Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Bunlar iki ölkə arasında münasibətlərdə ciddi dəyişikliklərin baş verməsini göstərir"

Tarix: 12 Oktyabr 2022 19:39

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri biz qırğızlar üçün çoxdan gözlədiyimiz səfərdir. Bu, Azərbaycanın dövlət başçısının son 20 il ərzində Qırğız Respublikasına ilk səfəri idi. Azərbaycana, xüsusilə şəxsən Prezident İlham Əliyevə səmimi, qardaşlıq münasibəti səfərin daha yüksək statusunu nəzərə çarpdırır.

Bu fikirləri Azərbaycan Prezidentinin Qırğızıstana dövlət səfərinin yekunlarını şərh edən Bişkekin Dünya Siyasəti İnstitutunun direktoru Şeradil Baktıqulov AZƏRTAC-a müsahibəsində bildirib.

Politoloq hesab edir ki, Qırğızıstanla Azərbaycan arasında münasibətlərdə təkanverici hadisələr baş verib. Onun sözlərinə görə, görkəmli siyasətçi və dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin şəxsiyyətləri bu məsələdə sözsüz ki, əhəmiyyətli rol oynayır. "Biz yaxşı xatırlayırıq, Azərbaycana o dövrdə rəhbərlik edən Prezident Heydər Əliyev Qırğızıstanda "Manas" eposunun minilliyi təntənələrində iştirakı zamanı deyirdi ki, biz vahid Türk dünyasının nümayəndələriyik və "Manas" dastanı Azərbaycan məktəblərinin və ali təhsil müəssisələrinin tədris proqramında layiqli yer tutur. Biz əlbəttə ki, Prezident İlham Əliyevin dövlət səfəri zamanı həqiqətən hər iki dövlətin siyasi rəhbərlik səviyyəsində, biznes səviyyəsində, sadə vətəndaşlar səviyyəsində dost və səmimi münasibətlərin şahidi olduq", - deyə o vurğulayıb.

Şeradil Baktıqulov daha sonra deyib: "Bu əlaqələr Bişkekdə Azərbaycan və Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın iclasının təşkil olunması ilə öz təsdiqini tapır. Yəni, iki dövlətin liderləri ölkələr arasında əməkdaşlığın başlıca istiqamətlərini müzakirə ediblər. Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun yaradılması haqqında Saziş imzalanıb, iki ümumtəhsil məktəbinin - Heydər Əliyev adına və Nizami Gəncəvi adına məktəblərin, Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışları olub. Yəni bütün bunlar iki ölkə arasında münasibətlərdə həqiqətən ciddi dəyişikliklərin baş verməsini göstərir".

O xatırladıb ki, bu il Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Sazişin imzalanmasının 25 illiyi qeyd olunur. 2023-cü ilin yanvarında ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur. Ekspert deyib: "Sözsüz ki, Qırğız Respublikası nöqteyi-nəzərindən Azərbaycan bu gün iqtisadi artım, innovasiyaların, təhsil sahəsinin inkişafı və s. təminatında bir çox müasir istiqamətlər üzrə qabaqcıl təcrübə və yanaşmalara sahib unikal dövlətdir. Azərbaycanda toplanan bilik və bacarıqlar, o cümlədən 2020-ci Vətən müharibəsində öz ərazilərinin Azərbaycan yurisdiksiyasına qaytarılması istiqamətində Azərbaycanın unikal təcrübəsi Qırğızıstan tərəfinin böyük marağına səbəb olur".

"Buna görə də biz Qırğızıstanda hesab edirik ki, Azərbaycan Prezidenti İlham Əliyevin səfəri çox məzmunlu olub. Biz iki suveren türkdilli dövlətlər arasında münasibətlərin tarixinin yeni səhifəsinə qədəm qoyuruq. Bizim böyük ümidimiz var ki, Qırğızıstan və Azərbaycan arasında yeni münasibətlərin qurulması ölkələrimiz arasında qarşılıqlı ikitərəfli əməkdaşlığın örnəyi olacaq", - deyə Şeradil Baktıqulov fikirlərini yekunlaşdırıb.

Milli.Az


Etiketlər:  Bunlar iki ölkə arasında münasibətlərdə ciddi dəyişikliklərin baş verməsini göstərir


RƏYLƏR