün Azərbaycanda "Bud-çanaq oynağı və bud sümüyü" sınıqları mövzusunda seminar planlaşdırdıq və mövzuları təsdıq etdik. Bud-çanaq bölümünə aktuallığı nəzərə alınaraq, oynaq dəyişmə və onunla bağlı problemlər də daxil edildi.

- Oynaq dəyişmə, oynaq problemləri respublikamızda nə dərəcədə aktualdır? Ümumiyyətlə, oynaq ağrılarının səbəbi nədir?

- Oynaq problemləri dünyada və ölkəmizdə hər gün aktuallıq qazanmaqdadır. Oynaq ağrıları ilə xəstələrin sayı artmaqdadır. Oynaq ağrılarının səbəbi müxtəlifdir. Unutmaq lazim deyil ki, artroz çox vaxt yaşlanma ilə müşayiət olunan bir haldır. Artrozun əsasında oynağın qığırdaq təbəqəsinin zədələnməsi durur. Gənc xəstələrdə artıq çəki, yanlış qidalanma, bəzən də həddən artıq idman yüklənmələri erkən artroza səbəb olur. Bəzi hallarda aşağı ətraflarda anadangəlmə və ya sonradan qazanılan əyriliklər nəticəsində biomexanik dəyişikliklər artroza gətirir. Revmatoid və digər etiologiyalı oynaq xəstəlikləri artroza səbəb ola bilər. Ən çox artroza məruz qalan və ən çox da əməliyyat edilən oynaqlar bud-çanaq və diz oynaqlarıdır.

- Bud-çanaq və diz oynaqlarının artrozlarının müasir müalicəsi nədən ibarətdir?

- Müalicə metodunun seçilməsi artrozun, yəni xəstəliyin səviyyəsindən asılıdır. Başlanğıç mərhələlərdə müalicə konservativ aparılmalıdır. Buraya dərman, fizioterapevtik, müalicəvi idman, breys müalicəsi ilə yanaşı cəkisi yüksək xəstələrin çəkisinin azaldılması daxildir. Lakin xəstəlik irəliləmişdirisə və konservativ müalicənin xeyri yoxdursa, əməliyyata qərar verilir. İrəliləmiş ağır dərəcəli artrozlarda oynaq dəyişmə əməliyyatları edilir.

- Əməliyyatlara göstəriş nədir? Hansı yaşlarda olunur və nədən ibarətdir?

- Oynaq dəyışmə əməliyyatlarına birinci göstəriş konservativ müalicə ilə qarşısı alınmayan ağrıdır. Digər göstərişlər oynaqlarda hərəkət məhdudluğu və deformasiyalardır (əyriliklər). Əməliyyatlar əsasən yaşlı xəstələrdə edilir. Lakin artrozun gəncləşməsi də müşahidə edilməkdədir və gənc xəstələrdə də aparıla bilər. Adətən biz gənc xəstələri mümkün qədər gec əməliyyat etməyə çalışırıq. Səbəb gənc xəstələrdə qoyulmuş protezin tez yeyilməsi və yenidən əməliyyata getmək ehtimalının yüksək olmasıdır. Bununla belə, əgər əvvəllər dünya təcrübəsinə əsaslanaraq diz oynağı protezinə təxminən 10 il ömür verirdiksə, müasir dizayn protezlər dünya ədəbiyyatında da qeyd edildiyi kimi, 15-20 il gedə bilər. Əməliyyat xarab olmuş oynaq səthlərinin kəsilib götürüldükdən sonra süni oynaq səthləri ilə əvəz olunmasından ibarətdir. Bunula bərabər, əməliyyat zamanı xəstənin oynağında hər hansı bir deformasiya (əyrilik) mövcuddursa, onun da düzəldilməsi vacibdir. Bu xüsusən diz oynağında valgus (bayıra) və varus (içəriyə) deformasiyalara aiddir. Yəni oynaq dəyişmə ilə bərabər xəstənin aşağı ətrafının da oxu düzəldilməlidir. Bu, protezin uzun ömürlü olması üçün vacib şərtdir.

- Qeyd etdiniz ki, gənc xəstələri mümkün qədər gec əməliyyat etməyə çalışırsınız. Lakin əməliyyat labüddürsə, bu grup xəstələrin əməliyyatlarında nə özəllik var?

- Gənc xəstələrdə konservativ müalicədən və ya göstərişlərə görə oynaq qoruyucu əməliyyatların imkanlarından sonunadək istifadə etməyə çalışırıq. Artroplastikaya qərar verilibsə, gənc xəstə qrupunda bud-çanaq oynağı protezlərində keramikadan istifadə edilməkdədir. Keramika ən davamlı və uzun ömürlü material sayılır. Bu zaman keramika 2 cür istifadə edilə bilər. Keramik baş və keramik layner və ya keramik baş və polietilen layner. Hər iki halda protezin ömrü uzanmış olur.

- Sonda hansı məsləhətləri vermək istərdiniz?

- Oynaq xəstəlikləri olan xəstələrin müalicəsi mümkün qədər erkən başlanmalıdır. Daha da vacibi erkən artozun profilaktikasıdır ki bu da sağlam həyat tərzi ilə bağlıdır. Bunun əsasında düzgün qidalanma, normal səviyyədə bədən çəkisi, mütəmadi müalicəvi idman durmaqdadır.

- Maraqlı müsahibəyə görə sağ olun.

- Təşəkkür edirəm, siz də sağ olun.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Travmatologiya sahəsində dəyərli kitab (FOTO) Travmatologiya sahəsində dəyərli kitab (FOTO) Travmatologiya sahəsində dəyərli kitab (FOTO) Travmatologiya sahəsində dəyərli kitab (FOTO)


Etiketlər:  Travmatologiya sahəsində dəyərli kitab FOTO


RƏYLƏR