Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Oktyabr 2022 12:30
"Qətiyyən deputat olmaq fikrində və iddiasında deyiləm. Olsaydım, çoxdan deputat olardım da (gülür). Bu haqda həddən artıq danışıldı. Hər seçki öncəsi mənimlə bağlı bu mövzu gündəmə gəlir. Savadlı olmaq mütləq ki, millət vəkili olmalısan, demək deyil. Savadsız olsaq, biz hara kimi gedə bilərik?".
Sonxeber.net xəbər verir ki, bunu bizim.media-ya müsahibəsində Xalq artisti Tünzalə Ağayeva deyib. O, bildirib ki, ictimai aktivliyi olsa da, deputat olmaq fikrində deyil:
"Vətəni hər zaman sevmək lazımdır. Gedib hər hansısa bir postda oturanda Vətəni sevmək böyük yalançılıqdır. Hər zaman ictimai aktivliyim olub. Bəlkə də mən o impulsu göndərmişəm özümdən xəbərsiz. Çünki arqumentsiz danışmıram, analitik beynə sahibəm. Bəlkə də buna görə insanlar deyirlər ki, Tünzalə çox danışır. Yadıma gəlmir ki, hansısa bir mövzu haqda boş danışım. Deputat olmaq istəyimlə bağlı xəbərləri eşidəndə səmimi etiraf edim ki, qıcıqlanıb, əsəbiləşirdim. Hamı məni yaxından tanımır axı. Elə bilirlər ki, doğurdan da deputat olmaq istəyirəm. Siyasi arenada olan insanlar mənə söyləyirdilər ki, "heç zaman heç zaman demə". Onların bu sözləri ilə də razılaşmışam. Bəlkə sabah hansısa missiya üçün mən Tünzalə Ağayeva zərrə qədər qatqım olarsa, nə xoş mənə, gedib o işi görmək qabiliyyətindəyəm. Millət vəkili özü ağır bir missiyadır. Sənə səs verənlərin etimadını doğrultmalısan, bütün problemlərini dinləyib, həll etməlisən. O zaman yaradıcılıq hara gedəcək? O zaman Tünzalə olmayacaq. Elə bir insanam ki, işə canımı qoyacağam. Bir qulpun işindən yapışmağı sevsəm də, mənə deyirlər ki, min dənə iş görürsən. Amma o işlər bilavasitə sahəmə aiddir".