Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrəvanın sonuncu ümidi də basdırılır - ABŞ-dan “U gedişi”

İrəvanın sonuncu ümidi də basdırılır - ABŞ-dan “U gedişi”

Tarix: 30 Sentyabr 2022 18:20

Ağ Ev Qarabağ ritorikasını yumşaldır; Birləşmiş Ştatlar Ermənistana silah verməyəcək; Paşinyan isə istəyir ki, onun bir əlindən "Sem dayı", digərindən Putin tutsun - bir-biriləri ilə yola getməsələr də!..

"ABŞ Cənubi Qafqaz regionuna dərindən cəlb olunub. Hazırda biz Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması yönündə danışıqlarda çox fəal iştirak edirik. Biz Ermənistanla Türkiyə arasında gedən prosesi də dəstəkləyirik".

Milli.Az "yeni müsavat"a istinadən xəbər verir ki, bu sözləri dünən ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenter söyləyib.

"Rusiyanı ATƏT-in Minsk Qrupunun həmsədrliyindən kənarlaşdırmağın vaxtı çatıbmı" sualını cavablandıran Karpenter öncə xatırladıb ki, ABŞ Filip Rikeri bu yaxınlarda Minsk Qrupuna yeni həmsədr təyin edib. "Heç kimə sirr deyil ki, Minsk Qrupu həmsədrləri görüşmürlər. Bunun səbəbi təkcə Rusiyanın Ukraynaya təcavüzü deyil, başqa səbəblər də var", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, hazırda Avropa Şurasının Prezidenti Şarl Mişelin rəhbərliyi ilə sülh prosesi gedir və ABŞ bu prosesi tam dəstəkləyir: "Biz həmçinin mümkün köməyi göstərmək üçün Ermənistan və Azərbaycanla ikitərəfli səviyyədə çox yaxından işləyirik və Aİ-dəki həmkarlarımızla sıx məsləhətləşmələr aparırıq. Ermənistan və Azərbaycana gəldikdə, bizim ilk vəzifəmiz bu iki ölkə arasında münasibətlərin normallaşmasına dəstək verməkdir: regionda nəqliyyat və kommunikasiya dəhlizlərinin açılması, mehriban qonşuluq münasibətləri və təbii ki, əsas da Dağlıq Qarabağ daxil olmaqla, regionda yaşayan bütün əhalinin insan hüquqlarının müdafiəsidir".

*****

Göründüyü kimi, ABŞ rəsmisi "status" adı çəkməyib, Qarabağ ermənilərini də nəzərdə tutaraq, əsasən ümumbəşəri dəyər sayılan insan haqlarına diqqət yönəldib. Həmçinin Minsk Qrupunun iflic olmasını təkcə Rusiya (Ukrayna) amili ilə deyil, "həm də başqa səbəblərlə" izah edərək Ermənistanı bir az da məyus edib. Çünki ABŞ rəsmisi "başqa səbəblər" deyərkən, əlbəttə ki, ən əvvəl Azərbaycanın Minsk Qrupunun vasitəçilik missiyasından imtina etməsinə işarə vurur.

İş də ondadır ki, Vaşinqton Bakının mövqeyi ilə hesablaşmaq zorundadır. Ona görə ki, bölgənin açar ölkəsi, söz sahibi, üstəgəl, Avropa üçün energetik-logistik önəmi birə-on artmış tək dövlət Azərbaycandır, Rusiyanın forpostu və marioneti Ermənistan yox!

Diqqətçəkicidir ki, amerikalı rəsminin açıqlaması ilə eyni gündə - sentyabrın 28-də Ağ Evdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın təşəbbüsü ilə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş olub. Xəbər verildiyi kimi, görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması məsələsi müzakirə edilib. Hikmət Hacıyev bu xüsusda deyib: "Biz bu görüşün təşkil edilməsinə və regionda davamlı sülhün təmin olunması istiqamətində səylərinə görə ABŞ tərəfinə təşəkkür edirik. Görüşün nəticələri haqda Ceyk Sallivan tərəfindən razılaşdırılmış qaydada məlumat verilib. Burada da əsas məqam konkret vaxt çərçivəsində sülh gündəliyi üzrə səylərin davam etdirilməsidir. Görüşdə sülh müqaviləsi üzrə danışıqlar, sərhədlərin delimitasiyası, nəqliyyat xətlərinin açılması, o cümlədən humanitar gündəliyin tərkib hissəsi olan minalar və itkin düşmüş şəxslər məsələləri müzakirə olunub".

*****

Əfsuslar olsun ki, rəsmi İrəvan, bütövlükdə erməni siyasi elitası konstruktiv sülh prosesindən hələ çox uzaqdır və Qərblə Rusiya arasında "ikili oyun" oynamaqla, "iki stul siyasəti" aparmaqla vaxt udmağı hədəfləyib. Zaman isə gedir və əsla Ermənistana işləmir. Bu barədə son olaraq, ölkənin 1-ci prezidenti Levon Ter-Petrosyan üç gün öncə bir daha öz xalqına, ölkənin siyasi qüvvələrinə xəbərdarlıq edib. Müxalifət də daxil, Ermənistandakı bütün qüvvələri təcili şəkildə Azərbaycan və Türkiyə ilə sülh müqavilələri imzalamaq üçün hakimiyyət ətrafında birliyə çağırıb.

Gözlənildiyi kimi, revanşist radikallar neçə gündür qarğa-quzğun kimi onun üstünə düşüb. Onlardan biri, Ermənistanın ikinci prezidenti, Xocalı canisi Robert Köçəryan Ter-Petrosyanın indiki hakimiyyət ətrafında birləşməyə çağırış etməsini ironiya ilə qarşılayıb.

"Birləşmə bir qayda olaraq, yüksək məqsədlərə çatmaq naminə baş verir. Qələbəyə nail olmaq üçün birləşirlər, təslim olmaq üçün yox. Təslim olmaq üçün, əksinə, parçalanma tələb olunur".

Köçəryanın sözlərinə görə, indiki hakimiyyət ətrafında birləşməyə çağırış anlaşılmazdır. Onun iddiasına görə, ümidsiz vəziyyətlər yoxdur, döyüşə hazır olanların üzünə qapı açılır. O, əlavə edib ki, Levon Ter-Petrosyanın qiymətləndirmələri ilə qətiyyən razı deyil və çətin şəraitdə təslim olmağın vacibliyinə inanmır: "Mən bu mövqeyi qəti şəkildə qəbul etmirəm".

Köçəryan həmçinin ölkədə hakimiyyətin dəyişdirilməsinin vacibliyini də vurğulayıb. Ter-Petrosyan isə Paşinyanı zorla əvəzləyəcək şəxsin daha ağır sülh müqaviləsi imzalamalı olacağı barədə də xəbərdarlıq edib. Yəni ki, hazırda təklif olunana qane olmaq məsələsi. 

Bu, onun hələ 1998-ci ildə öz xalqına elədiyi xəbərdarlığın təxminən eynisidir. O vaxt prezident postunu tutan Levon Ter-Petrosyan "sülh əvəzinə torpaq" formulu üzrə Bakı ilə mərhələli Qarabağ anlaşmasına getməyin vacibliyindən danışarkən demişdi ki (status məsələsi ikinci mərhələyə saxlanılırdı), "əgər bu gün bizə təklif olunanı götürməsək, zaman gələcək yalvaracağıq. Çünki Azərbaycan güclənəcək".

Bu mövqeyə görə də onu başda R.Köçəryan olmaqla, Qarabağ klanı xain elan edərək hakimiyyətdən devirdi. Sonrası məlum. Ermənistan qat-qat böyük faciəyə tuş gəldi. İndi Köçəryan yenə köhnə havanı çalır. Amma unudur ki, bölgədə şərtlər artıq bambaşqadır, Ermənistanın qatarı gedib. Özü də həmişəlik...

*****

Bu arada məlum olub ki, ABŞ N.Paşinyanın Rusiya ilə Qərb arasında elədiyi "rəqslərə" rəğmən, Ermənistana silah vermək niyyətində deyil. Xatırladaq ki, az öncə Amerika Erməni Milli Komitəsi (ANCA) Amerika siyasi çevrələrində ilk dəfə bunun mümkünlüyü haqda müzakirə getdiyi barədə xəbər yaymışdı. Lakin xəbər doğrulmayıb.

"Biz Ermənistana Rusiyanın əlinə keçəcək silahları verə bilmərik".

Bunu amerikalı ermənipərəst (!) konqresmen Ceki Speyer ANCA-nın təşəbbüsü ilə keçirilən görüş zamanı deyib.

"Konqresmenlərimizin hazırladığı qətnamələr xüsusi xarakter daşıması və Azərbaycana mesaj vermək baxımından vacibdir. Bundan başqa, ABŞ hökumətinin Ermənistana hərbi dəstək verməyə hazır olması da az əhəmiyyət kəsb etmir, amma biz Ermənistana Rusiyanın əlinə keçəcək silahları verə bilmərik. Ona görə də müəyyən mənada əlimiz bağlıdır", - Speyer bildirib.

Speyer Ukraynanı misal çəkərək ümid etdiyini bildirib ki, Ermənistan da bu ölkənin yolu ilə gedəcək və Rusiyaya müqavimət göstərəcək. Yəni işarə edib ki, İrəvan öncə Rusiyanın orbitindən uzaqlaşmaq üçün real addım atmalı, məsələn, KTMT-dən çıxmalı, forpost yox, müstəqil ölkə olduğunu sübut eləməlidir.

Bu da "iki stul"da oturmaq istəyən Paşinyan iqtidarına ABŞ-dan tərs şillə.

Beləcə, İrəvanın son ümidi də basdırılmış sayıla bilər. Nə qədər ki, o, regional və qlobal gerçəklikləri anlamaq istəmir, nə qədər ki, ona verilən mesajları düz oxumur, bir o qədər erməni xalqının iztirabları azalmayacaq. Bunun əvəzinə, Paşinyan və komandası böyük sülhə heç bir dəxli olmayan "iki stul" taktikasına davam edir. Özünün və xalqının "qızıl şansı"nı itirir. İstəyir ki, onun bir əlindən ABŞ, o birindən Rusiya tutsun - bu iki güc hətta bir-biri ilə qanlı-bıçaq olsa belə. Bu isə heç vaxt baş tutan sevda deyil...

Milli.Az


Etiketlər:  İrəvanın sonuncu ümidi basdırılır ABŞ gedişi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ