Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Sentyabr 2022 10:46
Bir qrup şəxs tərəfindən sentyabrın 30-da Milli Məclisin inzibati binası qarşısında aksiya təyin olunmasına Daxili İşlər Nazirliyindən münasibət bildirilib.
DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov mətbuatın sorğusuna cavabında qeyd edib ki, razılaşdırılmamış aksiyanın qarşısı alınacaq: "Onlar aksiya keçirmək niyyətləri barədə Bakı şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Müraciətə baxılıb və aksiyanın keçirilməsinin məqsədəuyğun olmaması barədə təşkilatçılara rəsmi cavab verilib.
Buna görə də, Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış hər hansı aksiyanın və ya yürüşün keçirilməsinə cəhd edilərsə, bu qanunsuz hesab olunacaq və qarşısının alınması üçün zəruri olan bütün tədbirlər görüləcəkdir. Yeri gəlmişkən, yalan vədlərə inanaraq qanunsuz aksiyada iştirak etmək istəyənləri isə belə hərəkətlərdən çəkinməyə çağırıram".
Z.Hüseynov onu da vurğulayıb ki, ictimai asayişin pozulmasına yönəlmiş bu cür cəhdlərin qarşısı alınarkən polislərlə qanunsuz aksiyanın iştirakçıları arasında baş verə biləcək bütün hadislərin məsuliyyəti həmin razılaşdırılmamış aksiyanın təşkilatçılarının üzərinə düşəcəkdir.