Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda niyə kirayə mənzil tapılmır?

Bakıda niyə kirayə mənzil tapılmır?

Tarix: 5 Oktyabr 2022 16:52

Son aylar Bakının kirayə mənzil bazarında qıtlıq yaşanır. Nəinki şəhərin mərkəzi hissələrində, ətraf qəsəbələrdə də kirayə ev tapmaq müşkülə çevrilib. Hətta indiyədək çətinliklə müştəri tapan həyət evlərinə də artıq ciddi tələbat yaranıb.

Sonxeber.net xəbər verir ki, "qafqazinfo" paytaxtın kirayə mənzil bazarındakı vəziyyətlə maraqlanıb. Məlum olub ki, hər tədris ilinin başlanması kirayə bazarında çalxalanma yaratsa da, bu il vəziyyət daha kritikdir. Hazırda təklif olunan kirayə mənzillər ötən ilin müvafiq dövrü ilə müqayisədə 50-100 manat bahalaşıb. Bununla belə, daşınmaz əmlak alqı-satqısı və kirayəsi ilə məşğul olan obyektlərin bir çoxunun girişinə "kirayə mənzil yoxdur" elanı yapışdırılıb.

Bahalaşmanı həm də Rusiyadan qayıdan azərbaycanlılar yaradır

Əmlakçıların sözlərinə görə, hazırda paytaxtın Nərimanov, Nəsimi rayonları ərazisində yeni tikilən binalarda birotaqlı mənzillərin aylıq kirayəsi 500-700 AZN-dən başlayır, 3 otaqlı mənzillərin kirayəsi isə 1000-1500 AZN arası dəyişir. Metronun "Xalqlar dostluğu" və "Neftçilər" stansiyalarının yaxınlığında yerləşən birotaqlı mənzillərin qiyməti 400-450 AZN-ə qədər artıb. Yasamal rayonu, metronun "Elmlər Akademiyası" stansiyasının ətrafında birotaqlı mənzilin aylıq kirayə haqqı köhnə binalarda 400, yeni binalarda isə 500-600 AZN-dən başlayır. Həmçinin hazırda təklif olunan real mənzillərin bir çoxu isə birotaqlıdan 2 və ya 3 otaqlıya düzəldilənlərdir.

Rieltorlar hazırda kirayə mənzillərin qəhətə çıxmasını həm də Rusiya-Ukrayna arasındakı müharibə ilə əlaqələndirirlər. Belə ki, Bakıda mənzilini kirayə verənlərin bir qismi Rusiyada yaşayan azərbaycanlılar olduğundan onların əksəriyyəti qonşu ölkədəki səfərbərliklə bağlı vətənə geri dönürlər. Nəticədə sahibləri geri qayıtdığından həmin mənzillər kirayə bazarından çıxır. Həmçinin evi olmayıb qayıdanlar da Bakıda kirayə mənzil tutub yaşamaq məcburiyyətində qalırlar. Bu da kirayə mənzillərin qıtlığına səbəb olur.

Hələ yaxın 5-6 ildə də kirayə mənzillərdə bahalaşma olacaq

Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı hesab edir ki, bu sahədə əsas problemlərdən biri kirayə mənzil bazarı üçün, xüsusilə tələbə kontingenti - ucuz alıcı kütləsi üçün mövcud olan təklif portfelinin həcminin ilbəildən daralmasıdır. Səbəb isə şəhərsalma ilə bağlı olan tədbirlərdir. Şəhərsalma nəticəsində şəhər mərkəzində və mərkəzə yaxın ərazilərdə yerləşən bir və ikimərtəbəli fərdi yaşayış evlərindən ibarət olan massivlərin söküntüsü prosesi ildən-ilə genişlənir. Təklif portfeli daraldıqda isə təbii ki, tələb əvvəlki səviyyəsində və yüksək olaraq qalır. Bu da qiymətlərə təsir göstərir: "Bu il fərq ondan ibarət oldu ki, regionda və dünyada baş verən proseslər nəticəsində Azərbaycanda daşınmaz əmlak bazarı üçün mövsümqabağı psixoloji vəziyyət yarandı. Bu da daşınmaz əmlak bazarında həm mənzillərin satışı, həm də kirayə qiymətlərinə təsir göstərdi. Əvvəllər qiyməti artan təkcə ucuz mənzillər idisə, artıq bu mövsümdə bahalı mənzillərin qiymətində də dəyişiklik müşahidə olunur. Hazırkı dövrdə qiymətlər nisbətən stabilləşir, qiymət artımları nisbi xarakter daşıyır. Amma bir ay öncə biz dinamik qiymət artımları müşahidə edirdik. İlbəil bu tendensiya dərinləşən xarakter alacaq. Ən azı yaxın 5-6  il ərzində dəyişməz olaraq qalacaq".

Ekspert deyir ki, Rusiyadan gələn, Azərbaycan vətəndaşı olmayan, həmçinin Azərbaycanda evi olmayan insanlar da var. Müşahidələr göstərir ki, son vaxtlar belə şəxslərin sayı həddən çox artıb: "Onlar ilkin mərhələdə hotellərdə qalmağa üstünlük veriblər. Amma indi həmin şəxslər də kirayə mənzillərə maraq göstərirlər. Bu da təbii ki, tələbələr üçün təklif olunan 300-400-500 manatlıq mənzilləri yox, daha çox qiymətləri 800 manat və onun üzərində olan, şəhərin mərkəzində yerləşən, tam kommunal infrastrukturu, əla təmiri olan və daha çox yeni tikililərdə yerləşən mənzillərin qiymətlərini artırıb".

Aylığı 5 min AZN olan kirayə evlər var

Qiymət artımına gəlincə, R. Osmanlı əlavə edib ki, yay mövsümündə bazarda 20 faizdən artıq artım olub. Ucuz evlərdə son dövrlərdə stabilləşmə müşahidə olunur. Onlarda ərazidən asılı olaraq 3-5 faizlik qiymət artımı qeydə alınıb. Bahalı evlərdə isə son dövrlər 10 faiz atım görünür: "Əmlak bazarında ən yüksək kirayə qiymətləri mərkəzdə yerləşən mənzillərdədir. Bunlar birinci zonada - mərkəzdə, ictimai və sosial obyektlər baxımından, ictimai nəqliyyatla təmin olunma baxımından daha şəraitli ərazilərdə, o cümlədən, metronun "Sahil" stansiyasının  ətrafı, Dənizkənarı Bulvar ərazisi, "İçərişəhər" stansiyasının ətrafıdır. Nə qədər qəribə görünsə də, bu ərazilərdə bir aylıq kirayə mənzil qiyməti 5 min manata təklif olunanlar var. Suraxanı, Sabunçu rayonlarının bəzi ərazilərində ikiotaqlı mənzillərin qiymətləri 200-250 manatdır. Şəhərdən kənarda yerləşən ən ucuz kirayə qiymətləri Xəzər rayonu, Buzovna qəsəbəsindədir və 200 manatdan başlanır".

Problemi necə həll etmək olar?

Ekspert bildirib ki, bu problemi həll etmək üçün bazar daha çox inkişaf etməlidir. Qiymətləri azaltmaq mümkün deyil, çünki köhnə mənzil bazarı çox sürətlə sıradan çıxmaq üzrədir. Yeni mənzil fondu yaranır, yeni obyektlər ortaya çıxır. Müşahidələr göstərir ki, yeni mənzillərdə qiymətlər köhnələrlə müqayisədə daha yüksəkdir: "Burada söhbət qiymətlərin stabilləşməsindən, bazarda təklifin artımından və bunun müqabilində bazardakı qiymət artımının qarşısının alınmasından gedir. Hesab edirəm ki, bu, daha çox iqtisadi qanunauyğunluqlarla bağlı ola bilər. Burada vacib məqamlardan biri tələbələr üçün xüsusi zonaların - tələbə şəhərciklərinin, yataqxana tipli obyektlərin salınmasından, sahibkarların bu prosesə cəlb olunmasından gedir. Eyni zamanda şəhərdə mənzil tikintisinin həcminin bir qədər də artırılması lazımdır".


Etiketlər:  Bakıda niyə kirayə mənzil tapılmır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ