Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qarabağ Azərbaycandır” tezisi dünyaboyu qalib gəldi, Praqada təsdiqləndi...

“Qarabağ Azərbaycandır” tezisi dünyaboyu qalib gəldi, Praqada təsdiqləndi...

Tarix: 8 Oktyabr 2022 11:09

"Artıq bütün dünya ictimaiyyəti açıq dərk edir ki, Qarabağ Azərbaycandır!". Bu fikirləri Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində səsləndirib.

Dövlət başçısının sözlərinə görə, erməni silahlı birləşmələri bugünə qədər bizim torpağımızdan çıxarılmayıb: "Biz bunu tələb edirik. Düzdür, onların bir qismi çıxarılıb, amma onlar torpağımızda hələ də mövcuddur və ümid edirəm ki, buna da son qoyulacaq. Artıq bütün dünya ictimaiyyəti açıq dərk edir ki, Qarabağ Azərbaycandır! Bunu biz hər dəfə deyirdik, işğal dövründə, müharibə dövründə, müharibədən sonra. Bu gün dünya birliyi bu həqiqəti artıq nəinki dərk edir, həm də bunu tələffüz edir. Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını hər hansı bir ölkə ilə, o cümlədən Ermənistanla müzakirə etmək fikrində deyilik. Bu, bizim daxili işimizdir".

Bütün bunlar o deməkdir ki, Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bütün dünya qəbul edir və bu reallığı Ermənistan dəyişə bilməyəcək.

"Dünya birliyi 44 günlük Vətən müharibəsindən sonra real olaraq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul etdi"

Məsələyə münasibət bildirən siyasi ekspert Elşad Həsənovun fikrincə, həqiqətən də artıq bütün dünya Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qəbul edir: "Çünki illərdir biz bunu deyirik. İşğal dönəmində bütün beynəlxalq tribunalarda Qarabağın Azərbaycana məxsus olduğunu bəyan edirdik. Dünya birliyi 44 günlük Vətən müharibəsindən sonra real olaraq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul etdi. Biz bir məqamı nəzərə almalıyıq ki, 44 günlük müharibə dönəmində Rusiya prezidenti Vladimir Putin Azərbaycanın öz ərazisində hərbi əməliyyatlar apardığını dəfələrlə qeyd edib. Putin açıq bəyan etdi ki, beynəlxalq hüquqa görə Qarabağ Azərbaycan ərazisidir. Müharibə bitəndən sonra Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə tərəflər arasında bir neçə görüş keçirildi. Bütün bu görüşlərdə Qarabağın status məsələsi hansısa müzakirə mövzusu olmadı. Çünki artıq bütün dünya Qarabağın Azərbaycanın olduğunu qəbul edir. Bütün bunlar Prezident İlham Əliyevi siyasi iradəsi, qətiyyəti sayəsində mümkün olub. Onları başa saldı ki, real həqiqət budur. Artıq həm beynəlxalq ictimaiyyət, həm də dünyanın aparıcı dövlət rəhbərləri bunu dilə gətirirlər. Ermənistanın baş naziri Nikol Paşinyan da dəfələrlə qeyd edib ki, dünya Qarabağı Azərbaycandan ayrı təsəvvür etmir. Oktyabrın 6-da keçirilən görüşdən sonra Prezident İlham Əliyevin verdiyi müsahibədən hiss olunur ki, artıq sülhə doğru addımlar atılır. Prezidentimizin irəli sürdüyü 5 prinsip Ermənistan tərəfindən qəbul olunur. Özü də 5 prinsip BMT-nin normalarına söykənir. Bütün bunlar Ermənistanı məcbur edəcək ki, sülh müqaviləsini imzalasın".

Siyasi ekspert onu da qeyd etdi ki, bizim yolumuz haqq yolu olduğu üçün dünya birliyi bunu qəbul edir.

Milli.Az


Etiketlər:  Qarabağ Azərbaycandır tezisi dünyaboyu qalib gəldi Praqada təsdiqləndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ